Azərbaycan şərablarının Rusiyaya ixracı artıb, Çin istiqaməti bərpa ediləcək

Azərbaycan şərablarının Rusiyaya ixracı artıb, Çin istiqaməti bərpa ediləcək Azərbaycan 2022-ci ildə şərab ixracını 2021-ci illə müqayisədə 50 % artıraraq 6,4 milyon ABŞ dollarına çatdırıb.
ASK
19 Yanvar , 2023 15:22
Azərbaycan şərablarının Rusiyaya ixracı artıb, Çin istiqaməti bərpa ediləcək

Azərbaycan 2022-ci ildə şərab ixracını 2021-ci illə müqayisədə 50 % artıraraq 6,4 milyon ABŞ dollarına çatdırıb.

Bunu “Report”a Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan şərabının ixracı baxımından çox uğurlu olub: “İl ağır başlasa da, ilin sonuna bu bazarda müsbət dinamika müşahidə olunub. İrxacın coğrafyasında böyük dəyişiklik baş verməyib və yenə də əsas ixrac bazarımız Rusiya olub. Beləliklə ixracımızın 75 %-i Rusiya bazarının payına düşür".

Rusiya bazarına ixracı artırmaq üçün şərait yaranıb

E.Mədətov bildirib ki, Avropa və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bizim məhsullarımızın ixracını artırmaq üçün şərait yaratdı. Bizim məhsullar Rusiyaya 2021-ci illə müqayisədə daha baha qiymətə satılır”.

Onun sözlərinə görə, xarici bazarda şərabın qiyməti artıb: “Amma bu artım tələblə bağlı deyildi, məhsulun maya dəyərinin artması ilə bağlıdır. 2022-ci ilin mart, aprel, may aylarında nəqliyyat və logistika xidmətləri kəskin bahalaşmışdı. Məsələn, hər hansı bir istiqamətdə iki dəfə artım olub Moldova, Belarus istiqamətində nəqliyyat xərcləri 2 dəfədən də çox artmışdı. Lakin iqtisadi fəaliyyət aktivləşəndən sonra nəqliyyat xərcləri azaldı, amma hazırda daşınma xərcləri 2021-ci illə müqayisədə 30 % çoxdur.

Assosiasiyanın rəhbəri bildirib ki, ötən ilin əvvəlində Rusiyada milli valyuta kəskin ucuzlaşdı: “Lakin maydan etibarən rublun ABŞ dollarına qarşı bahalaşması müşahidə olunub. Biz Rusiyadan şərabın istehsalı üçün lazım olan ləvazimatları dollarla alırıq, bu isə məhsulumuzu bahalaşdırır, çünki çap məhsulları, şüşələr və digər komponentlər 30-35 % bahalaşıb”.

Avropa ölkələrinə şərab ixrac edilir

Onun sözlərinə görə, Azərbaycan şərablarının Belarusa, Ukraynaya da ixracı həyata keçirilib: “Müharibəyə görə Ukraynaya ixrac dayanmışdı, amma ilin ikinci yarısında bərpa olub. Az miqdarda olsa da Polşa, Mərkəzi Avropa ölkələrinə də şərab ixracı həyata keçirilir”.

Çin bazarı yenidən bərpa ediləcək

E.Mədətov vurğulayıb ki, pandemiyadan əvvəl Çinə şərab ixracında yüksək göstərici müşahidə edilib: “Çox təəssüf ki, pandemiyadan sonra Çin istiqamətində şərab ixracında əvvəlki həcmləri bərpa edə bilməmişik. Bildiyiniz kimi, son dövrlərə qədər Çində karantin tədbirləri müşahidə olunur. İxrac həcmlərini karantinə görə bərpa edə bilməmişik. Çin hələ pandemiya dövründən qabaq viza siyasətini kəskinləşdirmişdi. Ona görə də həmin istiqamətdə bizim ticarətimiz çətinləşib. Digər tərəfdən artıq əlaqələr də azalıb”.

O qeyd edib ki, pandemiyadan əvvəl “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində müxtəlif ölkələrdə tədbirlər keçirilib: “İxrac missiyaları təşkil edilib, ticarət evləri açılıb. Çində digər ölkələrdən fərqli olaraq 2 şərab evi açılıb. Çində keçirilən bütün sərgilərdə iştirak etmişik. Çox təəssüf ki, pandemiya bizim bu ixrac bazarımıza təsir göstərib. Bu tədbirləri bərpa etmək bizim əsas planlarımıza daxildi. Çünki Çin dünyanın ən böyük bazarıdır və Azərbaycan məhsullarına maraq var. Həmin bazarı yenidən bərpa edəcəyik və bu istiqamətdə səylərimizi artıracağıq”.

2022-ci ildə ölkədə satış artıb

Assosiasiyanın rəhbəri ölkə bazarında şərab satışına da toxunub: “Şərab istehlakında pandemiyadan əvvəl hər il təqribən 15 %-ə yaxın artım olurdu. Azərbaycanda şərab içmək populyarlaşır. Daxili bazarda şərab istehlakını artıran amillərdən biri də turistlər idi. Pandemiya dövründə isə turist axını kəskin azaldı. Satışa təsir edən digər amil isə ictimai iaşə obyektlərinin bağlanması oldu. Lakin 2022-ci ildə ölkədə satışlarımız çox yaxşı olub, bütün restoranların çalışması satışımızı artırıb".

Son xəbərlər

Orphus sistemi