Atmosferə buraxılan zərərli tullantıların azaldılması, planetdə qlobal istiləşmənin qarşısının alınması, güman ki, son illərdə xəbər lentlərində ən aktual başlıqlardır. Alimlər həyəcan təbili çalır: Yerdə havanın orta istiliyinin hətta 1,5 dərəcə artması insan sağlamlığı üçün risklər daşımaqla yanaşı, qlobal ərzaq təhlükəsizliyinə, su təchizatına və ümumilikdə iqtisadi artıma da ciddi təsir göstərir.
2015-ci ildə ölkələrin qarşısına iqlim dəyişikliyinə səbəb olan mənfi ekoloji təsirləri azaltmaq hədəflərini qoyan məşhur Paris Sazişi imzalanıb. Azərbaycan, məlum olduğu kimi, bu Sazişə 2016-cı ildə qoşulub və bununla da istixana qazı tullantılarını azaltmaq niyyətində olduğunu bəyan edib. Bu baxımdan SOCAR ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə üzrə qabaqcıl tədbirlərin tətbiqi ilə bağlı öhdəliklər götürərək xüsusilə fəal olub. Özü də şirkət bu istiqamətdə nəinki ölkəmizdə, həmçinin biznes apardığı digər ölkələrdə də layihələr həyata keçirir.
Karbon dioksiddən... kimyəvi maddələr almaq
Bugünlərdə “SOCAR Türkiyə” şirkəti tədqiqat və inkişaf mərkəzi olan “Ar-Ge”nin NEFERTITI layihəsi üçün Avropa Komissiyasının "ÜFÜQ 2020" Qrant Proqramı çərçivəsində maliyyələşdiyini açıqlayıb. Layihə günəş enerjisi texnologiyalarından istifadə edərək karbon dioksiddən (CO2) etanol/izopropanol istehsalını nəzərdə tutur. İdeyanın ekoloji məqsədi və əhəmiyyəti göz önündədir – karbon dioksidin və suyun kimyəvi maddələrə çevrilməsi imkanını “relsə salmaq” mümkün olarsa, təkcə atmosferə atılan zərərli tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaltmaq yox, həm də bundan xeyir götürmək olacaq. Eyni zamanda, şirkət bu proqram çərçivəsində maliyyə dəstəyi almış dünyanın aparıcı iqtisadiyyatlarının ən böyük şirkətləri ilə birgə konsorsiumun 10 üzvündən biri olmağı bacarıb. Layihənin büdcəsi 389 min avrodur və qrant onun xərclərini tam ödəyəcək. “Karbon dioksid və suyun kimyəvi maddələrə çevrilə biləcəyi layihəylə yenilənə bilən enerji mənbələrindən istifadənin artırılması mövzusunda təcrübələrimizin artmasını qarşımıza məqsəd olaraq qoymuşuq”, - “SOCAR Türkiye Ar-Ge ve İnovasyon A.Ş.”nin direktoru Bilal Quliyev deyib.
Demək lazımdır ki, bu gün əksər ekspertlər CO2 emalının gələcəyin əsas sənayesi olacağına israr edirlər. Dünyada CO2-dən istifadənin və təkrar emalın effektiv yollarını tapmaq üçün xeyli sayda araşdırma aparılır; yekunda əsaslı istehsala çevrilən kifayət qədər uğurlu startaplar var.
İki il əvvəl isə Oksford və Los Anceles Kaliforniya Universitetləri də daxil olmaqla, yeddi elmi müəssisənin alimləri əsas istixana qazı olan maye CO2-dən istifadə üzrə on variant təqdim ediblər. Onu yanacağa, kimyəvi maddəyə, plastik və ya tikinti materialına çevirmək olar. Onların hesablamalarına görə, mümkün variantlardan hər biri atmosferə daxil olacaq təxminən 0,5 giqaton (1 giqaton = 1 milyard metrik ton) CO2 “yaxalaya” bilər. Ən nikbin ssenaridə hər il təxminən 10 giqaton CO2 “yaxalana” və emal edilə bilər. Bunun üçün prosesin dəyəri hər tona görə 100 ABŞ dolları səviyyəsində olmalıdır.
Bunun qlobal istiləşmə ilə mübarizə nöqteyi-nəzərindən nə qədər vacib olduğundan danışmağa ehtiyac yoxdur. Sadəcə statistikanı təqdim etsək, yetərlidir: sənaye inqilabının başlanğıcından bəri atmosferə təxminən 2 000 giqaton karbon qazı emissiya edilib.
Bu səbəbdən “SOCAR Türkiyə Ar-Ge” tərəfindən təklif olunan layihənin Avropanın elmi cəmiyyətinin diqqətini cəlb etməsi və qrant dəstəyi alması təəccüblü deyil. Layihə üzrə araşdırmalar çərçivəsində əldə edilən nəticələr, şübhəsiz ki, problemin qlobal mahiyyəti nəzərə alınmaqla, yalnız regionda yox, həm də dünya miqyasında əhəmiyyətli olacaq.
Tullantısız plastik
Qeyd etmək lazımdır ki, “SOCAR Türkiyə Ar-Ge” Mərkəzi 2019-cu ildə məhz ekoloji cəhətdən təmiz məhsullar istehsalı və rəqəmsal texnologiyaların inkişafı məqsədi ilə yaradılıb. Mərkəzdə reologiya, katalizatorlar, polimer xarakteristikası, ətraf mühit və biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya sahələrində xidmət göstərən 6 laboratoriya var. Laboratoriyalarda yüksək ixtisaslı mütəxəssislər və alimlər tədqiqat aparırlar. Mərkəzdə həmçinin polimer hazırlama, polimerizasiya və katalizator sınaq sistemlərinə imkan verəcək 400 kvadratmetrlik pilot istehsal müəssisəsi ilə ofislər də mövcuddur. Qeyd olunan layihə şirkətin bu istiqamətdəki ilk uğuru deyil: Yaxın Şərq Texniki Universiteti (Orta Doğu Teknik Üniversitesi, ODTÜ) ilə plastik tullantıların ikincil kimyəvi emalı ilə bağlı ortaq layihəni xatırlamaq kifayətdir.
Layihə çərçivəsində “SOCAR Ar-Ge” və ODTÜ tullantıların əsas hissələrə çevirməklə plastik xammalın təkrar emalı və davamlı istehsalı istiqamətində araşdırmalar aparırlar. Bu, bəşəriyyət üçün başqa bir qlobal ekoloji problemin həllində yardım olur - yəqin ki, çoxlarınız dəniz və okeanların bəzən 700 (!) ilədək müddətdə parçalanma prosesi getməyən plastik tullantılarla zibillənməsinə dair müxtəlif süjetlər izləmisiniz.
Bu, Türkiyə üçün nə dərəcədə aktualdır? Yalnız bir faktı göstərmək kifayətdir: Dünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatına görə, 2019-cu ildə Aralıq dənizinə atılan bütün plastik tullantıların beşdə birinə görə Türkiyə məsuliyyət daşıyır. ABŞ, Almaniya, Britaniya və Yaponiyanın Çinin tətbiq etdiyi qadağadan sonra plastik tullantı ixracını Türkiyə istiqamətində dəyişməsi ilə qardaş ölkə bu sahədə dünyanın ən böyük idxalçısına çevrilib. Bununla belə, ölkənin təkrar emalla bağlı göstəriciləri zəif olaraq qalır. Hətta Türkiyənin birinci xanımı Əminə Ərdoğanın 2017-ci ildə başlatdığı sıfır tullantı siyasəti də ciddi nəticə əldə edilməsinə gətirib çıxarmayıb.
İnnovativ həllər
Yeri gəlmişkən, məhz bu təşəbbüs çərçivəsində Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi bütün tələbləri yerinə yetirən şirkət və strukturlara 5 il müddətində “sıfır tullantı sertifikatı” verir. Bu sertifikatı aldıqdan sonra növbəti 12 ay ərzində gümüş, qızıl və platin sıfır tullantı sertifikatı üçün müraciət etmək mümkündür.
Əlamətdar haldır ki, may ayının əvvəlində “SOCAR Türkiyə”nin birdən-birə üç törəmə müəssisəsi – “Petkim”, STAR neft emalı zavodu (NEZ) və “SOCAR Türkiye Akaryakıt Depolama A.Ş.” həmin bu beşillik sertifikatı alıb. “SOCAR Turkiyə”nin emal və neft-kimya bölməsinin rəhbəri Anar Məmmədovun sözlərinə görə, bu sertifikatı əldə etmək üçün şirkətin bütün istehsal sahələrində tullantıların idarəolunması sistemləri və tullantı toplayan maşınlar yenilənib: “Tullantıların müvəqqəti saxlandığı sahələri yaxşılaşdırdıq. İl ərzində bütün əməkdaşlarımız üçün təlimlər və maarifləndirmə tədbirləri həyata keçirdik. Görülən işlər nəticəsində “SOCAR Türkiyə”nin emal və neft-kimya bölməsi tərkibində fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal həcmini 32%-ə qədər artırdıq”.
Bundan əlavə, “SOCAR Türkiyə”nin emal və neft-kimya bölməsinə daxil olan istehsal müəssisələri gələn il gümüş, qızıl və ya platin sıfır tullantı sertifikatı üçün müraciət etməyi planlaşdırır.
“Ar-Ge” Mərkəzinə gəlincə, təbii ki, “SOCAR Türkiyə” yatırılan investisiyaları artıraraq onun fəaliyyətini genişləndirmək niyyətindədir. Axı Mərkəzin layihələri və gördüyü işlər bu gün təkcə ekoloji həll üçün “dəbə hörmət” deyil, həm də bütün planet üçün həyati zərurətdir. Çünki yekun olaraq şirkətin davamlı inkişafı, nə dərəcədə uğurlu olması və biznesinin uzunömürlülüyü məhz bu innovativ həllərdən asılıdır. Zərəri xeyirə çevirməyin vaxtı çatıb.
Qulu Nuriyev - ekspert