Yunanıstan sahillərində miqrantların olduğu kater çevrilib, altı nəfər ölüb
- 19 oktyabr, 2026
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Lesbos adası yaxınlığında sürət katerinin Yunanıstanın sahil mühafizəsi gəmisi ilə toqquşması nəticəsində altı miqrant ölüb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstan rəsmiləri məlumat verib.
Hadisə bu gün səhər saatlarında Aqrilianın təxminən 3,5 dəniz mili cənubunda baş verib.
Sahil mühafizəsinin məlumatına görə, xilasedicilər dörd kişi, bir qadın və bir körpənin meyitini aşkar ediblər. Bundan əlavə, səkkiz nəfər xəstəxanaya çatdırılıb.
Miqrantların qanunsuz daşınmasında şübhəli bilinərək 37 yaşlı Türkiyə vətəndaşı saxlanılıb. İlkin məlumatlara görə, sürət katerini məhz o idarə edib.
Yunanıstanın dənizçilik naziri Vasilis Kikilias insanların ölümündə məsuliyyəti miqrantları qanunsuz daşıyan qaçaqmalçıların üzərinə qoyub. Onun sözlərinə görə, hazırkı dəlillər sürət katerinin burun hissəsi ilə sahil mühafizəsi gəmisinin sol bortuna çırpıldığını göstərir. Hadisənin başvermə şəraiti araşdırılır.