Girovların qaytarılması, atəşkəs, tərk-silah - Qəzzada sülh və ya müharibənin əsasları - ŞƏRH

Analitika
  • 30 oktyabr, 2025
  • 15:07
Girovların qaytarılması, atəşkəs, tərk-silah - Qəzzada sülh və ya müharibənin əsasları - ŞƏRH

Bu günlərdə Qəzza zolağında, Rəfahda qarşılıqlı atəş açılıb. Bu hadisələr nəticəsində İsrail və Fələstin tərəfdə ölənlər və yaralananlar olub.

Atəşin əvvəlcə zolaqdan açıldığı bildirilib. Bu zaman israilli iki hərbçi ölüb. Qarşı tərəfin artilleriya zərbələri nəticəsində çoxlu sayda fələstinlinin öldüyü iddia olunur.

ABŞ Prezidenti Donald Tramp hadisəni şərh edərkən deyib ki, atəşkəs təhlükə altında olmayacaq, ancaq İsrail hərbçiləri zərər çəkərsə, onun cavab vermək hüququ var: "Heç nə Qəzza zolağında atəşkəsi təhlükə altına almayacaq. İsrail vətəndaşlarını və hərbçilərini qorumalıdır. Onlar İsrail əsgərini öldürdülər. Ona görə də israillilər cavab zərbəsi endirdilər".

HƏMAS isə atəş açmadığına dair açıqlama yayaraq bildirib ki, atəşkəs rejiminin şərtlərinə riayət edirlər. Xəbərlərə görə, İsrail hərbçiləri snayper tərəfindən öldürülüb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens də baş vermiş son atışmaya şərh verərək onun Zolaqda atəşkəs rejiminin pozulmasına səbəb olmayacağını bildirmişdi.

O qeyd edib ki, Vaşinqton bu vəziyyəti yeni eskalasiyanın başlanğıcı kimi qəbul etmir. Vens münaqişənin belə mərhələlərində "kiçik toqquşmaların" mümkün olduğunu vurğulayıb.

Baş verənlərə əsasən, atəşkəs rejiminin pozulmasında üçüncü qüvvənin olduğu ehtimal edilir. Bunlar kimlərdir? HƏMAS daxilində bu rejimi qəbul etməyən, girov və əsirlərin mübadiləsinə qarşı çıxan, komandanlığa, təşkilata tabe olmayan silahlılar, İsraili tərk-silah etmək istəyənlər, Qəzzaya sızmış Livandakı "Hizbullah" silahlıları, husilər, İran kəşfiyyatı və s. qeyd etmək olar.

O zaman bölgədə başqa silahlı qruplaşmaların aşkarlanması üçün HƏMAS-ın silahsızlaşdırılması məsələsi yenə aktuallaşır.

Qruplaşmanın xaricdəki yüksək səviyyəli nümayəndəsi Məhəmmad Nazal Qətərin qruplaşmanı tərk-silah etməyə inandırmaq səyləri ilə bağlı bildirib ki, Qətərin baş naziri Mohammadın ben Abed ar-Rahman əl-Tani ilə danışıqlar davam edir. Onun sözlərinə görə, HƏMAS-ın diplomatik missiyası bu yaxınlarda Qahirədə olub, həmçinin Dohada Türkiyə tərəfi ilə görüş keçirilib və bəzi məsələlər üzrə dialoq dayanmayıb.

Nazalın sözlərinə görə, silahlanma məsələsinin müzakirəsi aparılıb, ancaq bu məsələ üzrə son mövqe hələ nə vasitəçilər, nə də təşkilat tərəfindən formalaşdırılıb. O bildirib ki, HƏMAS silahsızlaşdırmaya milli məsələ kimi baxır: "Yaxın gələcəkdə başqa demokratik fraksiyalarla müzakirə etməyi planlaşdırırıq. Son qərar ondan sonra qəbul ediləcək".

İsrailin Qəzza zolağında "sarı xətti" (İsrail Müdafiə Ordusunun nəzarət etdiyi ərazi) genişləndirmək ehtimalını şərh edən Nazal vurğulayıb ki, qarşı tərəfin bu cür hərəkətləri "mövcud sazişi pozacaq və bu məsələnin bütün Fələstin fraksiyaları tərəfindən birgə müzakirəsini tələb edə bilər". O əlavə edib ki, bütün variantlar açıq qalır və qərar yüksək məsuliyyətlə qəbul ediləcək.

Məhəmmad Nazalın sözlərinə görə, son hadisələr, "sarı xəttin" genişləndirilməsi atəşkəs sazişinin pozulmasına səbəb olmayacaq.

HƏMAS-ın danışıqlar aparan qrupunun rəhbəri əl-Haiya isə bildirib ki, silahsızlaşma "işğalın və təcavüzün mövcudluğu ilə bağlıdır". Onun sözlərinə görə, İsrail zolaqdan çıxarsa, silah dövlətə (Fələstin dövlətini nəzərdə tutur-müəl.) veriləcək". O əlavə edib ki, Fələstin fraksiyaları və vasitəçilərlə aparılan danışıqlar ilkin mərhələdədir.

Deməli, atəşkəs rejiminə əməl ediləcəyinə əminlik növbəti mərhələlərin reallaşması üçün ilk və əsas addımdır. Bu özlüyündə tərk-silah, yeni hökumətin qurulması, yenidənqurma və tikinti, bərpa işlərinin aparılması, qaçqınların qayıdışı, habelə seçkilərin keçirilməsi və başqa mərhələlərin reallaşmasına şərait yaradır.

Əl-Haiya əlavə edib ki, təşkilat bölgənin idarəetməsini inzibati komitəyə verməyə hazırdır və onun anklavda yaşayan "istənilən bir milli xadim" tərəfindən idarə olunmasına da etiraz etmir.

Bu, artıq HƏMAS və Fələstin qruplaşmalarının Qəzzanın idarəedilməsini müvəqqəti komitəyə verməyə razılaşdıqları anlamına gəlir.

Yayılan məlumatlara əsasən, Qəzza zolağını 15 fələstinli texnokratdan ibarət komitə idarə edəcək. Misirin xarici işlər naziri Badr Abdel Atinin sözləinə görə, Şuranın başçısı ABŞ Prezidenti Donald Tramp olacaq. O vurğulayıb ki, Komitə Qəzzada insanların gündəlik həyatını təmin etmək üçün fəaliyyət göstərəcək, Sülh Şurası isə Qəzzanın yenidən qurulmasına ayrılacaq, yönələcək maliyyə axınını dəstəkləməli və nəzarət etməlidir.

Komitənin tərkibini HƏMAS qruplaşması da daxil olmaqla Fələstindəki bütün fraksiyalar təsdiq edib. Nazir deyib ki, həmin tərkibi İsrail hakimiyyəti "yoxlayıb". O, komitə üzvlərinin adlarını açıqlamayıb.

Bəzi mənbələr isə iddia edirlər ki, HƏMAS texnokrat hökumətin, komitə üzvlərinin yarısının təyin edilməsində əsas rol oynayıb.

Bütün bu kimi məsələlərə baxmayaraq, HƏMAS ABŞ-nin Qəzzada sülh planını dəstəklədiyini, keçid dövründə iştirak etməyəcəyini bildirib. Bununla yanaşı, qruplaşma İsrail hərbçilərinin regiondan çıxmasını, humanitar yardımların çatdırılmasını və komitənin işinin təmin edilməsini vacib saydığını gizlətmir.

Girovların mübadiləsi başlanmış sülh prosesinin əsas amillərindəndir. Çünki HƏMAS-ın əlində İsrailə və gedişata iki təsir imkanı var: girovlar və silahlar. Hər iki istiqamətdə proses ləng gedir. Girovların və əsirlərin bəzilərinin meyitlərinin qalıqlarını HƏMAS hələ tapa bilmədiyini iddia edir. Qarşı tərəf bunu "tamaşa" adlandırır. Bu "tamaşa" uzanarsa, ABŞ və İsrail axtarış üçün qruplaşmaya "yardım etmək" məqsədilə zolağın hərəkatın nəzarətində olan hissəsinə daxil ola bilər. Belə bir vəziyyətdə qruplaşmanın "təmkin" nümayişinə vaxtı qalmayacaq.

Elə silahsızlaşdırma məsələsi də ona oxşayır.

Donald Tramp bu məsələlərlə bağlı bildirib: "Yaxın Şərqdə çox möhkəm sülh var. İnanıram ki, onun əbədi olması üçün yaxşı şanslar var. HƏMAS iki amerikalı da daxil olmaqla həlak olmuş girovların meyitlərini tez qaytarmağa başlamalıdır. Əks halda sülh prosesində iştirakçı dövlətlər hərəkətə keçəcək". Onun fikrincə, bəzi meyitləri qaytaramaq çətin olsa da, digərlərini indi qaytara bilərlər: "Ancaq naməlum səbəbdən bunu etmirlər".

Trampın sözlərinə görə, ola bilsin, bu, HƏMAS-ın tərk-silahı ilə bağlıdır: "Hər iki tərəfə ədalətli yanaşılacaq deyəndə, bunun yalnız onların öhdəliklərini yerinə yetirəcəkləri halda mümkünlüyünü nəzərdə tuturam".

Göründüyü kimi, hər iki məsələ ilə bağlı sülh planında nəzərdə tutulan maddələrin icrası Qəzzada yeni vəziyyətin yaranmasına təkan verə bilər. Bu tələblərin yerinə yetirilməməsi gərginliyin yenidən yaranmasına, müharibənin başlamasına yol aça bilər. ABŞ və onun sülh planını dəstəkləyən dövlətlər döyüş əməliyyatlarının bərpasında maraqlı görünmürlər. Bu isə HƏMAS-da müəyyən arxayınlıq yaradır.

Ancaq onlara verilən möhlətin uzun sürməyəcəyi də istisna olunmur. Çünki İsrailin xüsusi xidmət orqanları bildiriblər ki, hökumət şimal və cənub sərhədlərində vəziyyətin gərginləşməsi, təxribat və kiberhücumlar təhlükəsinin artması fonunda təhlükəsizlik tədbirlərini gücləndirir. Təbii ki, Livandakı "Hizbullah" və Qəzzadakı HƏMAS-ın fəaliyyəti, onları dəstəkləyən qüvvələr nəzərdə tutulur. Yəhudi dövlətinin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) məlumatına görə, son həftələrdə terror qruplarının agentləri İsrail ərazisinə sızma cəhdlərini artırıb.

Bu, mövcud vəziyyətlə bağlı qısa icmaldır. Belə qənaətə gəlmək olar ki, HƏMAS girovları, əsirləri, yaxud onların meyitlərinin qalıqlarını qaytarmazsa, tərk-silah olunmazsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə onu məcbur edə bilərlər. Bu isə müharibənin yenidən başlaması ilə nəticələnər.

Ancaq savaşın yenidən başlayacağı ehtimalı da çox deyil. Düzdür, tərəflər arasında mövcud sülh, atəşkəs çox kövrəkdir. Ancaq onun güclənməsi, möhkəmlənməsi üçün təminatçı dövlətlər var. HƏMAS-ı dəstəkləmiş, yaxud potensial belə qüvvələr artıq bu mövqedə çıxış etmirlər. Ona görə də qruplaşmanın şərtlərə əməl etməkdən başqa yolu qalmır. Görünür, HƏMAS yeni bazarlıq üçün fürsət axtarır. Ancaq onun mümkün yeni istəyi hələ məlum deyil.

Ona görə də bölgəyə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin daxil olması prosesinin sürətlənməsi Qəzzada sülhün möhkəmlənməsinə, yeni quruculuq və başqa işlərin görülməsinə təkan verər. Bu, ABŞ-nin dəstəyi ilə yaradılacaq çoxmillətli missiyadır. Onun vəzifəsi təhlükəsizliyi təmin etmək, humanitar yardımın göstərilməsinə köməklik göstərmək, döyüş əməliyyatları dayandırıldıqdan sonra Qəzza sektorunun bərpasına nəzarət etməkdən ibarətdir. Missiya, habelə, zorakılığın yenidən başlanmasının qarşısını almağa, zəruri infrastrukturun bərpasına kömək etməyə və sabit idarəetməyə keçidi dəstəkləməyə yönəlib.

Beləliklə, Qəzzada tərk-silah üçün HƏMAS nəzəri olaraq hazırdır. Girov, əsir və ölənlərin meyitlərinin qaytarılması prosesi isə gedir. Belə bir şəraitdə qruplaşmanın müharibəyə başlamaq cəhdi daha çox onun gələcəyini şübhə altına alır. Odur ki, Qəzzada yenidən savaşın olmayacağına ümid çoxdur...

Son xəbərlər

Bütün Xəbər Lenti