Gürcü politoloqlar: “Kumurdo məbədi gürcülərə məxsusdur və ermənilər ora iddia edə bilməz” - RƏY

Gürcü politoloqlar: “Kumurdo məbədi gürcülərə məxsusdur və ermənilər ora iddia edə bilməz” - RƏY Vəziyyət gərgin olduğundan Gürcüstan hökuməti əraziyə xüsusi təyinatlılar göndərib və ölkənin daxili işlər naziri Kumurdo kəndində olub
Analitika
5 Oktyabr , 2017 16:23
Gürcü politoloqlar: “Kumurdo məbədi gürcülərə məxsusdur və ermənilər ora iddia edə bilməz” - RƏY

Tbilisi. 5 oktyabr. REPORT.AZ/ Son günlər ermənilərin Gürcüstanın Axalkalaki rayonunun Kumurdo kəndində yenidən fəallaşması, bu ölkənin tarixi-mədəni abidələrinə sahib çıxmaq iddiaları və bununla əlaqədar iğtişaşlar törətməsi gürcü ictimaiyyətinin qəzəbinə səbəb olub. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gürcü politoloqlar bunu bəzi separatçı qüvvələrin əli ilə Gürcüstanda ictimai-siyasi sabitliyi pozmaq cəhdi kimi qiymətləndirirlər.

Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Badri Naçkebia “Report”a müsahibəsində deyib ki, erməni millətçilərinin Gürcüstandakı mədəni-tarixi abidələri özününküləşdirmək cəhdi birinci dəfə deyil baş verir: "Onlar dəfələrlə ərazilərimizə, tarixi-mədəni abidələrimizə qarşı iddialar irəli sürüblər. Lakin son günlər ermənilərin Kumurdo kəndindəki X əsrə aid gürcü məbədinə sahib çıxmaq cəhdləri bir qədər fərqli görünür. Bilirsiniz ki, Gürcüstanda yenə də seçkilər keçirilir. Seçkilər ərəfəsində yenidən fəallaşmaq bir sıra qaranlıq məqamlardan xəbər verir. Burada separatçı qüvvələrin rolu böyükdür. Onlar yenə də ermənilərin əli ilə Gürcüstandakı ictimai-siyasi sabitliyi pozmağa çalışırlar".

Badri Naçkebia

Siyasi təhlilçinin fikrincə, digər amil qlobal xarakter daşıyır: “Dünyada super güc hesab olunan dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar dövlətlərin ərazi bütövlüyü məsələsinə və separatizmə yanaşmada ikili standartlara son qoymalıdırlar. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Onların işğalçıya qarşı kəskin, sərt mövqe nümayiş etdirməmələri daha böyük cinayətlərə yol açır”.

B.Naçkebia hesab edir ki, İspaniyanın Kataloniya Muxtar Əyalətinin müstəqilliyi ilə bağlı fikirlərin səsləndiyi bir vaxtda separatçı, qondarma “Abxaziya hökuməti” Kataloniyanın müstəqilliyini tanımaq barədə bəyanat yayıb: "Əslində bu özü beynəlxalq qurumların separatizmə yanaşmada yürütdükləri yumşaq siyasətin nəticəsidir. Ermənilərin Kumurdo kəndində fəallaşması da buna bənzər hadisədir və dünya ictimaiyyəti bunu kəskin qınamalıdır”.

Siyasi şərhçi Mamuka Areşidze isə deyib ki, ermənilər artıq neçə ildir Kumurdo kəndindəki kilsənin erməni mədəni irsinə aid olduğunu iddia edirlər: "Kimsə onlara deyib ki, kilsənin üstündəki yazılar qədim erməni dilindədir. Qədim erməni və gürcü əlifbası oxşardır və kəndin əhalisi həmin əlifbanı oxuya bilmir. Əslində isə bu kilsə, eləcə də Kumurdo gürcülərə məxsusdur".

Mamuka Areşidze

M.Areşidzenin sözlərinə görə, Kumurdo kəndi ermənilərin məskunlaşdığı Cavaxetiya bölgəsi üçün problemdir: "Bu kənddə kriminal ünsürlər və silah çoxdur. Hətta bu kənddən olan ermənilər başqa ölkələrdə, eləcə də Rusiya paytaxtı Moskvada başqa bölgələrdən olan ermənilərlə yola getmirlər. Onlar təxribata meylli, “ehtiraslıdırlar”. Bəzi qüvvələr də onların bu xüsusiyyətlərindən sui-istifadə edərək aranı qarışdırmaq, Gürcüstanda sabitliyi pozmaq istəyirlər”.

O vurğulayıb ki, buna yol vermək olmaz: "Gürcüstan hökuməti də düzgün hərəkət edib və hadisələrin daha da genişlənməsinə imkan verməyib”.

Hər iki politoloqun fikrincə, ermənilərin bu cəhdləri heç bir nəticə verməyəcək: "Tarixi saxtalaşdırmaq, başqa xalqların mədəni irsinə sahib çıxmaq, mədəni abidələri məhv etmək separatizmin nümunəsidir və beynəlxalq ictimaiyyət bu kimi hallara qarşı birgə mübarizə aparmalıdır".

Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyinin mütəxəssisləri Kumurdo kəndində X əsrə aid kilsədə təmir və yenidənqurma işləri aparmaq üçün bölgəyə gediblər. Lakin kənd əhalisi kilsənin ermənilərə məxsus olduğunu iddia edərək məbədin erməni arxitektorlar tərəfindən təmir olunmasını tələb ediblər. Vəziyyət gərgin olduğundan Gürcüstan hökuməti əraziyə xüsusi təyinatlılar göndərib və ölkənin daxili işlər naziri də Kumurdo kəndində olub.

Son xəbərlər

Orphus sistemi