Azərbaycan daha bir ölkəyə arpa satmağa başlayıb
- 31 may, 2022
- 11:56
2022-ci ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83,3 %, kəmiyyət olaraq – 92,2 % azdır.
Azərbaycana ancaq Rusiyadan tədarük olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə bu ölkədən idxal müvafiq olaraq 83,1 % və 92 % azalıb.
Hesabat dövründə Azərbaycan 3,632 milyon ABŞ dolları dəyərində 17 min 428 ton arpa ixrac edib. Bir il əvvəl xaricə tədarük olmayıb.
İraqa 3,51 milyon ABŞ dolları dəyərində 16 min 784 ton, İrana 108,1 min ABŞ dolları dəyərində 568,8 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 18,75 min ABŞ dolları dəyərində 75 ton məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə arpa tədarük olunub.