Pandemiyanın yaratdığı iqtisadi mənzərə: Vəziyyət nə vaxt düzələ bilər?

Pandemiyanın yaratdığı iqtisadi mənzərə: Vəziyyət nə vaxt düzələ bilər? "Hər şeyin öz əvvəlki səviyyəsinə və məcrasına dərhal qayıtması mümkün deyil"
Analitika
163
14 Aprel , 2021 15:18
Pandemiyanın yaratdığı iqtisadi mənzərə: Vəziyyət nə vaxt düzələ bilər?

Pandemiyanın yayılması qlobal iqtisadiyyatda və ölkəmizin iqtisadi həyatında mənfi təsirlərə səbəb oldu. Həm dövlət, həm özəl sektorda iş yerlərinin bağlanması, ictimai-iaşə obyektlərinin fəaliyyətini dayandırması, ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması, müəyyən qədər logistika fəaliyyətlərində də çətinliklərin yaranması, ümumilikdə fəaliyyətləri əhalinin maddi rifahı ilə bilavasitə bağlı olan əksər sahələrdə zərərlərin yaşanması və digər amillər bütün iqtisadi sektorları böyük sınaq qarşısında qoydu. Lakin bütün dünyanın öz caynağına alan bu COVID-19 böhranının həyatımızda müvəqqəti olduğu da istisna edilmir. Bəs bu il pandemiya sona çatarsa və tətbiq edilən karantin qaydaları aradan götürülərsə, iqtisadi dinamiklik hansı müddətdə əvvəlki səviyyədə bərpa olunacaq və bütün dünyada yayılan bu təhlükə ölkəmizin iqtisadi həyatında hansı izləri buraxacaq?

İqtisadçı ekspert Pərviz Heydərov “Report”a verdiyi açıqlamada bildirib ki, Azərbaycan pandemiya dövründən ən üzü ağ çıxan ölkələrdən olacaq:

“Pandemiya şəraitinin nəyinki bizdə, qlobal miqyasda belə nə vaxt sona çatacağı və tamamilə sovrulacağı bəlli deyil. Hazırda bütün ümidlər vaksinləşdirmə prosesinə bağlanıb. Cari ilin ikinci yarısına bu mənada müəyyən gözləntilər var. Lakin sözsüz ki, bu vəziyyət gec-tez aradan qalxacaq, həyat normal axarına dönəcək. Nəticədə dünya ölkələrinin iqtisadiyyatları bir-bir bərpa olunacaq. Qlobal bazarlarda hər şey postpandemiya dövründəki vəziyyətə qayıdacaq. Ancaq bu, bütün ölkələrdə və yaxud hamıda eyni cür baş verməyəcək. Çünki hər bir ölkə bundan bir cür əziyyət çəkib, zərbə görüb. Bilavasitə ölkəmizə gəldikdə, biz ən üzü ağ çıxan ölkələrdənik.

Keçən ilki ağır şərtlər və iqtisadi risklər şəraitindən ən az itkilərlə çıxan ölkələrdənik. 2020-ci il ərzində 4,3 % gerilədik. Bu rəqəm daha böyük ola bilərdi, sadəcə, hökumətin ilin əvvəlindən etibarən atdığı bir sıra qabaqlayıcı addımlar nəticəsində iri rəqəmli iqtisadi tənəzzüldən qurtulduq. Cari ilə isə böyük ümidlərlə başladıq. Ancaq təəssüf ki, tənəzzüldə hələ də əyləc işə düşməyib. Bununla belə, pandemiya səngidikcə, yəni karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanacaq. Lakin bir nüans var. Hökumət cari ildə ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 % artım proqnozlaşdırıb. Yeri gəlmişkən, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində Azərbaycanı bu il COVID-19 səbəbindən iqtisadi geriləmədən və işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözlədiyini və bu gözləntinin Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının irəli sürdükləri proqnozlardan daha nikbin olduğunu bildirib (WB Azərbaycan iqtisadiyyatının cari ildə 1,9 %, IMF isə 2 % artacağını proqnozlaşdırıb)”.

Ekspert qeyd edib ki, ölkəmizdə bu il ərzində ÜDM istehsalı artımını şərtləndirəcək bir sıra amillər mövcuddur:

“Bunların bəzisi mütləq şəkildə özünü göstərəcək. Ancaq bu amillərdən ən başlıcası, hökumət tərəfindən qarşıya qoyulan 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfidir ki, bu amilin öz sözünü deməsi üçün nəyin tələb olunduğuna xüsusi diqqət yetirmək lazımdır. Bu, orta hesabla hər il 7 % artım deməkdir. Neft-qaz sektoru hesabına qeyd olunan hədəfə çatmaq isə əsla mümkün deyil. Odur ki, qeyri-neft sektoru indikindən daha artıq sürətlə inkişaf etməli və bu sahədə özəl payın çəkisi mümkün dərəcədə maksimum həddə yüksəldilməlidir. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı təkcə keçən il 12,5 % artdı və büdcəyə bu sahədən gəlirlər getdikcə artmaqdadır. Lakin bu, ümumi iqtisadi tənəzzülün qarşısını almaq və bundan qısa müddət ərzində çıxmaq üçün kifayət deyil. Başqa sözlə desəm, qeyri-neft sektorunun bunun üçün stimullaşdırıcı rolu hazırda məhdud xarakter daşıyır və yetərli sayılmır. Düzdür, işğaldan azad olunmuş ərazilərimizdə artıq start götürmüş bərpa və yenidənqurma işləri də 2021-ci ildə iqtisadi artıma təsir göstərəcək. Ancaq ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, buna daxildən qaynaqlanan inkişaf demək daha düzgün olar”.

P.Heydərova görə, postpandemiya dövründə iqtisadi vəziyyətin əvvəlki səviyyəsinə qayıtması üçün azı bir il vaxt tələb olunacaq:

“İndi əsas məsələ postpandemiya şəraitinin nə vaxt yetişəcəyidir. Şərait yetişdikdə belə hər şeyin öz əvvəlki səviyyəsinə və məcrasına dərhal qayıtması mümkün deyil. Bunun üçün azı 1 il vaxt tələb olunacaq. Məsələn, turizm sektorunda hər şeyin öz əvvəlki vəziyyətinə qayıtması qısa müddət ərzində necə mümkündür? Heç cür. Ən böyük zərbə məhz bu sektora dəyib. Eləcə də, sənaye istehsalında planlaşdırmanın özü, kənd təsərrüfatının özündə belə bərpa prosesi hesab edirəm ki, 1 il vaxt tələb edəcəkdir. Bir amili də nəzərə almaq lazımdır ki, burada söhbət, təkcə bizdən getmir. Qlobal iqtisadiyyat özü tam olaraq pandemiya zərbəsinin ağrı-acısı altından və təsirlərindən çıxmalıdır ki, Azərbaycan kimi ölkələr də bundan yararlansınlar.

Odur ki, konkret olaraq gözləntim budur ki, cari ili uğurla başa vursaq, növbəti ildən etibarən iqtisadi artımın qeydə alınmağa başlanacağına ümid etmək olar. 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də böhran yaşamışdıq. Lakin bunların heç biri iqtisadiyyatımıza bu qədər ciddi təsir bağışlamamışdı. Sadəcə, hökumət bu dəfə daha yaxşı və güclü müqavimət göstərdi ki, buna da həm ortada 2014-2016-cı illər ərzində qazanılmış təcrübə, həm ötən ilədək iqtisadiyyatdakı uğurlar, həm də xüsusən 3 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən həyata keçirilən islahatlar mühüm təsir göstərdi.

İkincisi isə, xarici təsirlər üzrə təzyiqlər də yaxşı ki, ardıcıl olaraq güclənməkdə davam etmədi və etmir. Belə ki, neftin dünya bazar qiymətləri bir ara 20 ABŞ dollarınadək düşsə də, sonra nisbətən sabitləşdi, qlobal maliyyə və digər bazarlarda nizam-intizam ifrat dərəcədə pozulmadı, mövcud maliyyə imkanlarımız isə borc üçün xarici qurumlara üz tutmağımıza zəmin yaratmadı.

Üçüncüsü isə, iqtisadiyyata dərhal ciddi maliyyə dəstəyi göstərildi - fəaliyyəti məhdudlaşdırılan subyektlərə kompensasiyalar ödənildi, müvafiq güzəştlər edildi. Dövlət sektorunda maaşlar ödənildi, özəl sektora yardımlar həyata keçirildi”.

Son xəbərlər

Orphus sistemi