Azərbaycan şərablarının ixrac coğrafiyasını genişləndirmək istəyir
- 19 oktyabr, 2021
- 07:39
Azərbaycan şərab məhsullarını yeni bazarlara, əsasən də Şərq, Baltikyanı ölkələrin və Avropa bazarlarına çıxartmaq istəyir.
Bu barədə “Report”a Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov bildirib.
Onun sözlərinə görə, şərab məhsullarının ixracında ilkin yerləri ənənəvi bazarlar tutur: “Əsas Rusiya, Belarus, Ukrayna və Orta Asiya respublikalarına ixrac edirik. Bu ölkələr bizdə ixracda ilk yerləri tuturlar, pandemiyaya görə Çin bazarında son 2 il ərzində çox gerilədik. Əsas məqsədimiz ənənəvi bazarlarda mövqelərimizi möhkəmləndirməkdir. Məhsullarımız Rusiya, Ukrayna, Belarus bazarlarda tanınır və tələbat var. Digər maraqlı bazarlardan təbii ki, Orta Asiya ölkələrinin bazarıdır. Hazırda Azərbaycan şərabları Qazaxıstan və Qırğızıstana ixrac edilir. Həmin ölkələrdə yerimizi möhkəmləndirmək istəyirik. Uzun illər bizim məhsullar bu bazarlarda yer alıb, bizi şərab istehsalçısı olan ölkə kimi tanıyırlar. Lakin bizim üçün yeni bazarlar isə Şərq ölkələridir. Əfsus ki, coğrafi olaraq bizə uzaq bazardır, nəqliyyat-logistika marşrutları məhduddur, gediş-gəliş azalıb, bu bazarları təşviq edə bilmirik. Digər tərəfdən bizim üçün maraqlı olan bazarlardan biri Baltikyanı ölkələr və Avropa bazarlarıdır. Həmin ölkələrə ixrac edirik. Avropa İttifaqına üzv olan ölkələrdən Polşaya ixrac var. Qeyd edim ki, bu yaxınlarda İsrailə ixrac başlayıb. Ümid edirik ki, həmin ölkələrə ixrac çoxalacaq”.
E. Mədətov bildirib ki, ötən il Azərbaycandan 257 min dekalitr üzüm şərabları ixrac edilib: “İxrac edilmiş məhsulun dəyəri təqribən 4 milyon 35 min ABŞ dolları təşkil edib, çox təəssüf ki, ixrac 2019-cu ilin göstəricilərinə nisbətən 43 % azalıb. Bu onu göstərir ki, pandemiya birbaşa bizim ixracımıza və istehsala təsir edib. Lakin şərab ixracında 2021-ci ilin ilk 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 % artım qeydə alınıb. Pandemiya konyak spirti və brendi tipli məhsulların ixracına da təsir göstərib. Yəni, 2020-ci ildə bu məhsulların ixracı 2019-cu illə müqayisədə 60 % azalıb. 2021-ci ilin 6 ayında konyak spirtinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % azalıb”.
O, ölkədə şərab zavodlarının vəziyyətinə toxunub: “Pandemiya bizə çox zərər yetirib. Şərabçılıq ictimai iaşə şənlikləri ilə, kütləvi tədbirlərlə, turizmlə bağlı sahədir. Pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin tədbirləri ilə bağlı ölkədə toy şənlikləri uzun müddət dayanmışdı, toyların keçirilməsinə bir müddət bundan əvvəl icazə verilib. Ölkəyə turizm axını yox idi, iyun-iyul aylarından bu sahədə canlanma olub. Bununla yanaşı, ictimai iaşə obyektləri müəyyən məhdudiyyətlərlə işləyib. Bu isə daxili bazarda şərabın satışına mənfi təsir göstərib. Həmçinin, pandemiyaya görə bütün dünyada tətbiq edilən sərt karantin tədbirləri ixracımıza təsir edib. Rusiya, Ukrayna, Belarusa şərab ixracı azalıb”.
E.Mədətov sahədə mövcud olan problemlərə diqqət çəkib: “Şərab zavodlarının qarşısında duran digər problemlərdən biri mövsümdə üzüm yığımının həyata keçirilməsi məsələsidir, bir həftə bundan öncə Azərbaycanda üzüm yığımı yekunlaşdı. Şərab, konyak spirti istehsal edən əksər müəssisələrdə şərab saxlama yerləri dolu idi və onlar hələ ki, çənləri boşalda bilməyiblər. Bu, üzümçülük sahəsində fəaliyyət göstərən fermerlərə və bu sahə ilə məşğul olan insanlarda böyük problemlər və stresslər yaşatdı”.
Onu sözlərinə görə, Azərbaycanda yeni, böyük şərab müəssisələri son 2 ildir ki, açılmayıb, bölgələrdə isə kiçik müəssisələr, fərdi şərabçılar yaranmağa başlayıb: "Ümumiyyətlə, bu tendensiya pandemiyadan da əvvəl var idi, dövlət siyasəti də ona yönəldilmişdi ki, kiçik və orta biznes inkişaf etsin”.