“Şuşa dahilər yurdudur. Azərbaycanın bu gözəl şəhərində olmaq nəsib olduğu üçün fəxr edirəm”.
Bunu “Report”a özbəkistanlı siyasi icmalçı, tarixçi Şərəfəddin Töləgənov söyləyib.
O, Şuşa şəhərinə türk dünyası mədəniyyət paytaxtı statusu verilməsinin rəmzi məna daşıdığını, türk dünyasının həmrəyliyinə təkan verdiyini bildirib.
Həmçinin özbəkistanlı ekspertin qənaətincə, bu hadisə Şuşada baş verənləri, erməni işğalının fəsadlarını bütün dünyaya tanıtmaq baxımdan da əhəmiyyətlidir.
“Azərbaycan mədəniyyəti, incəsənət nümunələri, dahi musiqi əsərləri Şuşada ərsəyə gəlib. Bütün bunlar Şuşanın qədim zamanlardan mədəniyyət mərkəzi olduğunu bir daha sübut edir. Şuşa dəfələrlə Azərbaycan mədəniyyətinin beşiyi, türk mədəniyyətinin mühüm mərkəzi olaraq səciyyələnib” – o deyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı 5 yanvar tarixli sərəncamla 2022-ci il "Şuşa İli" elan edilib. Martın 31-də isə TÜRKSOY Daimi Şurasının fövqəladə iclasında Şuşa şəhəri 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilib.