Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 19-dan 22-dək Yerevanda və Ermənistanın başqa iri şəhərlərində elektirk enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib.
Bu gün səhər polis aksiyaları dəyənəklər və su şırnağı ilə dağıdıb.
Ermənistanda sosial, yaxud başqa problemlərin yaranmasına təsir göstərən amillər hansılardır? Yaxud, nədən bu ölkədə enerji daşıyıcıları ilə bağlı tez-tez problemlər ortaya çıxır?
Son bir neçə ildə baş verən hadisələr sübut edir ki, Ermənistan bütün sahələr üzrə xaricdən, ya Rusiyadan, ya da diaspordan asılı vəziyyətdədir. Siyasi və iqtisadi asılılıq isə bir qayda olaraq, ölkənin həyatında ciddi problemlər yaradır.
Başqa sözlə asılı olduğu amillər güclənəndə Ermənistan da güclü olur, əks halda isə indiki oxşar vəziyyət yaşanır.
Ermənistan Elektrik Şəbəkəsi bu ölkəyə məxsus deyil. Onun yiyəsi Rusiyanın "İnter RAO EES" şirkətidir. Bu şirkət isə mövcud qiymətə elektrik enerjisini satmaq istəmir. Ona görə yeni qiymət tarifi irəli sürüb və hökumət onu təsdiqləyib.
Deməli, Ermənistanda elektrik enerjisinin bahalaşması Rusiya şirkətinin istəyinə uyğun gerçəkləşir.
Aksiya zamanı etirazçıların Rusiya əleyhinə şüarlar səsləndirməsi də bunu təsdiqləyir. Hətta iş o yerə çatıb ki, aksiyaçılar Rusiyanın Ermənistan ərazisindəki çoxsaylı sülhməramlı bazalarını "işğalçı" adlandırıblar. Ermənilər, həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və başqa strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu bildiriblər.
Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibiyik!" şüarının yazıldığı plakatlar tutublar.
Etirazçılar tariflərin azaldılması, rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbini də irəli sürüblər.
Yeri gəlmişkən, Ermənistanda elektrik şəbəkələri Rusiyaya məxsus şirkətlərin nəzarətindədir. Elektrik enerjisi qiymətləri son 2,5 il ərzində artıq üçüncü dəfədir ki, bahalaşdırılır.
Təbii qaz təchizatı da Ermənistan dövlətinin nəzarəti altında deyil. Bu sahə ilə Rusiyanın "Qazprom" dövlət şirkəti məşğul olur. 1997-ci ildə rəsmi Yerevan ölkənin təbii qaz sistemini Rusiyanın "Qazprom" şirkəti ilə 3 yerə bölmüşdü. Ermənistanın qaz təchizatı ilə "Armqazprom", "Armtransqaz" və "Armqaz" məşğul olurdu. Sonralar bunların hamısı Rusiyanın nəzarəti altına keçib. Hazırda Ermənistanın təbii qaz sisteminə "Qazprom"un yerli şirkəti "Qazprom Armeniya" nəzarət edir.
Qeyd edək ki, bu günlərdə rəsmilər İran-Ermənistan "Meğri-Qacaran" təbii qaz kəmərinin Rusiyanın "Qazprom Armeniya" şirkətinə satılacağını bildiriblər.
Beləliklə, Ermənistan baş verənləri, aşağıdakıları bir daha təsdiqləyir:
- Ermənistanın öz iqtisadiyyatı yoxdur və ölkə xaricdən idarə edilir;
- Rusiyaya tətbiq edilən sanksiyalar Ermənistanın həyatının bütün sahələrinə mənfi təsir göstərir;
- Azərbaycan torpaqlarını işğal etdiyinə görə regional layihələrdən kənar qalması Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb;
- Ermənistan adlı dövlət fiksiyadır və öz taleyi haqda qərar vermək iqtidarında deyil.
Son hadisələr belə bir ehtimalı da irəli sürməyə imkan verir ki, Ermənistanda keçirilən son aksiyalar yalnız elektrik enerjisinin qiyməti ilə bağlı məsələ deyil. Baş verənlər ermənilərin hələ bundan sonra da indiki ərazidə Ermənistan dövləti qurmağa cəhd göstərdiklərini təsdiqləyir.