Türkiyənin korporativ xarici borcu dolların məzənnəsini artırır

Türkiyənin korporativ xarici borcu dolların məzənnəsini artırır Proqnoz: Dolların bahalaşması prosesi davam edəcək
Analitika
6 Dekabr , 2016 11:31
Türkiyənin korporativ xarici borcu dolların məzənnəsini artırır

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyənin valyuta bazarında son iki ayda müşahidə olunan böhranın hələ bir müddət davam edəcəyi gözlənilir. "Report" xəbər verir ki, son 2 ayda Türkiyədə dolların məzənnəsi 20% yüksələrək 3,60 TRY/USD səviyyəsinə çatdıqdan sonra son bir neçə gündə bir qədər səngiyərək 3,52-3,54 TRY/USD-də qərarlaşıb. Dolların məzənnəsinin sərt şəkildə artmasına səbəb kimi Türkiyənin korporativ sektorunun xarici borcunun yüksək olması amili göstərilir. Belə ki, 2016-cı ilin sentyabr ayının əvvəlinə Türkiyənin özəl sektorunun xarici borcu keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 210,5 mlrd. dollara çatıb. Bu da cari məzənnə ilə ölkə iqtisadiyyatının 30%-nə bərabərdir. Şirkətlər dolların məzənnəsinin artması fonunda fürsət düşdükcə xarici valyuta, əsasən də dollar alaraq xarici borclarını bağlamağa çalışır. Dolların məzənnəsini yüksəldən şirkətlərlə yanaşı əhalinin yığımlarını xarici valyutaya çevirməsi tendensiyası isə məzənnənin artmasını daha da sürətləndirib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının (TCMB) açıqladığı statistikaya görə, son bir həftədə valyuta ehtiyatları 2,2% azalaraq 99,035 mlrd. dollara düşüb. Bu da korporativ sektorun xarici borcundan 2 dəfə çoxdur.

Xatırladaq ki, inkişaf etməkdə olan ölkələr, xüsusən də son zamanlar kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən azaldılan Türkiyə artıq daha çətin şərtlərlə və yüksək faizlə borc götürmək və köhnə borcunu ödəmək məcburiyyətindədir. Bundan əlavə, Türkiyədə olan "isti pullar", yəni maliyyə bazarlarında olan vəsait də ölkəni tərk etməyə davam edir. Belə ki, son bir ayda Türkiyənin maliyyə bazarlarından 2,7 mlrd. dollara yaxın xarici kapital ölkəni tərk edib. Bu vəsait istər istiqraz bazarından, istər fond birjalarından, istərsə də özəl korporativ istiqrazlardan çıxmağa davam edir. Bu amillərə həmçinin Türkiyənin büdcə kəsiri və tədiyyə balansının kəsiri əlavə olunduqda dolların artmaması üçün heç bir səbəb qalmır.

"Report"un analitik qrupu dolların növbəti dəfə artaraq 3.70 TRY/USD-yə yaxınlaşacağını və bu zaman TCMB-nin faizləri artırmağa məcbur qalacağını ehtimal edir. Lakin, uzun müddətdə bu, həll yolu olmayacaq və dolların bahalaşması davam edəcək. Ümumiyyətlə, Türkiyədə dolların məzənnəsi ortalama olaraq illik 15% artır. Qısa müddətdə isə məzənnənin 3,45 TRY/USD-yə enməsi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi