Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə apardığı danışıqlar nəticəsində Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarük etməsinə verilən icazənin 2022 -ci il aprelin 1-nə qədər uzadılmasına qərar verilib.
"Report" xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un yaydığı məlumatda bildirilir.
Bu tarixdən sonra konteyner daşımalarına keçid təmin ediləcək.
AQTA-nın sədri Qoşqar Təhməzli ilə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət, bitki zərərvericiləri və viruslara qarşı təsərrüfatlarda davamlı olaraq aparılan mübarizə tədbirləri, ixrac olunan məhsul partiyalarından götürülən nümunələrin laborator müayinələrə cəlb olunması ilə bağlı müzakirələr aparılıb.