Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb
- 05 noyabr, 2026
- 15:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası (AK) Ukraynaya 4,36 milyard avro köçürüb – bunun 3,7 milyard avrosu büdcə dəstəyi, 658 milyon avrosu isə müdafiə ehtiyacları üçün nəzərdə tutulub.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Vəsait 90 milyard avro dəyərində kredit proqramı çərçivəsində ayrılıb. Ukrayna büdcə tranşını almaq üçün vergi, büdcə və digər islahatlarla bağlı tələb olunan 12 şərti tam yerinə yetirib.
Müdafiə ehtiyacları üçün ayrılan vəsait pilotsuz uçuş aparatlarının, raketlərin, radarların, radioelektron mübarizə sistemlərinin və hava hücumundan müdafiə üçün döyüş sursatlarının alınmasına yönəldiləcək. Vəsaitin böyük hissəsi Ukrayna şirkətlərinin avadanlıqlarına xərclənəcək.
2026-cı ilin sonunadək Avropa İttifaqının (Aİ) daha 25,2 milyard avroluq maliyyə dəstəyi Ukrayna üçün əlçatan olaraq qalır. Lakin bu vəsaitin verilməsi müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən asılıdır.