Azərbaycanda suvarılan sahələrin 88 %-nin su təminatı yerüstü mənbələr hesabına ödənilir.
"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, yalnız 180 min hektar sahənin suvarılmasında və içməli-məişət məqsədləri üçün yeraltı sulardan istifadə olunur.
F. Tağıyev vurğulayıb ki, ölkənin yerüstü su ehtiyatları su balansına əsasən 36 milyard kubmetr təşkil edir və quraqlıq illərdə həcmi 22 milyard kubmetrə qədər azalır: “Azərbaycanda su ehtiyatları məhduddur. İllik su balansının cəmi 30 % ölkə ərazisində, 70 % hissəsi isə ölkə hüdudlarından kənarda formalaşır. 12 milyard kubmetr illik su istehlakından təxminən 7-8 milyard kubmetr suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard kubmetr digər məqsədlərə (içməli su, istehsalat və s), 3-4 milyard kubmetr isə nəql zamanı itkilərə sərf olunur".