Ekspert: "Səudiyyə Ərəbistanı və İran qəsdən münasibətləri kəskinləşdirib"

Ekspert: "Səudiyyə Ərəbistanı və İran qəsdən münasibətləri kəskinləşdirib" "Rəsmi Tehran üçün bu mərhələdə Fars körfəzi hövzəsində hegemonluğunu ələ keçirmək prinsipial əhəmiyyətə malikdir"
Analitika
5 Yanvar , 2016 16:38
Ekspert: Səudiyyə Ərəbistanı və İran qəsdən münasibətləri kəskinləşdirib

Bakı. 5 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərəbistanı hakimiyyəti İranla barışıq və sanksiyaların aradan qaldırılması məsələsində ABŞ prezidentinin hazırkı administrasiyasının siyasətindən narazıdır". Bunu "Report"a açıqlamasında Rusiyanın "Ali iqtisadi məktəb" Milli Tədqiqat Universitetinin professoru Dmitri Yevstafyev deyib.

Səudiyyə Ərəbistanında şiə alimi Nimr ən-Nimrin edam edilməsindən sonra İranla adıçəkilən ölkənin münasibətlərinin kəskinləşməsini şərh edən D.Yevstafyev hətta müharibənin də mümkün olduğunu qeyd edib: "Hazırkı vəziyyətə görə, tərəflər arasında hərbi əməliyyatların başlanması da realdır".

O bildirib ki, səudiyyəlilər İranla strateji barışığa doğru kurs alan ABŞ administrasiyasının davranışlarından xeyli narahatdır və ötən il ərzində bunu açıq-aydın görmək olardı.

D.Yevstafyev vurğulayıb ki, ABŞ hökuməti faktiki olaraq Suriyada səudiyyəliləri satıb və nəticədə rəsmi ər-Riyad Suriya münaqişəsində beynəlxalq təcridə məruz qalıb.

Şərqşünas Səudiyyə Ərəbistanının İranla münasibətləri kəskinləşdirmək istəyini ABŞ-ın rəsmi Tehranla barışıq məsələsini yavaşlatmaq və Birləşmiş Ştatları onlara yardım etməyə sövq etməklə izah edib.

Səudiyyə Ərəbistanı ilə qarşıdurma fonunda İranın regiondakı rolu haqqında danışan professor qeyd edib ki, rəsmi Tehran üçün bu mərhələdə Fars körfəzi hövzəsində hegemonluğunu ələ keçirmək prinsipial əhəmiyyətə malikdir: "İran Fars körfəzinə nəzarət etmədən regionun mərkəzi qüvvəsi ola bilməz".

Ekspert hesab edir ki, iranlılar da ABŞ ilə barışıq kontekstində qəsdən Səudiyyə Ərəbistanı ilə münasibətləri kəskinləşdirib: "Bu onu göstərir ki, İranın hazırkı rəhbərliyi üçün ABŞ-la münasibətlər onların regional hegemonluq istəklərindən üstün deyil. İranlılar yalnız amerikalıların onların regional maraqlarını nəzərə alacağı təqdirdə, ABŞ-la danışıqlar aparacağını göstərir. İranın regional maraqları isə aydındır. Odur ki, amerikalılar Səudiyyə Ərəbistanı ilə münasibətlərində balans yaratmalıdır".

Son xəbərlər

Orphus sistemi