Bakı. 21 aprel. REPORT.AZ/ Qaçqınlıq, aclıq və səfalət, Suriya, İraq, Əfqanıstan və Somalidə partlayışlar dünya ictimaiyyəti üçün adi hala çevrilib. İnsanların öz yurd-yuvalarından, dövlətlərindən zor gücü ilə qovularaq qaçqın, köçkün halına düşməsi, aclıq və partlayışlar nəticəsində çoxlu sayda ölümlər artıq adamları təəccübləndirmir. Bu halların yaranmasında terrorçularla yanaşı, dünyanın inkişaf etmiş dövlətləri, yaxud aparıcı güclərin də adları hallanır. Ona görə də deyəsən oxşar hadisə Avropada da adiləşməyə başlayır.
Ötən gün Fransanın paytaxtı Parisin mərkəzində, Yelisey çöllərində atışma nəticəsində 2 polis əməkdaşı öldürülüb, bir terrorçu zərərsizləşdirilib, iki polis patrulu və yoldan keçən bir mülki şəxs də yaralanıb.
Son üç ildə Fransada iki böyük terror aktı törədilib. Onlardan biri 2015-ci Parisdə “Bataklan” konsert zalında olub. Həmin qanlı hadisə nəticəsində 130 nəfər ölüb, 99-nun vəziyyəti ağır olmaqla, 350 nəfər yaralanıb.
Digər terror hadisəsi isə iyulun 14-də Bastiliya qalasının alınması günü ilə bağlı keçirilən bayram tədbirində baş verib. Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində 84 nəfər ölüb, 200 nəfər isə yaralanıb.
Ötəngünkü silahlı hücumu əvvəllər məhkum olunmuş 39 yaşlı Əbu Yusif əl-Belcikinin törətdiyi bildirilir. O, Rusiya istehsalı olan “Kalaşnikov” avtomatından atəş açıb. Polis onunla əlbir olanlar axtarır.
Fransa prezidenti Fransua Olland atışmadan sonra bunları deyib: “Təhlükəsizliyimiz təhdid altındadır. Təhlükəsizlik üzrə rəsmi şəxslərin vəzifələrini icra etmələri üçün hər kəs əlindən gələn dəstəyi verməlidir. Hücum terror xarakterlidir. Onun araşdırılması ilə prokurorluğun anti-terror bölməsi məşğul olacaq”.
Maraqlıdır ki, hadisələrdən əvvəl terrorun törədiləcəyi haqqında xəbərlər də yayılır.
Ötən ilin iyulunda törədilən terror aktından iki ay əvvəl, yəni 2016-cı ilin mayında Fransada terrorun törədiləcəyi barədə xəbərlər dolaşırdı.
Elə sonuncu hadisədən iki gün əvvəl, yəni aprelin 18-də Fransada terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən iki nəfər Fransanın Marsel şəhərində tutulublar. Onlardan biri 1987-ci, digəri isə 1993-cü ildə anadan olub.
Hadisələrin daha çox Fransada baş verməsi həm də onun liderlərindən olduğu Avropa İttifaqının təhlükəsizliyini və qurumun yürütdüyü siyasəti təhdid edir.
İki ay əvvəl Fransua Ollandın prezident seçkisi ilə bağlı verdiyi bəyanat da ölkəsinin təhlükəsizliyinin təhdid edildiyinə daha bir işarə sayıla bilər: “Prezident seçkisi yalnız Fransanın deyil, Avropanın gələcəyini müəyyənləşdirəcək”. O, Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen haqqında danışarkən deyib: “Onun qələbə qazanacağı təhlükəsi mövcuddur”.
Atışma Fransada keçiriləcək prezident seçkisindən üç gün əvvəl, prezidentliyə namizədlərin teledebatı zamanı baş verib.
Yeri gəmişkən, prezident seçkisinin birinci turu aprelin 23-də, ikincisi isə mayın 7-də keçiriləcək. Bu siyasi kampaniyada 5 namizəd iştirak edəcək: Emmanuel Makron, Marin Le Pen, Fransua Fiyon, Jan-Lyuk Malanşon və Benua Amon.
“Cnews” televiziyası, “Paris Match” jurnalı və “Sud Radio” radiosunun sifarişi ilə aprelin 17-dən 20-dək 2 810 seçici arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 24 faizi Makrona, 22,5 faizi Le Penə, 19,5 faizi Fiyona, 18,4 faizi Melanşona, 7 faizi isə Amona səs verəcəklərini bildiriblər. Son rəy sorğularının nəticələrinə əsasən, Marin Le Pen və Emmanuel Makron prezident seçkisinin birinci turunun qalibi olacaqlar. Sosioloqlar ikinici turda Le Penin məğlub olacağını proqnozlaşdırıblar.
Son zamanlar Fransada törədilən terrorların demək olar hamısının məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
Teledebatda da namizədlər də seçiləcəkləri halda əsas hədəflərinin İŞİD olacağını gizlətməyiblər. Makron bildirib ki, ölkə ərazisində və ondan xaricdə terrorçuluğa qarşı mübarizə aparmağa hazırdır. O, prezident olacağı təqdirdə Fransanın da Bəşşar Əsədin kimyəvi silah anbarını məhv etmək üçün nöqtəvi hava zərbələrinin endirilməsi əməliyyatlarına qoşulacağını bəyan edib.
Le Pen deyib: “İslam terrorçuluğuna qarşı həmlə etmək vacibdir”.
Fiyon bildirib ki, terrorçuluğa qarşı mübarizə Fransanın növbəti prezidentinin fəaliyətinin əsasını təşkil edəcək.
Fransa prezidentliyinə namizədlərin hamısı demək olar “İslam terrorundan” və onun “təhlükəsindən” danışıblar.
Onların arasında ən kəskini Le Pen sayılır. 2015-ci ildə terrorçu İŞİD qruplaşmasının törətdiyi vəhşiliklərlə bağlı fotoları "Twitter" səhifəsində yerləşdirməsi ilə bağlı ona qarşı cinayət işi açılmışdı. Ona görə də Le Penin 3 il azadlıqdan məhrum olunması və 79 min dollar məbləğində cərimə edilməsi gözlənilirdi. O, bu fotoları İŞİD-in vəhşiliklərini göstərmək üçün səhifəsində yerləşdirdiyini bildirmişdi.
Fransada bəzi jurnalistlər onun başçılq etdiyi Milli Cəbhəni İŞİD-lə eyniləşdirmişdi.
Digər qərb dövlətlərində olduğu kimi, bu ölkədə də prezidentliyə və deputatlığa namizədlər “İslam terroruna qarşı mübarizə” aparacaqlarını, yaxud bu istiqamətdə də fəaliyyətlərini gücləndirəcəklərini vəd etməklə seçicilərin səsini qazanmağa çalışır.
Bu isə öz dövlətlərində cəmiyyətin radikallığa meyillənməsini artırır. Çünki hazırda Fransa əhalisinin 6 milyonunun müsəlman olduğu ehtimal edilir. Ancaq 2020-2025-ci illərdə onların sayı 12 milyonadək arta bilər. 2014-cü ilin məlumatına görə, Fransa əhalisinin sayı 66 milyon nəfərdir.
Əslində, terrorçuların başlıca hədəfi Fransa cəmiyyətinin dini mənsubiyyətə görə parçalanmasına nail olmaqdır. Başqa sözlə, bu sayaq terror aktları həmin cəmiyyətlərdə müsəlmanlara qarşı kin və nifrətin yayılmasına səbəb olan amillərdən sayılır.
Bu isə bir sıra hallarda öz nəticəsini verir. Məsələn, Fransada məscidlərin təhqir olunması, “Şarli Ebdo” jurnalında müsəlmanların dini hissiyyatlarının aşağılanması, Le Pen kimi siyasilərin meydana çıxması belə proseslərin nəticəsidir.
Beləliklə, ehtimal etmək olar ki, Parisin mərkəzindəki atışma Fransada yeni seçiləcək prezident üçün də xəbərdarlıqdır. Bu, perspektivdə yeni dövlət başçısının terrorçuları dəstəkləyənlərlə əməkdaşlıqdan çəkinməsi üçün atılan addım da ola bilər.