Azərbaycan gec-tez işğal altında olan torpaqları azad edəcək. Bu, Vətən Müharibəsidir. Azərbaycanın haqq işini müdafiə edən bütün vətəndaşlar onun iştirakçısıdır.
Deməli, sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi. Bəs döyüşlər niyə başladı? Əslində, bunun cavabını verdik. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün hücuma keçdi və cavabı verilir. Ancaq məsələ yalnız bununla bitmir. Bu “niyə” sualının cavabı bir az dərindədir. Azərbaycan tərəfinin öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək haqqı var. Bu baxımdan döyüşlərin hər an bərpa oluna biləcəyi istisna edilmirdi. Ancaq rəsmi Bakı 26 illik atəşkəsin tələblərinə əməl edib. Bu rejim yalnız Ermənistan tərəfindən pozulanda cavab verilib.
Əslində, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistan yeni torpaqlar işğal etmək üçün atəşkəsi pozaraq hücuma keçib. Döyüşlərədək işğalçı ölkə ilə bağlı vəziyyəti belə xarakterizə etmək olar. Ermənistan işğalçı olmasına baxmayaraq, özünü vəziyyətin sahibi, diktə edən tərəf kimi aparır. Ermənistan beynəlxalq vasitəçilərin münaqişə ilə bağlı təkliflərinə məhəl qoymayaraq, torpaqları işğaldan azad etmir, Qarabağdakı separatçıların danışıqlarda iştirak etməsinə çalışır. Rəsmi Yerevan özünü Qarabağ torpaqlarının yiyəsi kimi aparır. İşğal altında olan torpaqlara Livandan olan qaçıqınlar adı altında terrorçuları yerləşdirir. Terrorçu PKK ilə danışqlar aparır, onların Qarabağda məskunlaşmasına şərait yaradır.
Son aylar Ermənistan rəsmiləri, baş naziri Nikol Paşinyan, bu ölkənin prezidenti Armen Sarkisyan, müdafiə naziri David Tonoyan, silahlı qüvvələrin baş qərargahının rəisi Onik Qasparyan və başqalarının işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edir. Paşinyanın arvadı Anna Akopyan isə əlində avtomat Azərbaycan torpaqlarında işğalçı erməni hərbçilərə ruh verir. Avqustun sonunda da Ermənistanın müdafiə naziri David Tonoyan separatçıların başçısı Araik Arutunyanla hərbi əməkdaşlığı müzakirə edir. Bunun ardınca Paşinyan Qarabağa gəlib separatçılarla hərbi məsələlərin müzakirəsini aparır. Onun səfərindən bir həftə sonra, sentyabrın 10-da Ermənistan Qarabağda separatçılara dağlq relyef üçün uyğunlaşdırılan 10 “Ford” markalı təcili tibbi yardım avtomobili hədiyyə edir. Rəsmi Yerevan Rusiyadan 21 ədəd UAZ markalı təcili tibbi yardım maşını alır. “Hayastan” ümumerməni fondu isə sentyabrda Livan vətəndaşı olan ermənilər üçün keçirdiyi kampaniya nəticəsində 412 min ABŞ dolları toplayıb. Bu məbləğin 100 min ABŞ dollarını rusiyalı erməni iş adamı, “Taşir” şirkətinin sahibi Samvel Karapetyan verib. Bu iş adamı Qarabağda separatçılara da davamlı olaraq yardım edir. Belə donorların sayəsində separatçılar və Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Rusiyadakı erməni iş adamları ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlar da Ermənistana yardım edir. Ermənistanın maliyyə-iqtisadi vəziyyətinin ağır olduğunu ölkədəki aparıcı siyasi qüvvələr də çıxışlarında açıqlayır.
Son zamanlar Avropa İttifaqı Komissiyası məhkəmə sistemində islahat üçün Ermənistana 30 milyon avro ayırır. Həmin məbləğin 27 milyon avrosu birbaşa dövlət büdcəsinə köçürüləcək. Bu, düşdüyü ağır vəziyyətdə Ermənistan hökumətinə yardım olaraq qiymətləndirilir. Ermənistanın düşdüyü ağır maliyyə-iqtisadi vəziyyətdən xilas olması üçün böyük məbləğdə maliyyə vəsaitlərinə ehtiyacı var. Bunun üçün ona əsaslar lazımdır. Hərbi əməliyyatların başlaması bu səbəblərdən biri ola bilər. Artıq “Hayastan” fondu ianə ilə bağlı bank hesab nömrəsi açıb. Başqa bir məsələ də Ermənistanın müharibəyə qabaqcadan hazırlaşdığını təsdiqləyir. Rusiyadan İran vasitəsilə Ermənistana silah-sursat və hərbi texnikanın ötürülməsidir. Ən əsas məsələlərdən biri də Ermənistanda hakimiyyət uğrunda mübarizədir. Ermənistanda hökumət kimi müxalifətin də yetkinləşməsinə ehtiyac yaranıb. Bunun üçün hər iki tərəf bu istiqamətdə özünü təsdiqləməyə məqam axtarır. Müharibənin başlamasının səbəblərindən biri də daxili siyasi mübarizədir. Döyüşlərdən bir həftə əvvəl müxalifət payızda siyasi fəallığını artıracağını bildirib. Çiçəklənən Ermənistan, Vətən və “Daşnaksütyun” partiyaları oktyabrın 8-də saat 18-də Yerevanda “Azadlıq” meydanında “narazı xalqa” həsr edilən mitinq keçirməyi planlaşdırıb. Çiçəklənən Ermənistan Partiyasının üzvü İveta Tonoyan bildirmişdi ki, ötən iki ildə əhalinin müxtəlif təbəqələrinin ümidləri doğrulmayıb: “Bu gün cəmiyyətin narazılığı göz önündədir”. Ermənistanın qərbyönlü müxalifətinin lideri, İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan isə sentyabrın 27-dən əvvəl bildirmişdi: “Biz vətəndaşların da narazı olduğunu bilirik. Bizim gündəliyimiz bu narazılıqlar əsasında formalaşır. Onlar hökumətin istefasını tələb etsələr, parlamentdəki siyasi qüvvə olaraq, biz heç bir açıqlama gözləmədən parlamentdə impiçment prosesinə başlayacağıq”.
Nikol Paşinyan isə bütün tənqidçilərinə cavab olaraq 2050-ci ilədək qeyri-müəyyən strateji proqram irəli sürüb. Paşinyan bir il əvvəl açıqladığı vədlərini bu il təkrarlayıb. Bildirib ki, əhalinin sayını 5 milyon nəfərə çatdıracaqlar, aylıq əməkhaqqını bir neçə dəfə artıracaqlar və daha neçə-neçə boş-boş, əlçatmaz vədlər verib. Əlbəttə, bu cəmiyyəti sakitləşdirməyə hesablanmış fikirlərdir. Sentyabrın 26-da isə Paşinyan hökumətinin məhkəməsi Çiçəklənən Ermənistan Partiyasının sədri, milyonçu deputat Qaqik Sarukyan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etdi. Deməli, belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan cəmiyyətin diqqətini vəd verib həll edə bilmədiyi sosial problemlərdən yayındırmaq, hakimiyyət uğrunda mübarizə aparan qüvvələri sıradan çıxarmaq üçün diqqəti müharibəyə yönəldib. Çünki o, bundan əvvəl ölkə əhalisinin diqqətini Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsi və məhkəmə prosesi ilə qatırdı. İki ildən artıq sürən məhkəmə prosesində hələ də qərar qəbul edilməyib. Paşinyan Ermənistan cəmiyyətinin diqqətini Sarukyanın həbsi ilə yayındırmağa səy etdi. Ancaq qarşıdakı etiraz aksiyalarının qarşının alınmasına milyonçu deputatın həbsi azlıq edir.
Nikol Paşinyan koronavirusa qarşı mübarizə aparmaq məqsədilə Ermənistanda qanunsuz olaraq 6 ay fövqəladə vəziyyət rejimi tətbiq etdi. Sonra bu rejimi 2021-ci il yanvarın 11-dək karantin rejimi ilə əvəzlənib. Nikol Paşinyan pandemiya ilə bağlı görülən tədbirlərin arxasında gizlənə bilmədi. Çünki Ermənistan hökumətinin bu istiqamətdə gördüyü işlər uğurlu deyil. Bu ölkədə koronavirusa yoluxanların sayı azalmır. Paşinyan Koçaryan və Sarukyanın həbsinin, koronavirus pandemiyasının arxasında gizlənə bilmədi. O zaman hökumətə qarşıdan gələn təhlükəni önləmək üçün daha böyük aksiya lazım idi. Bu, Qarabağda Azərbaycanın kəndlərinə və mülki əhalisinə hücumdur. Qeyd edək ki, Nikol Paşinyanın hücumu müdafiə naziri David Tonoyan bir müddət əvvəl yeni torpaqlar tutacaqları barədə verdiyi anonsdan da məlum idi.
Bəs Ermənistanı bu addımı atmağa nə vadar etdi? Nikol Paşinyan hökuməti və havadarları bu müharibə ilə həm də Azərbaycan və Türkiyəyə qarşı aksiya başlayıb. Türkiyəni, o cümlədən Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarını, o cümlədən Rəcəb Tayyib Ərdoğanı sevməyən, onu qəbul etməyən qərb dövlətləri ilk növbədə məsələyə münasibət bildirməyə, atəşkəsə əməl etməyə çağırıb. Sətiraltı Türkiyəni ittiham ediblər. Azərbaycanın əks hücumundan əvvəl İran, Ermənistan, Rusiya və Avropa mətbuatı Türkiyə və Azərbaycana qarşı birgə təbliğata başladı. Sentyabrın 24-də İran KİV-in yaydığı məlumata görə guya “son aylar 10 minə yaxın vəhabidən ibarət terrorçu qruplaşma üzvləri Azərbaycana gətirilib”. Hərbi əməliyyatlar başlayan gün isə İslam Respublikasının informasiya vasitəsi yenə də Türkiyənin qaralayıb, guya “Türkiyə Azərbaycan Respublikasına 300 hərbi qüvvə göndərib”. İran KİV-in məlumatına əsasən, guya “hər bir döyüşçüyə 1 500 - 2 000 ABŞ dolları məbləğində aylıq verilir”. Bu sayaq informasiya eyni mənbədən idarə edilib. Çünki Ermənistanın Rusiyadakı səfiri Vardan Tolqanyan da “Qovorit Moskva” radiostansiyasına oxşar yalanlar danışıb.
İran bu müharibədə müsəlman Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün bir addım belə atmadı. Halbuki bu müqəddəs işi görmək üçün onun hər cür imkanı var idi. Türkiyənin bu prosesdə iştirakı isə tam mənada qanunidir. Çünki Türkiyə münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvüdür. Yeri gəlmişkən, qrupun tərkibinə aşağıdakı ölkələr daxildir: ABŞ, Fransa, Rusiya - həmsədr, başqa üzvlər – Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Finlandiya. Türkiyə istisna olmaqla bütün dövlətlər ermənilərin Dağlıq Qarabağda separatçı fəaliyyətinin güclənməsinə ya göz yumub, ya da yardım edib. Ermənistanın işğalçı siyasətinə qarşı çıxış etməyib. Həmsədrlər isə Azərbaycanın çoxsaylı etirazlarına cavasız qoyublar. BMT Təhlükəsizlik Şurasının torpaqların azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin bir müddəası belə yerinə yetirilməyib.
Görəsən, Ermənistan nəyə arxayın olub, bu cinayətə əl atıb? Rəsmi Yerevan əvvəlki kimi havadarlarına arxayın olduğu üçün bu addımı atıb. Ermənistan hakimiyyəti bu dəfə Türkiyəni də hədəfə alıb. Başqa sözlə, bu aksiyada rəsmi Ankara da hədəf seçilib. Rəsmi Yerevan və onun kimi düşünənlər hesab edir ki, Aralıq dənizinin şərq hissəsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək beynəlxalq ictimaiyyəti Türkiyəyə qarşı qoya biləcəklər. Bu, Yunanıstan və yunan Kiprinin son hadisələrə münasibətində özünü daha qabarıq göstərir. Ancaq bu da baş tutmadı. Onda erməni başqa bir məsələ ilə qalmaqal yaratmağa başladı. Onlar dünyaya car çəkib bildirir ki, guya Azərbaycanla Türkiyə onlara qarşı birgə əməliyyat keçirir. Bu yolla beynəlxalq ictimaiyyətin, xüsusilə havadarlarının Azərbaycan və Türkiyəni ittiham etməsinə nail olmağa çalışır. Onsuz da həmin qüvvələr illər uzunudur Azərbaycanın öz torpaqlarından imtinasına cəhd edirlər. İndiyədək həmin havadarları və himayədarlar Ermənistanı işğalçılığına görə tənbeh etməyib. Əksinə, işğalın uzanmasına yardım ediblər.
Erməni keşişləri, kilsəsi heç vaxt erməni etnosunun xeyrinə işləməyən, onda kin, nifrət hissini gücləndirən lobbi, havadarları yenə də erməniləri oynacaq kimi oynadırlar. Kilikiya evinin baş keşişi I Aramın müharibəni qızışdıran bəyanatı bunu təsdiqləyir. O, ermənilərə müraciətində bildirib: “Qarabağ bizim olub (guya ermənilərin - S.İ.), olacaq. Qoy Azərbaycan bilsin bir ordu olan bütün ermənilərə qarşı müharibə aparır...” Bu, erməni xalqını bəlaya salan kilsənin nümayəndəsidir. Başqasının torpağını işğala səsləyən çıxışı ilə aramların dindən uzaq cinayətkarlardır. Halbuki onların mənsub olduqları din insanlar arasında sevgi təbliğ edir.
Döyüşlər bir daha sübut etdi ki, Ermənistan Cənubi Qafqazda sabitliyi pozan başlıca amildir. Onlar nifrət, kin, işğalçı düşüncəsi və əməli ilə bölgədə sülhün sabitliyin, əməkdaşlığın yaranmasına mane olur. Azərbaycan əks-hücumu ilə Ermənistanı, erməniləri və havadarlarını bu adi həqiqəti başa salmağa növbəti dəfə cəhd edir. İşğalçını, terrorçunu və bu cinayəti dəstəkləyəni, sabitliyə və əməkdaşlığa mane olanı, olanları müdafiə etməkdən əl çəkin. Ermənistanın əməllərinin ağır nəticələrini hələlik Azərbaycan çəkir, ancaq növbə hamıya çatacaq.