Azərbaycanda taxıl səpini üçün yeni üsul sınaqdan keçirilib

Azərbaycanda taxıl səpini üçün yeni üsul sınaqdan keçirilib Azərbaycanda taxıl səpini üçün ilk dəfə yeni innovativ üsul sınaqdan keçirilib.
ASK
16 Dekabr , 2021 11:00
Azərbaycanda taxıl səpini üçün yeni üsul sınaqdan keçirilib

Azərbaycanda taxıl səpini üçün ilk dəfə yeni innovativ üsul sınaqdan keçirilib.

Bu barədə "Report"un Qarabağ bürosuna Tərtər Zona (Bölgə) Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova məlumat verib.

O bildirib ki, ilk dəfə Stansiyanın təcrübə sahələrində innovativ üsulla gecikmiş taxıl səpini aparılıb.

H.Həşimovanın sözlərinə görə, pambıq sahələrində məhsul tam yığıldıqdan sonra həmin sahələrdə taxıl səpini gecikir və səpilən toxumlar ya çürüyür, ya da məhsuldarlığı aşağı olur: "Yığılmış pampıq sahələrində səpilən taxılın məhsuldarlığı digər sahələrə nisbətən yüksək, toxumun çürüməsi halları isə minimum olur. Bu baxımdan fermerler də yığılmış pambıq sahələrində taxıl səpini işlərinin aparılmasına üstünlük verirlər. Lakin pampıq yığımı tam başa çatana qədər gözləmək taxıl səpini ilə məşğul olan fermerlər üçün əksər vaxtlarda çətinliklər yaradır. Əsas çətinlik isə pampıq yığımının tam başa çatması payızın ilk günlərinə təsadüf etdiyi üçün bir çox hallarda yağan aramsız yağışların toxum səpini üçün əlverişsiz olmasıdır. Bu zaman əkilən toxumların məhsuldarlığı çox aşağı olur və demək olar ki, səpilən toxumların bir hissəsi çürüməyə məruz qalır".

Təcrübə stansiyasının direktoru əlavə edib ki, aramsız yağışlara məruz qalan sahələrdə səpilən toxumların çürüməsi və məhsuldarlığın aşağı olması yeni üsulun sınaqdan keçirilməsini labüd edir: "Bundan başqa taxıl səpini üçün gecikmiş fermerlərin çarpaz ağır diskli maladan istifadəsini vacib hesab edirik. Yığılmış sahələrdə pambıq çöpləri 2-3 dəfə doğranılaraq siterat kimi torpağa verilməlidir. Bu da məhsuldarlığın yüksək olmasına şərait yaradır".

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev "Report"un Qarabağ bürosuna bildirib ki, yeni üsul minimum becərmənin tətbiq olunmasıdır: "Bəs bu gün biz minimum becərmə deyəndə nə başa düşürük? Minimum becərmə sahələrdə şumlama işləri aparılmadan toxum səpinini həyata keçirməkdir. Bu, təcrübə sahələrində sınaqdan keçirilən yeni üsulun birinci hissəsidir. Burada torpağı 8-10 santimetr dərinliyə qədər yumşaltma yolu ilə sahələri şumlamadan toxum becərə bilərik. Əgər biz torpağı şumlamadan səpin işləri apara biliriksə, o zaman pambıq yığımı bitməmiş, yəni məhsul sahədə ola-ola da toxum becərə bilərik. Bəs pambıq yığımı bitməmiş bu necə mümkün olur? Tirəli səpin üsulundan istifadə etməklə pambıq sahələri tam yığılmamış taxıl səpini işlərini aparmaq olar. Bu da yeni üsulun ikinci hissəsidir".

F.Xudayev qeyd edib ki, çox sadə və hər bir fermer üçün vacib olan yeni üsulun tətbiqi məhsuldarlığın yüksək olması ilə yanaşı, fermeri bir sıra əlavə xərclərdən azad edir: "Yeni üsulla səpinin aparılması zamanı fermerlər sahənin becərilməsində ənənəvi şum, mala, arx və səpin işlərinin aparılması, sahələrə gübrə və digər dərmanların verilməsi zamanı çəkilən xərclərdən azad olurlar. Pambıq sahələri kifayət qədər gübrə və dərmanlarla qulluq olunduğu üçün yeni üsulla həyata keçirilən taxıl səpini zamanı həmin sahələrə əlavə gübrə və dərmanların verilməsinə ehtiyac yoxdur".

F.Xudayev onu da əlavə edib ki, bəzi hallarda torpağın tərkibində çatışmazlıqların olması mümkündür və bunu da aradan qaldırmaq elə də böyük xərc tələb etmir: "Pambıq çöplərinin doğranaraq səpilməsi çürüntünün miqdarını artırdığı üçün həmin sahədə gecikmiş səpin işləri aparmazdan əvvəl torpaqdan analiz götürmək lazımdır. Torpaqdan götürülən nümunəyə laboratoriya şəraitində baxmaqla onda olan çatışmazlıqları aşkar etmək mümkündür. Həmin çatışmazlıqlar dərman və gübrələr vasitəsilə aradan qaldırıldıqdan sonra səpinə başlanılması tövsiyə olunur".

Son xəbərlər

Orphus sistemi