Paşinyanın təşəkkürü – yaxşılığı anlamayanlara dərs - ŞƏRH

Analitika
  • 26 dekabr, 2025
  • 16:27
Paşinyanın təşəkkürü – yaxşılığı anlamayanlara dərs - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinə aydınlıq gətirib.

Ötən gün parlament iclasından sonra o, jurnalistlərə açıqlamasında belə yanaşmasını "məntiqi və uyğun cavab" sayıb: "Bizdə (Ermənistanı nəzərdə tutur-S.İ.) baş verənləri qəbul etməkdə həddindən artıq mürəkkəbləşdirmək meyli olduğunu müşahidə etdim. Məsələn, bu mikrofon niyə göy, o biri qırmızıdır, niyə sarı deyil, qaradır. Sonra bu kimi iddialar əsasında geopolitik nəticələr çıxarırlar".

N.Paşinyan qeyd edib ki, Ermənistana birbaşa aid olan hadisəyə münasibətini bildirməlidir: "Bu münasibət müsbətdirsə, onu açıq şəkildə söyləmək vacibdir".

O, son vaxtlarda Azərbaycan tərəfdən atılan bir sıra konkret addımları - əvvəlcə Qazaxıstan, sonra Rusiyadan buğda idxalına məhdudiyyətlərin aradan qaldırılmasını, həmçinin Ermənistana dəmir yolu daşımalarına məhdudiyyətlərin götürülməsini xatırladıb: "Bundan başqa, Azərbaycan neft məhsullarını satmağa hazır olduğunu bildirdi. Neft məhsulları qatarı gəldi və mal bazarda görünməyə başladı".

Baş nazir belə hadisələrə münasibətini açıq şəkildə bildirməyin düzgün olduğunu vurğulayaraq ölkəsinin mövqeyinin aydın şəkildə qeydə alınması üçün bunu müxtəlif platformalarda bilərəkdən etdiyini deyib.

Bu açıqlamadan bir neçə gün öncə Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında Prezident İlham Əliyevə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa edilməsi və ikitərəfli ticarətə başlamaq üçün şərait yaradılması haqqında qərarına görə təşəkkür etmişdi.

O çıxışında qarşılıqlı, bərabərlilik, həmçinin suverenlik və milli yurisdiksiyalar prinsipləri əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edib. Nikol Paşinyan baş verən əlverişli və konstruktiv dəyişikliklərin regionun bütün ölkələri üçün yeni imkanlar yaratdığını, iqtisadi dayanıqlılığın möhkəmlənməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verdiyini qeyd etmişdi: "Bu baxımdan, Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa edilməsi, həmçinin ikitərəfli ticarətə başlamaq üçün şərait yaradılması haqqında qərarına görə minnətdarlığımı bildirirəm. Bu, regionda sülh və sabitliyin bərqərar olması çərçivəsində ilk ən mühüm nailiyyətlərdən biridir".

Ermənistanda bəziləri bu çıxışa münasibətləri ilə "bulanıq suda balıq tutmaq" hikkələrini də göstəriblər.

Politoloq Ara Poqosyan "Sputnik Armeniya" saytına müsahibəsində bildirib ki, Nikol Paşinyan Prezident İlham Əliyevə davamlı olaraq açıq şəkildə təşəkkür etməklə həm daxili, həm də xarici auditoriyaya hesablanmış siyasi texnologiyadan istifadə edir. Onun iddiasına əsasən, belə ritorika aydın siyasi məna daşıyır və birbaşa 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır.

Onun fikrincə, baş nazir cəmiyyətə sülhün yeganə qarantı olduğunu təlqin etməyə çalışır.

"Sputnik"in Azərbaycana dair məsələlərə qərəzli olduğu sirr deyil. Sayt politoloqun dili ilə Nikol Paşinyanın təşəkkürü ilə Prezident İlham Əliyevin Sankt -Peterburqda MDB liderlərinin toplantısına qatılmamasını əlaqələndirməyə çalışıb.

Bu sayt Azərbaycana qarşı kin və nifrətini hər belə hadisədə nümayiş etdirir. Aranın dilindən "Sputnik" bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə qarşıdurma mərhələsi başa çatmayıb.

Sayt 2024-cü il dekabrın 24-də Rusiyanın hava məkanında vurulan Azərbaycanın sərnişin təyyarəsi ilə bağlı Moskva qarşısında irəli sürdüyü şərtlərin də üzərinə kölgə salmağa səy göstərib. Halbuki Rusiya Prezidenti Vladimir Putin belə təyyarə faciəsini qəbul edərək rəsmi Bakının şərtlərinə əməl edəcəklərini vurğulamışdı.

Bu baxımdan, RF-nin təbliğat maşını anti-Azərbaycan hikkəsini Paşinyanın Prezident İlham Əliyevə təşəkküründə də davam etdirib. Bununla da Azərbaycanla Ermənistan arasında ötəri qarşıdurma toxumu da səpməyə çalışıb.

Ermənistan Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Geqam Gevorkyan isə dekabrın 25-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycandan idxal edilən benzinlə bağlı dempinq riski də yoxdur: "Çünki dempinq iqtisadi cəhətdən əsassız aşağı qiymət deməkdir. Əgər qiymət əsassız dərəcədə aşağı olarsa, əlbəttə, biz preventiv tədbirlər görəcəyik və ya uyğun proses hazırlayacağıq".

Onun sözlərinə görə, idxal olunan neft məhsulunun həcmi kiçikdir, ildə təxminən 200 min tondur. O, Azərbaycan benzini ilə bağlı yayılan şayiələrə də münasibət bildirib: "Bu, Azərbaycan benzinidir. Onun keyfiyyətindən şikayətimiz yoxdur. Keyfiyyətlə bağlı problemlər olsaydı, o, Ermənistana gətirilməzdi".

Gevorkyan qeyd edib ki, ölkəyə Azərbaycan benzini idxal etməyi heç kimə məcbur etməyiblər.

Nikol Paşinyanın təşəkkürünü, SOCAR benzininin keyfiyyətini, Ermənistan bazarında tələbatına münasibəti aşağıdakı kimi qruplaşdırmaq olar:

Heç şübhəsiz, yaxın gələcəkdə Baş nazir Nikol Paşinyanın 44 günlük müharibədən sonra Ermənistana, erməni cəmiyyətinə verdiyi fayda daha geniş qiymətləndiriləcək. Çünki hadisələrin üstündən vaxt ötdükcə bir sıra sirli məqamlar açılır, emosiyalar sakitləşir.

Paşinyan ermənilər üçün nələri edir? İlk növbədə, uydurma ideya və xülyalardan erməni cəmiyyətini çəkindirir, yeni milli dövlət quruluşu konsepsiyası təqdim edir, ənənəvi kursun ziyanından, buxovundan xilas olmaq prinsiplərini həyata keçirir, yeni erməni cəmiyyəti qurur, Cənubi Qafqazda Azərbaycanın təqdim etdiyi sülh təkliflərini dəstəkləyir və birlikdə fəaliyyət göstərməyə çalışır, yeni konstitusiya ilə bağlı addımlar atmağa səy göstərir, qonşu dövlətlərə ərazi iddialarının puçluğunu cəmiyyətə təbliğ edir, Yeni Ermənistan ideoloji sistemini reallaşdırır, indiki Eçmiədzin kilsəsinin ziyanlı olduğunu söyləməkdən çəkinmir və s.

O, ölkəsinin, erməni cəmiyyətinin xilasının qonşulardan, o cümlədən Azərbaycan və Türkiyədən asılı olduğunu əməlləri ilə təsdiqləyir.

Rusiyanın təsir dairəsindən uzaqlaşmaq istiqamətində Nikol Paşinyanın fəaliyyəti Moskvada xoş qarşılanmır. Ancaq rəsmilər bunu büruzə verməməyə səy göstərirlər. Ara kimi politoloqların, Ermənistandakı Koçaryan, Sarqsyan kimi sabiqlərdən formalaşan siyasətçi, keşiş müxalifətin adından davamlı olaraq hakimiyyətə qarşı çıxışlar edilir, təbliğat aparılır.

Odur ki, Paşinyanın təşəkkürünə Ara Poqosyan kimilərin münasibəti anti-Azərbaycan kinin də tərkib hissəsidir. Ermənistana tranzit yolunun keçməsi isə Moskva-İrəvan qatarının sürətinin Azərbaycandan asılılığını da nümayiş etdirir.

Ermənistanın Azərbaycana, Prezident İlham Əliyevə tranzit yolu ilə yanaşı, aşağıdakı məsələlərə görə də təşəkkür borcu var:

- Ermənistan dövlətinin inkişafına;

- yeni erməni cəmiyyətinin formalaşması üçün təkanına;

- sülh və əməkdaşlığın nifrət, hikkə və kindən həmişə yaxşı olması təşəbbüsünə;

- qonşularla dinc, yanaşı yaşamağın faydasına;

- Qərblə yeni münasibətlərin qurulmasına;

- dövlətin qapıları gəzib marafonlarla ianə toplamaqdan xilas olmasına;

- regional və qlobal əhəmiyyət daşımasına və s.

Ona görə də Ermənistan cəmiyyəti onlara yaxşılıq edən türklərə, azərbaycanlılara təşəkkür etməyə də öyrəşməlidir. Yoxsa bu halda yaxşılıqları götürməyən qursaq olaraq qalacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti