Rusiya-Ukrayna müharibəsi - müttəfiqlərini qoruya bilməyən Qərb

Rusiya-Ukrayna müharibəsi - müttəfiqlərini qoruya bilməyən Qərb Rusiyanın Ukraynada yeni hərbi əməliyyatlara başlamasının 10-cu günüdür.
Analitika
5 Mart , 2022 15:20
Rusiya-Ukrayna müharibəsi - müttəfiqlərini qoruya bilməyən Qərb

Rusiyanın Ukraynada yeni hərbi əməliyyatlara başlamasının 10-cu günüdür. Ötən müddət ərzində hər iki tərəf canlı qüvvə və hərbi texnika itirib. Rusiyanın hücumu zamanı Ukraynanın 2 mindən çox dinc sakini ölüb. BMT-nin martın 2-nə olan məlumatına əsasən, Ukraynanın 1,2 milyondan çox vətəndaşı ölkəni tərk edib. Ukrayna və Rusiya rəsmilərinin bu müddət ərzində iki görüşü olub. Necə adlanmasından asılı olmayaraq, bu, Rusiya ilə Ukrayna arasında müharibədir.

Müharibədə Rusiyanın ədalətsiz olduğu da heç kimə sirr deyil. Kreml Ukraynanın Luqansk və Donetsk vilayətlərində yaradılan qondarma qurumları tanıyaraq onlarla təhlükəsizliyə və yardıma dair müqavilə imzalayıb. Deməli, həmin müqavilənin məntiqinə əsasən, bu savaş adıçəkilən vilayətlər istiqamətində getməli idi. Ancaq döyüş Donbasdan çox uzaqda mülki obyektlərin və yaşayış yerlərinin bombalanması ilə davam edir. Başqa sözlə, Rusiya separatçı vilayətlərin hüdudlarını aşaraq müharibəni Ukrayna daxilində davam etdirir. Bu isə məsələnin əvvəlki mahiyyətinin dəyişdiyini deməyə əsas verir.

Rusiyanın apardığı bu müharibə həm də Qərb bloku üçün bir sınaqdır. Günü-gündən “Qərbə güvənmək olar?” sualı aktuallığını daha da artırır. Onlar müttəfiqlərini qoruya bilirmi? Ukrayna Qərbə inteqrasiyaya üstünlük verən dövlətdir. Bu ölkədə son 8 ildə baş verənlər də bu istəklə bağlıdır. Həmin müddət ərzində Rusiya Krımı ilhaq elədi, Donbasda separatçılığı təşkil etdi. Fevralın 24-dən isə Rusiya apardığı müharibə nəticəsində Ukraynanın müəyyən hissəsini ələ keçirib. Ukrayna dövlətinin indiyədək atdığı addımlar qarşlığında Qərb bloku Rusiyanın hərbi əməliyyatları qarşılığında adekvat cavab verə bilib? Ötən gün Zaporojye Atom Elektrik Stansiyasını Rusiya hərbçilərinin ələ keçirməsi fonunda nəticə qaneedici deyil. Başqa sözlə, Qərb bütövlükdə Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Kremli tənqid edən bəyanatlar verməklə kifayətlənir.

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba NATO-dan Ukrayna səmasının bağlanması ilə əlaqədar müraciət etmişdi. Ukrayna lideri bunun vacibliyini vurğulamışdı. D Kuleba isə bunları vurğulamışdı: “Biz Rusiyanın hərbi yürüşünə qarşı mübarizəni davam etdiririk. Ancaq bizə Rusiyanın havadan hücumlarının qarşısını almaq üçün yardım lazımdır. Əgər siz bunu etməsəniz, Rusiya təyyarələrinin raket atəşindən ölən və əziyyət çəkən Ukrayna vətəndaşlarının həyatlarına görə məsuliyyət daşıyacaqsınız”. Martın 4-də NATO Ukrayna səmasının bağlanmamasına dair qərar qəbul edib. Volodimir Zelenski qərara belə münasibət bildirib: “Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu? Siz səmanı bağlaya bilərdiniz. Amma... Bilmirəm, siz kimi qoruya bilirsiniz və öz ölkələrinizi - Alyans ölkələrini qoruya bilirsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz. NATO yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilərək Ukrayna səmasını bağlamamaq barədə şüurlu olaraq qərar verdi. İnsanları, insanlığı düşünməli idiniz...Bu gündən bütün insanlar sizin zəifliyiniz, parçalanmışlığınız ucbatından öləcəklər”. Onun sözlərinə görə, bu gün Alyansın bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir. Öz ərazi bütövlüyü, suverenliyi, Qərbin, o cümlədən Avropa İttifaqının dəyərləri və təhlükəsizliyi uğrunda döyüşən Ukraynanın dövlət başçısın bununla NATO-nun son addımından məyus olduğunu göstərir.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldəki fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib: “NATO heç bir halda Ukraynadakı müharibənin birbaşa iştirakçısı olmayacaq”. ABŞ-ın dövlət katibi Entoni Blinken isə avropalılardan fərqli fikir bildirir: “Avropada sabitlik Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi ilə sınaqdan keçir”. Belə çıxır ki, ABŞ-la Avropadakı müttəfiqləri arasında Ukraynaya əməli yardımla bağlı fikir ayrılığı var. Avropalılar Rusiyanın onların da ərazisini vura biləcyindən ehtiyatlanaraq Ukraynaya əməli yardım etməkdən, o cümlədən hava məkanının bağlanmasından ehtiyatlanıblar. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropadakı müttəfiqlərini, o cümlədən Almaniyanı Rusiya ilə sıx əməkdaşlıqda qınayırdı. Bu da indi özünü təsdiqləyir. Avropa İttifaqı, eyni zamanda NATO-dakı həmin dövlətlər Rusiyadan çəkinir, açıq qarşıdurma üçün addım atmağa cəsarət etmirlər. O halda Ukraynadan Rusiyaya qarşı təzyiq vasitəsi olaraq istifadə edirlər.

Yeri gəlmişkən, Qərbin Əfqanıstan, İraq və Suriyada nümayiş etdirdikləri birlikdən də qısa bəhs edək. NATO-ya üzv dövlətlər və Alyans terrorçuluğa qarşı mübarizə aparmaq, milli və beynəlxalq təhlükəsizliyi qorumaq, demokratik dəyərləri yaymaq adı altında bu ölkələrə ordu yeritdi. Qərb terrorçuların, milli və beynəlxalq təhlükəsiziliyi təhdid edənlərin, demokratiyanın düşmənlərinin NATO-nun və müttəfiqlərinin sərhədində olduğunu bildirirdi. Bu istiqamətdə Alyans keçirdiyi antiterror əməliyyatları nəticəsində canlı qüvvə və hərbi texnika da itirib. Qeyd edək ki, ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub. ABŞ 20 il ərzində təkcə Əfqanıstanda hərbi əməliyyatlara 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərcləyib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib. Qərb İkinci Dünya müharibəsindən sonra koalisiya olaraq Koreya müharibəsində də iştirak edib. 1950-1953-cü illərdə baş vermiş müharibədə Alyansın 40 670 hərbçisi həlak olmuş, 104 280-i isə yaralanmışdı. Deməli, NATO Avropa İttifaqına üzv dövlətlərin sərhədlərindən çox uzaqda yerləşən Suriya, İraq, Əfqanıstanda, Koreyada döyüşsə də, Ukraynada daha ciddi yardımlar üçün tərəddüd edir. Halbuki Ukrayna Avropa İttifaqı və NATO-nun sərhədindədir. Ukrayna Alyansı və İttifaqı ehtimal olunan perspektiv hədə və təzyiqlərdən qoruyur.

Beləliklə, Qərb müttəfiqlərini SSRİ dövründəki kimi müdafiə edə bilmir. Belə çıxır ki, keçmiş sovetlərin varisi olan Rusiya ilə əlaqələri buna mane olur. Sovet imperiyası dağıldıqdan sonra Qərb müttəfiqlərini axıradək müdafiə edə bilmir. “Taliban” hərəkatının Əfqanıstandan qovulub yenidən hakimiyyətə gətirilməsi buna əyani sübutdur. 2008-ci ilin avqustunda Gürcüstanda baş verənlər isə Ukraynadakı indiki hadisələrin oxşarıdır. Həmin hadisədən Qərbin nəticə çıxarmaması ona etibarı azaldır. Belə qənaətə gəlmək olar ki, Ukraynada baş verənlər fonunda 14 il əvvəl baş verənlərin nəzərə alınmaması Alyansın və Qərb blokunun həmin olaylara etinasızlığıdır. Odur ki, Qərb hələ də keçmiş sovet ərazisində, Latviya, Litva və Estoniya müəyyən mənada istisna olmaqla Rusiyadan geri qalır. Qərb müttəfiqlərini hələ tam qoruya bilmir. Rusiyanın Ukraynada heç nədən çəkinmədən müharibə aparması da bunun acı nəticəsidir.

Son xəbərlər

Orphus sistemi