Fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başladı. İlk hədəf obyekti Rusiya Mərkəzi Bankı oldu. Onun aktivlərinin və beynəlxalq ehtiyatlarının təxminən yarısı donduruldu. Söhbət təxminən 300 milyard ABŞ dollarına bərabər vəsaitdən gedir. Müharibəyə kimi həmin ehtiyatlar hesabına tənzimləyici millli valyuta olan rublu dəstəkləyirdi.
Paralel olaraq ölkənin sistem əhəmiyyətli bankları SWIFT-dən (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) ayrıldı və Aİ öz hava məkanını tamamilə Rusiya üçün bağladı. Bundan dərhal sonra rubl ABŞ dolları və avro qarşısında kəskin ucuzlaşdı. Bu cür vəziyyət heç 2008-ci ilin böhranı vaxtı və 2014-cü ildə Krımın ilhaqından sonra belə olmadı. Rublun ABŞ dolları qarşısında məzənnəsi müharibədən əvvəlki 75 rubldan martın 7-də tarixi maksimuma 143 rubla çatdı. Həmin vaxt “qara bazar”da məzənnə artıq çoxdan 200 rublun üzərində idi. Lakin martın ortalarından başlayaraq rus rublu ABŞ dolları və avro qarşısında möhkəmlənməyə başladı və bu gün üçün rəsmi məzənnə müvafiq olaraq 83 və 92 rubl civarındadır.
Artıq Rusiyanın Ukraynanın suveren ərazisində həyata keçirdiyi “xüsusi əməliyyat”ın 40-cı günü gedir. Şimal qonşumuza qarşı misli görünməyən sanksiyalar tətbiq edilib. Fevralın 22-sinə kimi (21 fevralda Rusiya Ukraynanın suveren ərazisində yaradılan qondarma respublikaları tanıdı) Rusiyaya qarşı 2 754 sanksiya qüvvədə idi. Martın 8-nə kimi 2 778 yeni sanksiya tətbiq edildi. Rusiya sanksiyaların sayına görə İran, Suriya, Şimali Koreya, Venesuela, Myanma və Kubanı geridə qoyub. Rusiya faktiki olaraq qlobal maliyyə sistemindən kənarda qalıb. Həm ölkənin həm də ayrı-ayrı yerli şirkətlərin xarici borclanmaya getmək imkanları heçə endirilib.
Bu günə kimi 500-ə yaxın xarici şirkət sanksiyalardan dolayı ölkədən getdiyini bəyan edib. Bunların bir çoxu müştərək müəssisələrdə tərəfdaş olan, müxtəlif sektorlara dərin inteqrasiya olunmuş şirkətlərdir. Müharibə başlayandan son hesabat tarixinə kimi ölkədə həftəlik inflyasiya 2 % ətrafında olub. Martın əvvəlindən qiymət artımı 5,38 % təşkil edib. Baş verənlər fonunda rubl gündən günə möhkəmlənir. Rublun möhkəmlənməsini şərtləndirən əsas faktorlar sanksiyaların elə ilk günlərində formalaşdı. Belə ki, ilk addım kimi Rusiya Bankı uçot dərəcəsini iki dəfədən çox artıraraq 20 %-ə çatdırdı. Bu, kreditləri bahalaşdırmaqla yanaşı, milli valyutada olan əmanətləri daha cazibədar etmək məqsədi daşıyırdı. Nəticədə martın ilk ongünlüyündə rublda olan əmanətlərin orta maksimal dərəcəsi tarixi maksimuma çatdı. Digər tərəfdən ixracatçıları valyuta gəlirlərinin 80 %-ni satmağa məcbur etdilər. Baxmayaraq ki, həcm olaraq enerji daşıyıcılarının ixracı azalıb, neft və qaz qiymətlərinin yüksək olması hələ də ölkəni kifayət qədər valyuta gəlirləri ilə təmin edir. Sanksiyalardan dolayı martda idxal 30 % azalıb. Yəni idxalçılar tərəfindən dollar və avroya aşağı düşüb. Bununla da ticarət balansındakı profisit milli valyutanı dəstəkləyən əlavə faktora çevrilir.
Rusiya Bankının inzibati təsir alətləri də milli valyutanın möhkəmlənməsində mühüm rol oynayır. Tənzimləyici bankalara əhaliyə dollar və avro satmağı, qeyri-rezidentlərə isə daxili bazarda əldə etdikləri səhmləri satmağı qadağan etdi. Eyni zamanda əhali xarici valyutada olan depozit hesabından ancaq 10 ABŞ dollarına kimi vəsait çəkə bilər. Fiziki şəxslər isə ölkədən kənara 10 min ABŞ dollarından artıq vəsait çıxara bilməz. Bütün bunlar faktiki olaraq dollar və avroya tələbin kəskin azalmasına gətirib çıxarıb. Rusiyanının bütün səylərini məhz milli valyutanın sabit saxlanılmasına yönəltməsinin həm ideoloji həm də praktiki hədəfləri var. Belə ki, daxili auditoriyaya bir növ milli iqtisadiyyatın sanksiyalardan sarsılmadığı göstərilir. Digər tərəfdən isə möhkəm rubl kəskin sürətlənən inflyasiya şoklarını minimuma endirməyə imkan verəcək. İnflyasiyanın hansı templə əhalinin gəlirlərini “əritdiyini” nəzərə alsaq onun nəzarətə götürülməsi əsas prioritet olacaq. Lakin rublun bundan sonrakı möhkəmlənməsi bir sıra faktorların təsiri altında mümkün olmaya bilər. Buna əsas təsiri ənənəvi tədarük bazarlarının itirilməsi nəticəsində neft-qaz gəlirlərinin kəskin azalması göstərilə bilər.
Sanksiyaların hədəfinə düşməkdən ehtiyat edən alıcılar faktiki olaraq Rusiyadan uzaq durmaq taktikasını seçiblər. Rusiya nefti “toksik” yanacağa çevrilir. Böyük endirimlə təqdim olunmasına baxmayaraq alıcı tapmaq müşkülə dönüb. Təkcə bir həftədə (17-23 mart) neft ixracı 26 % azalaraq sutkalıq 3,63 milyon barelə düşüb. Artıq “Transneft”in əlində xeyli həcmdə satılmayan neft olduğuna görə hasilat şirkətlərindən neft qəbuluna məhdudiyyət qoyulub. Rusiya “mavi yanacağı”nın əsas tədarük bazarı olan Avropa rus qazından tam imtina etməsə də proses o istiqamətdə inkişaf edir. Artıq Baltikyanı ölkələr rus qazından imtina edib. Bolqarıstan və Polşa “Qazprom”la müqavilələrini uzatmayacaq.
Rusiya hərbçilərindən azad edilən Ukraynanın Buça yaşayış məntəqəsində dinc sakinlərin kütləvi qətliamının görüntüləri dünya ictimayətində, o cümlədən Almaniya, İtaliya və Fransa liderlərində şok effekti yaradıb. Bu mənada yaxın zamanlarda öncə neft sonra isə qaz sektoruna qarşı embarqo heç zaman olmadığı qədər realdır. Bunun büdcə gəlirlərinin 40 %-ə yaxını neft-qaz sektoru hesabına forlamalaşan Rusiya üçün ağır nəticələri olacaq. Belə ki, nə Çin, nə də Hindistan azad olan gücləri tam həcmdə qəbul etmək iqtidarında deyil. Digər tərəfdən idxalatçılar anbarlarda olan ehtiyatlar hesabına, həm də alternativ logistika kanallarının axtarışında olduqlarına görə hələ ki, dollar və avroya tələb ortaya qoymur. Lakin bu proses uzun müddət davam edə bilməz. Tələb artanda isə dövlətin dəyərdən düşməməsi üçün rubla süni yollarla dəstək imkanları xeyli məhdudlaşacaq.