Yuxarı

Ermənistanda kişi qıtlığı - orduya qadınlar aparılır - ŞƏRH

Paşiyan arvadı və qızlarını orduya göndərəcək?

Ordu dövlətin güzgüsüdür. Bu, Ermənistandakı Silahlı Qüvvələrdə də özünü göstərir.

Ölkənin iqtisadi, sosial, siyasi, miqrasiya sahələrindəki problemləri, böhran halı orduda açıq-aşkar görünür.

Ermənistan iqtisadiyyatına ilk növbədə sərmayə qoyuluşu yox səviyyəsindədir. Bunun başlıca səbəbi ölkənin riskli olmasıdır. Azərbaycan torpaqlarını işğal altında saxlamaq onun iqtisadiyyatını da riskli edib. Belə ki, əsas səbəb Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün hər an hərbi əməliyyatlara başlaya bilməsi təhlükəsidir. Yeri gəlmişkən, qeyd edək ki, oktyabrın 29-u Azərbaycanın Zəngilan rayonunun işğalından 26 il keçir.

Qonşu dövlətin torpaqlarını işğal altında saxlaması Yerevana və havadarlarına ucuz başa gəlmir. İşğal altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 rayonunda ölmək istəməyən Ermənistan vətəndaşları mühacirətə üstünlük verirlər. Mövcud şəraitdən bezən ermənilər istənilən saxtakarlığa razılıq verirlər.

Onlar saxta rəqqas kimi ABŞ-a yerləşmək üçün cinayətə əl atırlar. Bu günlərdə viza dələduzluğu məşğul olan cinayət qrup aşkarlanıb. Bildirilib ki, üç erməniyə qarşı fırıldaqçı viza sxeminə dair ittihamlar irəli sürülüb. Ermənistan vətəndaşları bu sxemlə ABŞ-da yaşayan həmvətənlərinin köməyi ilə xalq ansambllarının üzvləri kimi, qanunsuz olaraq Birləşmiş Ştatlara səfər ediblər.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Nyu-Yorkdan olan ermənilər - 48 yaşlı Stella Boyacjan, 31 yaşlı Qraçya Atoyan, (Qlendeyl, Kaliforniya) və 42 yaşlı Diana Qriqoryan (Ermənistan Respublikası) viza dələduzluğu və dövlətin aldadılmasında ittiham olunublar. Boyacjan və Qriqoryan həmçinin pulların “yuyulması”nda ittiham edilib.

Ermənilərin xarici ölkəyə qaçması üçün viza saxtakarlıqlarına dair başqa çoxsaylı faktlar da var. Ermənistan vətəndaşları Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün özlərini azərbaycanlı, Azərbaycan vətəndaşı kimi belə təqdim etməkdən belə çəkinmirlər.

Ermənistan Statistika Komitəsinin 2019-cu ilin yanvar ayına olan məlumatına görə, ölkə əhalisinin sayı 2 milyon 965 min nəfər olub. Bu, 2017-ci illə müqayisədə 7 600 nəfər azdır. 2018-ci ildə ölkə üzrə 36 502 uşaq dünyaya gəlib, bu rəqəm 2017-ci ildə 37 700, 2016-cı ildə isə 40 592 nəfər olub.

Əhalinin sayının azalamasının bir səbəbi miqrasiyadırsa, o biri səbəb mövcud ağır vəziyyət üzündən gənc kişi və qadınların ailə qurmaq istəməməsidir. Ermənistanda sözün əsl mənasında kişi çatışmazlığı yaranıb. Bu ölkədə demoqrafik balansın yaranması üçün 60 min kişi çatmır. Erməni sosiloq Sovinar Arutyunyanın fikrincə, mühacirət edən kişilərin 80 faizi reproduktiv fəal yaşdadırlar.

Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir.

Dünya Bankının 2020-ci il üçün dərc edilən “Doing Business” hesabatına görə bu ölkə 6 sıra geriləyərək, 190 dövlət arasında 47-ci yerə düşüb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan bu reytinq cədvəlində 34-cü yerdədir.

Bu, Ermənstan iqtisadiyyatının indiki və prsspektivin əks etdirən amillərdəndir.

Ölkədə insan hüquqlarının qorunması sahəsində vəziyyət ağırdır. Siyasi təqiblər qalmaqdadır. Qadın zorakılığı halları artır. 2018-ci ildə bu cinayətlər üzrə 519 iş araşdırılıb. 2019-cu ilin may ayında 2 qadın məişət zorakılığı nəticəsində ölüb.

Əsas məsələlərdən olan ölkənin güzgüsü ordudakı vəziyyətdir. Ermənistanın Baş Prokurorluğu bildirib ki, cari ilin ilk 9 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 39 hərbçisi ölüb. Məlumata görə, işğalçı ölkədə 16 hərbçi xidmət zamanı ölüb. 23 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.

Orduda nizam-intizam, əsgərlərin mənəvi ruh yüksəkliyinin də yetərincə olmadığına dair məlumatlar yayılıb. Bu yaxınlarda Ermənistanın hüquq-mühafizə orqanları zabitin döyülməsi faktı üzrə 4 əsgəri saxlayıb. İstintaq Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində icbari hərbi xidmətdə olan dörd hərbi qulluqçu bir qrup şəxs tərəfindən rəisə qarşı zorakılıq hərəkətlərinin edilməsi və ya sağlamlığa orta dərəcəli xəsarət yetirilməsi maddəsi ilə şübhəli şəxs kimi saxlanılıb. Hərbçilərdən biri həmçinin "Hərbi qulluqçunun təhqir edilməsi" maddəsi üzrə cinayət əməlində şübhəli bilinir.

Həmin maddələr üzrə səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yuxarıda qeyd etdiklərimiz baş vermiş çoxsaylı problemlərin çox az qismidir. Belə bir vəziyyətdə olan Ermənistan ordusu qadınların yardımına möhtac qalıb.

Qadınları adətən müharibə zaman orduya cəlb edirlər. Yoxsa, Ermənistan qonşu dövlətlərlə müharibəyə hazırlaşır? Dövlət sərhədlərini qorumağa bütün, o cümlədən maddi, mənəvi, siyasi mənalarda gücü çatmayan bu işğalçı dövlət qadınları orduya cəlb etməklə özünü Avropa dövlətlərinə oxşatmaq istəyir, yaxud daha müasir göstərməyə çalışır? Əslində, Ermənistan hakimiyyətinin qadınları ordu sıralarına cəlb etməsi ölkədəki kişi qıtlığı ilə əlaqədardır. Azərbaycan torpaqlarını işğal altında saxlamaq, dövlət sərhədlərinin mühafizə etmək üçün bu qonşu dövlətdə kişi cinsindən olan vətəndaş çatmır.

Belə çıxır ki, onları işğal altında Azərbaycan torpaqlarına göndərəcəklər. İşğalçı kimi Qarabağda yerləşdirilən erməni hərbçi qadınlar zərərsizləşdiriləndə isə dünyaya “Azərbaycan erməni qadınları öldürür” deyə hay salacaqlar.

Qeyd edək, bu yaxınlarda neçə gün öncə Ermənistan müdafiə naziri David Tonoyan ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması ilə bağlı göstəriş verib. Bu məsələ ölkədə müzakirə olunur. Ancaq kişi qıtlığı səbəbindən hakimiyyət orduda qadınların sayını artıracaq.

Beləliklə, Ermənistanda qazanc məqsədi ilə ölkəni tərk edən kişi cinsinin nümayəndələrinin geri dönəcəyinə ümid qalmayıb. Silahlı qüvvələrə qadınların cəlb edilməsi struktur dəyişikliyinə səbəb olub. Buna Nikol Paşinyan hökuməti mədəni dünyanın tələbi kimi “islahat” donu geyindirməyə çalışsa da , “görünən kəndə nə bələdçi” atalar sözünə əsasən, demək olar ki, bu, Ermənistan ordusunda insan ehtiyatlarının çatışmaması ilə bağlıdır.

Mütəxəssislər bildirir ki, ordu sıralarına bu sayaq cəlb edilmə Ermənistanda qadınların başı üzərində ciddi təhlükədir. Görəsən, Nikol Paşiyan Rusiya hərbçilərinin əvəzinə həyat yoldaşı Anna Akopyanı İran, qızları Mariam, Şuşan və Arpinanı Türkiyə sərhədlərində hərbi xidmət etməyə göndərərmi? Yeri gəlmişkən, qadınların orduya cəlb olunması ideyası Serj Sarqsyanın hakimiyyəti illərində irəli sürülsə də, özünü doğrultmadı. İdeya boşluğu və təşəbbüs azlığından Nikol Paşinyan hökumətinin həyata keçməyən ideyaları patefonda köhnə val kimi fırladır. Cəmiyyətə yenilik olaraq sırımağa çalışır. Bununla diqqəti ölkə həyatı üçün vacib məsələlərdən yayındırmağa səy göstərir. Ermənistan cəmiyyəti isə Paşinyanın ifasında köhnəlmiş valdakı təkrarlanan mahnını dinləməyə məhkum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi