Şuşa yaxınlığında rusiyalı sülhməramlıların postuna qumbara atan Norayr Mirzoyan adlı şəxs erməni terrorçuluğunun sadəcə olaraq növbəti mənfur fərdidir.
Əlbəttə, on illərdir, qərinələrdir saysız-hesabsız insanların, daha çox da dinc əhalinin qanını axıdan erməni terrorçuluğu ilə bağlı burada yeni və təəccüblü bir şey yoxdur. Təəccüblü olan Rusiyanın sülhməramlı hərbçilərinin terrorçu Norayr Mirzoyanı öz silah və əqidədaşlarına, yəni Ermənistan tərəfinə təhvil vermələridir. Sözsüz ki, sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən onun artıq Ermənistanın “milli qəhrəmanı” olaraq göylərə qaldırılmasından Rusiya sülhməramlılarının bixəbər olmasını fərz etmək yersiz olardı. Bəlkə həmin sülhməramlılar Rusiya qoşunlarını və səfirliklərini qumbara yağışına tutmaqla hədələyən Vahagn Avagyan adlı başqa bir erməni terrorçusunun yekaxanalığından qorxuya düşüblər? Bu da ağlabatan deyil. Yaxud da rusiyalı sülhməramlıların elə özləri belə terror hücumlarına gizlində şərait yaratmış olmasınlar? Hərçənd həmin terrorçunun avtomobili lazımi qaydada sülhməramlıların postunda yoxlanılsaydı, heç bu hadisə baş verməzdi. Amma görünür, Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlıları birbaşa vəzifə borcunu yerinə yetirməkdənsə, hamilə erməni qadınları üçün mamaçalıq etmək, su daşımaq, heykəl quraşdırmaq kimi mətləbə dəxli olmayan işlərlə baş qatmağa üstünlük verirlər.
Cinayət hüququnun təməl müddəalarına görə, Norayr Mirzoyan Azərbaycan tərəfinə təhvil verilməlidir. Çünki həmin şəxs cinayət əməlini Azərbaycan ərazisində törədib, nəticədə ziyan çəkən də yalnız Azərbaycan vətəndaşlarıdır. Onda bəs niyə bu hadisənin təhqiqatını Ermənistan aparmalıdır? Hə, terrorçu Ermənistan vətəndaşıdır. İki ölkə arasında normal qonşuluq münasibətləri bərqərar olsaydı, təhqiqat hərəkətlərinə Ermənistan hüquq-mühafizəçiləri də cəlb oluna bilərdi. Lakin bildiyimiz kimi, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, qonşu ölkə ilə sülh sazişi imzalamaqdan boyun qaçırır. Amma hər halda Norayr Mirzoyan Azərbaycan məhkəməsi qarşısına çıxarılmalı, cəzasını almalı və cəza müddətini əvvəldən axıradək Azərbaycan həbsxanasında çəkməlidir. Hərçənd orada darıxacağını güman etmək çətindir, indi Azərbaycanın Qarabağ bölgəsində terror və təxribat əməllərinə görə müvafiq qanuni cəzalara məhkum edilmiş onlarla Ermənistan vətəndaşı ilə kamera yoldaşı ola bilərdi.
Bunlar olmalıdır. Amma qanun və hüquq işləmədiyi üçün yeganə çarə Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Azərbaycanın antiterror əməliyyatı keçirməsidir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdakı “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir” məzmunlu dördüncü bəndini həmin sülhməramlılar madam yerinə yetirmək iqtidarında deyillərsə, onların əvəzinə bu işi Azərbaycan əsgəri görə bilər. Belə ki, Azərbaycan ordusu BMT qətnamələri və başqa beynəlxalq hüquqi sənədləri icra etmək bacarığını artıq bütün dünyaya göstərib. 44 günlük Vətən müharibəsi zamanı terrorçu və separatçılarla necə davranmaq lazım gəldiyini hər kəs əyani şəkildə gördü.
Unudanlar varsa, bir də göstərə bilərik.