Mərkəz: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər

ASK
  • 05 noyabr, 2026
  • 15:06
Mərkəz: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər

Qırmızı ət və bəzi quşçuluq məhsulları ilə müqayisədə balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından əhəmiyyətli üstünlüklərə malik ola bilər.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov

Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, bu da öz növbəsində əhalinin daha əlçatan qiymətlərlə keyfiyyətli və zəngin zülal mənbəyi olan balıq məhsulları ilə təmin edilməsinə, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

"Akvakultura istehsalının genişləndirilməsinə və bu sahənin istehsal potensialının artırılmasına xüsusi diqqət yetirilməlidir. Akvakultura ümumiyyətlə çoxşahəli istehsal sahəsi olmaqla yanaşı, onun inkişafı istehsalla əlaqəli digər sektorların da fəaliyyətinə müsbət təsir göstərir. Buraya balıq məhsullarının emalı, saxlanılması, daşınması, həmçinin soyuducu anbarlar və komplekslərin yaradılması kimi istiqamətlər də daxildir. Bu baxımdan akvakulturanın inkişafı, bütövlükdə balıqçılıq sektorunun kompleks şəkildə inkişafına təkan verir",-deyə E.Məcidov qeyd edib.

Direktor müavininin sözlərinə görə, akvakulturanın əsas üstünlüklərindən biri də istehsalçıya bazarın şərtlərinə və istehlakçı tələbinə uyğun olaraq istehsal prosesini əvvəldən planlaşdırmaq imkanı verməsi, məhsul təklifini idarə etməyə şərait yaratmasıdır: "Təbii su hövzələrində balıq ovunun mövsümi və təbii amillərdən asılı olması səbəbindən bu imkanlardan eyni səviyyədə istifadə etmək nisbətən çətin olur. Bununla yanaşı, sahənin iqtisadi səmərəliliyi də xüsusi diqqətə layiqdir.

44 filmi