İnkişaf etməkdə olan ölkələri kəskin likvidlik problemi gözləyir

İnkişaf etməkdə olan ölkələri kəskin likvidlik problemi gözləyir Kapital axını nəticəsində həmin ölkələrin valyutalarında kəskin ucuzlaşma gözlənilir
Analitika
4 Oktyabr , 2017 15:39
İnkişaf etməkdə olan ölkələri kəskin likvidlik problemi gözləyir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya, Braziliya, Türkiyə, Cənubi Afrika Respublikasının da daxil olduğu inkişaf etməkdə olan ölkələri (emerging market) ciddi likvidlik problemi gözləyir.

"Report"un analitik qrupu bildirir ki, likvidlik probleminə səbəb bu ölkələrdə "carry trade" əməliyyatlarına marağın getdikcə azalması amilidir.

Qeyd edək ki, "carry trade" əməliyyatı hər hansı bir ölkənin yerli valyutasının möhkəmlənməsi və bu ölkənin dövlət istiqrazlarından eyni anda əldə edilən mənfəətdir. Yəni xarici investorlar hər hansı bir ölkənin valyutası sərt ucuzlaşdığı zaman, əsasən, ABŞ dollarında olan vəsaitlərini bu ölkənin valyutasına çevirib, bu ölkənin dövlət istiqrazlarına yatırır. Onların ölkəyə gətirdiyi valyuta dolların ucuzlaşmasına səbəb olur və müəyyən müddətdən sonra onlar həm məzənnə gəliri, həm də dövlət istiqrazlarından gəlir əldə edirlər. Daha sonra isə bu ölkələrdə faizlər aşağı düşdükdən və yerli valyuta kifayət qədər möhkəmləndikdən sonra xarici investorlar sürətlə bu ölkələrdən kapitallarını uzaqlaşdırırlar.

Hazırda "emerging market"lərdə xarici investorların qaçış dönəmi yaxınlaşmaq üzrədir. Məsələn, Rusiyada son 2 ildə dolların məzənnəsi 86 rubldan 58 rubla, yəni 33%-ə yaxın düşüb. Dövlət istiqrazlarının gəlirliliyi isə 17%-dən, təxminən, uçot dərəcəsinə yaxın, yəni 8%-ə kimi geriləyib. Başqa sözlə, xarici investorlar Rusiyada real olaraq 2 il ərzində 67% qazanıblar.

Hazırda isə "emerging market"lərdə qalmağın mənası azalıb. Bu ölkələrin valyutaları maksimum dərəcədə möhkəmlənib, faizlər isə minimuma düşüb. Bundan sonra bu ölkələrdə böyük ehtimalla mənfi trend gözlənilir. İnvestorlar bu kateqoriyadan olan ölkələrdə hər an faizdən əldə etdikləri gəliri məzənnə fərqində itirə bilərlər. Bunun əvəzində, ABŞ-da uçot dərəcəsi yüksəlir. 

Dekabr ayında ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizləri 1,5%, önümüzdəki il üçün isə 2,5%-ə çatdıracağı ehtimal edilir. Xarici investorların tədricən "emerging market"lərdən çıxaraq "developing market" - inkişaf etmiş ölkələrə yönəlməsi gözlənilir. Bu da inkişaf etməkdə olan ölkələrin likvidlik problemi ilə üzləşməsinə səbəb olacaq. Bununla yanaşı, bu ölkələr getdikcə daha yüksək faizlə xaricdən borc alaraq öz valyutalarını qorumağa, öhdəliklərini yerinə yetirməyə, büdcə kəsirini örtməyə məcbur olacaq. Nəticədə xarici borclar daha da artacaq. Kapital axını nəticəsində həmin ölkələrin valyutalarında kəskin ucuzlaşma qaçılmaz olacaq.

Son xəbərlər

Orphus sistemi