Qida sistemləri hərkəs üçün kifayət edəcək qədər təhlükəsiz qida istehsal etməlidir. Bunu nəzərə alaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), beş ölkədə: Azərbaycan, Qırğızıstan, Moldova Respublikası, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət dəstəyini gücləndirmək üçün üçillik layihəyə başlayıb.
Bu barədə "Report"a FAO-dan bildirilib.
Məlumata görə, regional və milli komponentləri əhatə edən layihə, FAO Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə 16 mart tarixində baş tutan açılış tədbiri ilə öz işinə başlayıb.
Tədbirdə FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Qida və Qida Nəzarəti üzrə Baş direktorunun müavini Yunus Bayram və AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva çıxış ediblər.
M.Çakmak bu layihənin ölkələr üçün təcrübə mübadiləsi və qarşılıqlı imkanlardan faydalanması üçün əla bir fürsət yaradacağını qeyd edib. Zəkiyyə Mustafayeva, layihədən əldə olunacaq nəticələrin Azərbaycanda qida təchizatı ticarətinə, Azərbaycan və AQTA üçün dəstəkləyici və faydalı olacağını bildirib. Yunus Bayram bu layihənin milli qida təhlükəsizliyi təşkilatlarının risk əsaslı yoxlamalar zamanı potensialın artırılmasına töhfə verəcəyini və riskləri effektiv idarəetmə strukturlarının inkişafında mühim rol oynayacağını vurğulayıb.
Layihə texniki biliklərin təmin edilməsi, müvafiq dövlət orqanları və özəl sektor tərəfdaşları arasında əməkdaşlığın təşviq edilməsi və eləcə də layihənin benefisiar ölkələrı arasında regional əməkdaşlığı inkişaf etdirilməsi ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi vasitəsi ilə qida nəzarətinin gücləndirilməsi təşəbbüslərinə dəstək verməyi hədəfləyir.
“Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” adlı layihə FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı (FTPP II) dəstəyi ilə Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilir.
Layihə qida təhlükəsizliyinə nəzarəti, yuxarıda sadalanan ölkələrdəki mövcud risklərə qarşı mübarizəni gücləndirməyi və prioritet olaraq qida təhlükəsizliyinə dair bütün məsələləri həll etmək üçün dövlət və özəl sektor nümayəndələri üçün əlverişli bir mühiti təmin etməyi hədəfləyir. Eyni zamanda, layihəyə daxil olan ölkələrdə daha əhatəli və səmərəli qida təhlükəsizliyi sistemlərinin yaradılmasını dəstəkləyərək, dəlillərə əsaslanan qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsinə üstünlük verəcək və aqro ərzaq ticarətinə və bazarın inteqrasiyasına dəstək göstərəcəkdir. Layihə üç il davam edəcək (1 yanvar 2021 - 31 dekabr 2023).
Layihə çərçivəsində, təsərrüfat sahəsindən süfrələrə qədər effektiv qida nəzarəti sisteminin, qida tədarükü zəncirinin bütün mərhələləri və iştirakçılarını müxtəlif faydalarla təmin edilməsi planlaşdırılır.