Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində 14 fermer qadına dəstək göstərilib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən 9 fermer qadının hər birinə təsərrüfatlarının ehtiyacları üzrə 100 toyuq və 3 aylıq yem ehtiyatı verilib, ehtiyac duyulan invertarla təmin edilib.
Bundan əlavə, 5 fermer qadının hər birinə 1200 olmaqla, ümumilikdə 6000 ağac və dekorativ güllərin tingləri verilib. Ağacları yetişdirməkdə əsas məqsəd yeni salınan qəsəbələrin abadlaşdırılması və yaşıllaşdırılmasında istifadə etməkdir.
AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək 330 təsərrüfatın qiymətləndirilməsi aparılıb, tələblərə cavab verən 473 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 233 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.