Ekspert: İŞİD Mərkəzi Asiya və Qafqazı öz maraqlarının prioritet zonası kimi qiymətləndirir - ŞƏRH

Ekspert: İŞİD Mərkəzi Asiya və Qafqazı öz maraqlarının prioritet zonası kimi qiymətləndirir - ŞƏRH "İŞİD növbəti regional geosiyasi layihədir"
Analitika
5 Fevral , 2015 10:15
Ekspert: İŞİD Mərkəzi Asiya və Qafqazı öz maraqlarının prioritet zonası kimi qiymətləndirir - ŞƏRH

Bakı. 5 fevral. REPORT.AZ/ İŞİD-in Mərkəzi Asiya və Qafqaz regionlarına təsiri potensial təhlükədir. Bu barədə "Report"a siyasi elmlər namizədi, Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun aparıcı eksperti Zöhrə Əzizova bildirib.

"İŞİD eyni zamanda bir neçə genişmiqyaslı, o cümlədən qlobal məqsədlər güdən növbəti regional geosiyasi layihədir. Bir tərəfdən, müəyyən mənada həqiqətən də cihad hərəkatı olan İŞİD, şərti olaraq sünni əhalisinin çox olduğu regionlarda təsirinin artırılması və Mərkəzi Asiyaya qədər islam xilafətinin yaradılaraq genişlənməsi məqsədini güdür", - Z.Əzizova qeyd edib. 

O, həmçinin İŞİD-in Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz regionlarında sabitliyin pozulması və mövcud olan münaqişələrin qızışdırılması üçün bir alət olduğu ehtimalını da istisna etməyib.  

"İŞİD-in Mərkəzi Asiya və Qafqaz regionlarına təsiri ilk növbədə bu hərəkatın arxasında hansı siyasi qüvvələrin durduğunun məlum olmaması və onların real imkanlarının qiymətləndirilməsinin mümkünsüzlüyü səbəbindən potensial təhlükə mənbəyinə çevrilir. Yarandığı andan, yəni 2006-cı ildən bu yana İŞİD-ın artan aktivliyi ilə onun yüksək səviyyədə maliyyələşdirilməsi və təşkil olunması haqqında qismən danışmaq olar", - ekspert vurğulayıb.

Onun fikrincə, İŞİD Mərkəzi Asiya və Qafqazı öz maraqlarının prioritet zonası kimi qiymətləndirir. "Bununla yanaşı dərk etmək lazımdır ki, əsas təhlükə İŞİD-ın fəaliyyətində ideoloji, informasiya istiqaməti - yəni, sıralarına yeni tərəfdaşların cəlb olunmasında media texnologiyaları vasitəsilə həyata keçirdiyi informasiya terrorizmidir. Əlbəttə ki, bu ideologiyanın, xüsusilə də az sosial müdafiə olunan təbəqəyə aid vətəndaşlardan ibarət ənənəvi auditoriyası var", - Z.Əzizova bildirib.

Bundan başqa, onun fikrincə, "İslam Dövləti" və ya "Taliban" hərəkatının Mərkəzi Asiya və ya Qafqaz ölkələrindən olan üzvlərinin öz vətənlərinə qayıtması ilə bağlı ola biləcək riskləri də nəzərə almaq lazımdır. Həmin şəxslər qayıtdıqdan sonra yeni ekstremist təşkilatların yaradılmasına təsir edə və regionda terror təhlükəsini artıra bilərlər.   

Qeyd edək ki, bir müddət əvvəl Özbəkistan təhlükəsizlik qüvvələri bildiriblər ki, İŞİD terror təşkilatı yazda bu ölkədə terror aktlarını həyata keçirməyi planlaşdırıb. "İŞİD üzvləri 2015-ci ilin yazında Özbəkistan ərazisində bir sıra terror aktlatı törətməyi planlaşdırıb. Məhz buna görə biz sərhədlərin mühafizəsi üzrə tədbirləri gücləndiririk", -  Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Alişer Həmdəmov bildirib. 

Son xəbərlər

Orphus sistemi