Ermənistan hakimiyyətinin yuxarı eşalonunda qarışıqlıqdır. Hakim komandada istefalar çoxalıb. Ermənistanın baş naziri Nikol Paşinyanın adının bir sıra cinayət hallarında çəkilməsi ölkədəki siyasi vəziyyətin gərginləşməsinə impuls verib.
Hökumət başçısının adı almaz, siqaret və silah qaçaqmalçılığında hallanır. Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair işi araşdırır. Ermənistan KİV-nin yazdığına görə, koronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret dolu təyyarəni müsadirə etmiş Rusiya barəsində bunu demək çətindir”.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin etibarlı mənbələri bu barədə diqqətəlayiq məlumat verib: “Qaçaqmal siqaret işi Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Dərin və hərtərəfli araşdırma aparılır. Bu işdə Nikol Paşinyanla yanaşı, daha 17 nəfərin adı hallanır”. Bu işi ört-basdır etmək üçün Rusiyaya adam göndərildiyi, ancaq onun da əliboş qayıtdığı vurğulanıb.
Ötən gün Ermənistanın güc strukturlarının başçıları istefa verdi. Yaxın günlərdə hökumətdə dəyişikliklər gözlənilir. Ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan karantin rejimində oğluna toy etdiyi üçün istefaya göndərilib. Onun yerinə Onik Qasparyan təyin olunub. Davtyanın oğluna toy etdiyi şadlıq evi də bağlanıb. Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan da istefa verib. Onun yerinə Arqişti Kərəmyan gətirilib. E.Martirosyan başçılıq etdiyi qurumu “casuslardan təmizləyəcəyini” bildirmişdi. Bunun ardınca Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyanın xarici ölkələrdən birinə casusluq etdiyi xəbəri yayıldı. Hökumət üzvlərinin istefa verəcəyi ilə bağlı şayiə bir neçə gün əvvəl yayılmışdı. Onda E.Martirosyan istefa verməyəcəyini bildirmişdi. Onun istefasını 29 yaşlı Arqişti Kərəmyanın müavin təyin olunması ilə əlaqələndirirlər. Xidmətin direktoru istefa verdikdən sonra A.Kərəmyan onun yerinə təyin edilib.
Ermənistanın polis rəisi (daxili işlər naziri vəzifəsinə uyğun gəlir) Arman Sarkisyanın da yazdığı istefa ərizəsi qəbul olunub. Onun yerinə isə Vaqe Kazaryan təyin olunub.
İyunun 4-də isə Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan işdən çıxıb. Onun istefasını siqaret qaçaqmalçılığı ilə əlaqələndirirlər. “Siqaret işi”nə görə onun müavini Artur Manukyanın və başqa müavinlərinin də vəzifədən azad olunmaq üçün ərizə yazdıqları ilə bağlı məlumat yayılmışdı. Ancaq bu təsdiqini tapmayıb.
Hökumət üzvləri istefa verəcəklərini ictimaiyyətdən bir qayda olaraq gizlədiblər. Ancaq KİV hadisələr barədə bir neçə gün əvvəldən məlumat əldə edib. Məsələn, “Qraparak” qəzeti kütləvi istefalardan əvvəl yazmışdı ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın masasında azı 3-4 istefa ərizəsi var: “Ölkədə yaranmış gərginliyi azaltmaq məqsədilə hökumətin tərkibində dəyişiklik olacaq. Dəyişdirilənlər arasında baş nazirin müavini Tiqran Avinyan, əmək və sosial məsələlər üzrə nazir Zarui Batoyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan və səhiyyə naziri Arsen Torosyanın adları var".
Belə ehtimal etmək olar ki, hadisələr çox sürətlə baş verir. Yaxud Nikol Paşinyan komanda üzvlərinə qalıb, işləmələri ilə bağlı müraciət etmir. Ölkədəki vəziyyətə və hökumətdə baş verənlərə etiraz edənlər vəzifədən azad edilirlər. Bu, Nikol Paşinyanın vəziyyət və hadisələrə əsəbi münasibəti ilə də bağlı ola bilər. Baş nazir əhaliyə videomüraciətində Ermənistanda koronavirusla bağlı vəziyyətin fəlakət həddinə çatdığını bildirmişdi. O, son günlər ölkədə koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu fəlakətdir”.
Ötən gün keçirdiyi brifinqdə isə vəziyyətlə bağlı özəl klinikalara müraciət etdiyini və pandemiya ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edənlərin olduğunu deyib. O, bu məsələdən siyasi dairələrin yararlanmağa çalışdığını və onların dövrünün koronavirusla birlikdə başa çatacağını vurğulayıb.
Paşinyan ölkədəki vəziyyətdən siyasi məqsədlər üçün istifadə edənlərin yerinin “zibillik” olduğunu və onları ora göndərəcəklərini deyib: “Xalqın etimad göstərdiyi hökuməti sabotaj edənlər tarixin siyasi zibilliyində qalacaq. Hazırda onlar de-fakto oradadır, tezliklə de-yure həmin yerdə olacaqlar”.
Bununla da o, istefa verən və verəcək hökumət üzvlərinin, eləcə də müxalifət olan keçmiş komanda yoldaşlarının çıxış və davranışlarına münasibət bildirib.
N.Paşinyan Milli Təhlükəsizlik Xidmətinin yeni direktoru Arqişti Kərəmyanı iyunun 9-da kollektivə təqdim edərkən ona “məxməri inqilabın ideyalarına sadiq qalmağı” tapşırdığını söyləyib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Milli Təhlükəsizlik Xidmətinin direktoru, polis rəisi kimi strateji qurumların rəhbərləri 2018-ci ilin mayından sonra ikinci dəfədir dəyişdirilir. Onlardan yalnız hələlik biri - xidmətin keçmiş direktoru Artur Vanesyan fəal siyasi mübarizə aparır. Koronavirus rejimində o, Vətən Partiyasının təsis toplantısını da keçirdi.
Artur Vanesyan 1979-cu ildə anadan olub. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.
Bu günlərdə o, baş nazirin istefasını tələb edib: “Ölkədə fəlakət baş verdiyindən, vəziyyət gündən-günə ağırlaşdığından Paşinyan istefa verməlidir”.
A.Vanesyan hökumət başçısını hər şeyi məhv etməkdə və ətrafındakıların başına vurmaqda suçlayıb: “Bu, ölüm yoludur. Dayan, Nikol!”.
Qeyd edək ki, Nikol Paşinyanın istefası bu səviyyədə ilk dəfədir tələb olunur.
Vanesyandan sonra 2018-ci ildə Paşinyan başçılıq etidiyi siyasi qüvvələri dəstəkləyən milyonçu iş adamı, parlamentdəki Çiçəklənən Ermənistan Partiyasının, yaxud “Sarukyan” fraksiyasının lideri Qaqik Sarukyan da baş nazirin istefasının tələb edib. O, hökuməti 97 faiz deyil, 100 faiz istefa verməyə çağırıb. Partiya sədri bununla da 2018-ci ildə baş verən proseslərə qoşulmağa məcbur olduğunu sübut edib. Çünki Sarukyan Ermənistdakı əvvəlki hakimiyyətlərlə də əməkdaşlıq etmişdi. İki il əvvəlki hadisələrə qoşulmaqla özünü islahat tərəfdarı kimi cəmiyyətə sırımağa çalışsa da, ticarət obyektlərində yoxlamalar aparılanda gerçək mahiyyətinin ortaya qoydu. Düzdür, o, Ermənistan parlamentində müxalifət blokunda təmsil olunur. Ancaq Q.Sarukyan ali qanunverici orqana belə islahat tərəfdarı olduğu üçün düşmüdü. Ancaq ola bilər ki, parlament formalaşmazdan əvvəl keçmiş hakimiyyətlə razılaşmanın nəticəsi olaraq Q.Sarukyan və adamları deputat mandatı qazanıb.
İddia edilir ki, milyarder siyasətçi növbəti inqilabı etməyə hazırlaşır. O, 2018-ci il oktyabrın 2-də keçmiş hakim Respublikaçılar Partiyasına qoşularaq N.Paşinyanı növbədənkənar parlament seçkilərinə getməyə vadar etmişdi. Odur ki, milyonçu, işbaz deputat hökuməti istefa verməyə çağırır. O, prosesin “oktyabrın 2-si - 2”də tamamlanacağını bildirir.
Bu informasiyalar Ermənistanda siyasi səhnədə vəziyyətin gərgin olduğunu təsdiqləyir. Bəs N.Paşinyan vəziyyətə nəzarəti itirib? Baş nazir iyunun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu elan etdi. Bir həftə sonra isə ailəlikcə infeksiyadan sağaldığını bildirdi. Bu məsələnin özü az inandırıcıdır.
Məsələn, Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın hökumət başçısı naziri Castin Trüdo və xanımı Sofi Qrequar-Tryudo da bu virusa yoluxmuşdu. Ancaq onların bu xəstəlikdən sağalması 14 gündən artıq oldu.
N.Paşinyan və ailə üzvlərinin koronavirusa eyni gündə yoluxub, eyni gündə sağalmaları bir az şübhəli görünür. Daha doğrusu, belə ehtimal etmək olar ki, hökumət başçısı bununla diqqəti özü, ailə üzvlərinin timsalında koronavirusla bağlı vəziyyətə cəlb etməyə çalışıb. Ola bilsin bu müddət ərzində o, səhiyyə sistemindəki şəraitlə də tanış olub. Bir də hökumətdə baş verənlərə bir az kənardan baxmaq üçün vaxt qazanıb, habelə hakimiyyətdənkənar qüvvələr, məsələn, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan kimi siyasi “xaç atası” və ya başqaları ilə məsləhətləşmələr keçirib.
Çünki “sağalıb” işə başladığı gün güc strukturlarının rəhbərlərini kütləvi şəkildə istefaya göndərmək ehtimal edilən məşvərətin nəticəsi sayıla bilər. Belə çıxır, Ermənistanda hökumət çevirlişinə hazırlıq görülüb. Bu prosesə güc strukturları başçılıq edib. Ona görə də N.Paşinyan “sağalan” kimi həmin qurumların başçılarına hücuma keçib. Bununla da hakimiyyət və yaxud hökumət dəyişkliyinin qarşısı alınıb. Çünki bir hakimiyyətdə kütləvi istefalar və ya yüksək vəzifəli şəxslərin işdən kütləvi azad edilməsi daha çox hakim komandaya xəyanətin nəticəsi ola bilər.
Nəticə olaraq N.Paşinyanın komandası çalxalandı. Bu prosesin davam edəcəyi istisna olunmur. Çünki Ermənistan hakimiyyəti və ölkənin siyasi səhnəsindəkilər birmənalı olaraq xaricdən dəstək və maliyyə yardımı alırlar. Bu baxımdan kənar müdaxilələr yeni istefa və dəyişikliklərə səbəb ola bilər, bunun ehtimalı getdikcə artırır.
Ermənistan parlamentindəki üstünlüyü N.Paşinyana dəyişkiliyi asanlıqla etməyə imkan yaradır. Bu ali qanunverici orqanın 132 deputatı var. Onlardan 88-i hakim “Mənim addımım” blokunun, 44-ü isə müxalifətin təmsilçiləridir. Müxalifətdəki deputatlardan 25-i Sarukyan blokunun üzvləridir. 17-si isə qərbyönlü, Corc Sorosun “uşaqları” sayılan “İşıqlı Ermənistan” fraksiyasının üzvləridir.
Ermənistan konstitusiyasına əsasən, parlamentdəki deputatlar istefa verərsə, növbədənkənar seçkilər keçirilməlidir. Ölkədə sonuncu seçkilər 2018-ci il dekabrın 9-da keçirilib.
Çıxış və çağırışlara əsasən, “sarukyan”çıların istefaya getməyə daha tez razı olacağını ehtimal etmək olar.
“İşıqlı Ermənistan”ın lideri Edmon Marukyanın və başçılıq etdiyi siyasi qüvvənin Avropayönlü olduğunu nəzərə alsaq, 17 deputatın istefa verəcəyi az inandırcı görünür.
Bu baxımdan Ermənistanda parlament çevrilişi alınmaya bilər. Yeni inqilab üçün ən əlverişli variant güc strukturlarının hökumətə qarşı çıxması ola bilərdi. Ona görə də ehtimal etmək olar ki, N.Paşinyan koronavirusdan “sağalmanı” yarımçıq kəsərək vəzifəsinin icrasına başlamaqla bu çevrilişin qarşısını alıb.
Güc struturlarında kütləvi istefaları N.Paşiyan hökuməti üçün ilk çətin imtahan saymaq olar. Amma bunun ardı da gələ bilər. Parlamentdə Manukyanın yolundan dönməsi ilə hökumət çevirilişi asan, Vanesyanın xaricdən və keçmiş hakimiyyət nümayəndələri, əsasən, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın adamları tərəfindən dəstəklənməsi ilə hay-küylü baş verər.
Bir məsələyə də ötəri nəzər yetirək. Ermənistandakı ağır iqtisadi-maliyyə vəziyyətini daxili resursların hesabına normallaşdırmaq mümkün deyil. Çünki Ermənistan yarandığı gündən Rusiyanın dotasiyası hesabına mövcud olub. Son illər (2018-ci ilədək) Moskva rəsmi Yerevana “Qazprom” və “VTB” Bankı vasitəsi ilə yardım edirdi. Paşinyan hökumət başçısı olduqdan sonra “Qazprom” yeni siyasi qüvvələrə əvvəlki yardımları azaltsa da, adı çəkilən maliyyə qurumu ictimaiyyətin nüfuzunun itirməmək üçün müxtəlif aksiyalar keçirdi. Ancaq bu aksiya Ermənistanın üzləşdiyi vəziyyətdən çıxara bilmir.
Ölkədəki əlvan metallar mədənlərinin istismarı mübahisələrə görə tam gücü ilə fəaliyyət göstərmir.
Ehtimal etmək olar ki, hökumət başçısı dövlətin xəzinəsini ən asan yolla, qaçaqmalçılıqla doldurmağa üstünlük verib. Çünki bu halda heç bir vergi tutulmur. Həm özü qazanır, həm də dövlət. Rusiyada yaşadığı ehtimal olunan, Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan Paşinyanın “gizli” əməliyyatlarının üstünü açdı. Hökumət başçısı ona qarşı irəli sürülən silah, almaz və siqaret qaçaqmalçılığı ilə bağlı ittihamları hələ ki təkzib edə bilmir.
Beləliklə, Ermənistanda yeni hadisələr yetişir, ölkə ictimaiyyətini yeni sürprizlər gözləyir.