Fransada seçkiqabağı qalmaqal: əxlaq göstəricisi - ŞƏRH

Fransada seçkiqabağı qalmaqal: əxlaq göstəricisi - ŞƏRH Ölkə fövqəladə vəziyyət rejimində prezident seçkisinə gedir
Analitika
2 Mart , 2017 15:22
Fransada seçkiqabağı qalmaqal: əxlaq göstəricisi - ŞƏRH

Bakı. 2 mart. REPORT.AZ/ Fransada bu il prezident seçkisinin birinci turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. Bu siyasi kampaniyanın keçirilməsinə vaxt daraldıqca seçkiqabağı bir sıra qalmaqallı hadisələr də baş verir.

Azərbaycan üçün sıradan bir dövlət olmadığından Fransada baş verən böyük siyasi, ictimai və iqtisadi hadisələr maraqlıdır. Azından bu dövlət Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsində vasitəçilərdən biri, yəni ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Ölkədə ermənilərin güclü lobbisi fəaliyyət göstərir. Prezidentliyə, deputatlığa və digər seçkili orqanlara namizədlər bir qayda olaraq onlara da bəzi iddiaları ilə bağlı vədlər verir. Bu kimi məsələlər baxımından Fransada keçiriləcək seçki ilə bağlı xəbərlər də Azərbaycan cəmiyyəti müəyyən mənada maraq kəsb edir.

Ölkənin elitar sayılan siyasi dairələrində həmişə qalmaqallı hadisələr baş verir.

 Jüli Qaye, Fransua Olland,Valeri Triyerveyler

Sosialist Partiyasından namizədliyi irəli sürülən Fransua Olland 2012-ci ildə prezident olub. Prezident olduqdan iki il sonra onun aktrisa Jüli Qaye ilə gizli eşq macərası yaşadığı üzə çıxdı. Bununla da Valeri Triyerveylerlə əlaqələrinə birdəfəlik son qoydu. Fransa dövlət başçısı artıq keçmiş sevgilisinin Prezident Sarayına daxil olmasına da qadağa qoyub.

Qeyd edək ki, F.Olland  heç vaxt rəsmi şəkildə ailə qurmayıb. Sosialist siyasətçi 28 il Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Hazırda Fransua Oland özündən 10 yaş kiçik olan jurnalist Valeri Triyerveylerlə vətəndaş nikahındadır. O zaman bu hadisə ölkə prezidentinin şəxsi məsələsi kimi qiymətləndirildi. Ancaq hər halda bunu Fransa cəmiyyətinin normalarından da saymaq olar.

Bill Klinton - Monika Levinski hadisəsindən fərqli olaraq, Fransua Ollandı elə ciddi siyasi təhlükə təhdid etmədi.

Nikola Sarkozi, Karlo Brune

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi də hakimiyyətə gəldikdən sonra yenidən evləndi. O, italiyalı model Karlo Brune ilə üçüncü dəfə ailə qurdu. O, ölkənin aparıcı müxalifət partiyası hesab olunan Xalq Hərəkatı Uğrunda İttifaqın yeni sədri seçilməklə 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq şansı əldə etmişdi. Ancaq Sarkozinin adı korrupsiya qalmaqalında hallandığından bu iddiadan məhrum oldu.

Dominik Straus-Kan

2012-ci ildə keçirilmiş prezident seçkisində ən şanslı namizədlərdən biri Beynəlxalq Valyuta Fondunun o vaxtkı direktoru Dominik Straus-Kan idi. Ancaq o, Nyu-Yorkda Sofitel otelinin 32 yaşlı xidmətçisinin şikayəti əsasında həbs olundu. Qadın iddia edirdi ki, Straus-Kan onu öz nömrəsində zorlamağa cəhd edib. Fransada seçki kampaniyası başa çatdıqdan sonra Straus-Kan sərbəst buraxldı. O, Fransa Sosialist Partiyasının üzvü idi.

Fransua Fiyon, Penelopa

Ötən gün isə prezidentliyə ən şanslı namizəd Fransanın keçmiş baş naziri Fransua Fiyonun həyat yoldaşı Penelopanın polis tərəfindən saxlanılması ölkənin siyasi həyatında yeni qalmaqal üçün səbəb oldu. Məlumatlara əsasən, ona qarşı rəsmi istintaq aparılır. Yanvarın 25-də Fransa Maliyyə Prokurorluğu Penelopanın işi üzrə mesajlarının yoxlanmasına başlayıb. Fransa mətbuatı xanım P.Fiyonun 1992-ci ildən 2002-ci ilə qədər parlament üzvünün köməkçisi vəzifəsində dövlət büdcəsindən maaş almaqla 500 min avro qazandığını yazır.

Ancaq Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd olan Fransua Fiyon dövlət vəsaitinin mənimsənilməsi və saxta iş yerinin yaradılması işi üzrə ittiham olunmasına baxmayaraq, seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu bildirib. O, martın 15-də dövlət əmlakının mənimsənilməsi işi üzrə məhkəməyə çağırıldığını təsdiqləyib, amma bu ittihamları rədd edir. 

Fransa polisi

Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd olan Fransua Fiyonun seçki qərargahının rəhbəri Patrik Stefanini istefa verib.

Seçkiqabağı vəziyyətin daha da gərginləşəcəyi istisna edilmir. Çünki Fransada prezident seçkisi fövqəladə vəziyyət rejimində keçiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Fransada törədilən terror hadisəsi nəticəsində 130 nəfər ölmüşdü.

Ötən ilin dekabrında Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 2017-ci il iyulun 15-dək uzadılması barədə qərarı təsdiq edib.

Beləliklə, Fransa fövqəladə vəziyyət rejimində prezident seçkisinə gedir. Əsas namizədin isə saxtakarlıq etdiyi aşkarlandı. Düzdür, bütün bu olanlar demokratik dövlətdə cəzasız qalmayacaq. Ancaq Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlərdən birində belə hadisələrin baş verməsi ona güvəni, etibarı azaldır və münaqişənin həllində ədalətli mövqe tutacağına şübhə yaradır. Onların “şəxsi məsələ” adlandırdığı, vəzifədən sui-istifadə hallarının Qarabağ məsələsinin həllinə təsir etməyəcəyinə təminat varmı?! Məsələni Azərbaycana qarşı olanların xeyrinə həll etmək üçün qarşı tərəflərdən rüşvət almayacaqlarına, saxtakarlıq etməyəcəklərinə, yaxud yeni vətəndaş nikahına girməyəcəklərinə kim təminat verə bilər? Axı onlar demokratik cəmiyyətin qaydalarına güvənərək əxlaq normalarını yüksək vəzifəyə seçildikdən və ya həmin postda olarkən pozublar.

Son xəbərlər

Orphus sistemi