Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Better Cotton Initiative”ə (BCI) ölkə üzvlüyünün əldə edilməsi ilə bağlı təqdimat keçirilib.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, təqdimat qurumun dəstəyi və "Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Təqdimatda iştirakçılara “Better Cotton Intitative”in mahiyyəti, fəaliyyət istiqamətləri, pambıq istehsalı ilə məşğul olan biznes subyektləri, elmi-tədqiqat institutları üçün faydaları barədə məlumat verilib.
BCI 2005-ci ildə təsis edilmiş və dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır. Bu təşəbbüsün məqsədi daha davamlı pambıq əkini üçün qlobal əsaslı standart yaratmaqdır. Bu missiyaya nail olmaq üçün BCI-nin lisenziyalı yetişdiriciləri (yəni beş qitədə 2 ölkədən 3,23 milyon nəfər) ətraf mühit, sosial və iqtisadi cəhətdən daha davamlı istehsal üsullarını tətbiq etmək üçün təlim keçirlər. Təlimin məqsədi sudan daha səmərəli istifadə etmək, kimyəvi maddələrdən istifadəni, pestisidlərin ətraf mühitə mənfi təsirini minimuma endirmək, pambıq əkini ilə məşğul olan fermerlərin həyat şəraitini və iqtisadi inkişafını yaxşılaşdırmaqdır.
Tədbir iştirakçılarına bildirilib ki, BCI-nin pambıq becərilməsi ənənəvi pambığa qarışdırılmadan ayrılıqda aparılır. Yığım, emal proseslərindən keçən "Better Cotton" adlandırılan pambıq mahlıcı kipləri BCI üzvləri tərəfindən əldə edilir və bazara daxil edilir. Bu kiplər istehsal və təchizat zənciri boyu kütlə (çəki) balansını hesablayan sistem vasitəsilə izlənə bilər. “Better Cotton Initiative” bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirir.