Tayvandakı seçki ərəfəsində Çin tayvanlı seçicilərin Amerikanın onların ən böyük təhdidi olduğunu düşünməsini istəyir.
“Report” Böyük Britaniyanın
İyul ayında Tayvanın ən aparıcı qəzetlərindən biri olan “United Daily News” hökumətin gizli iclasının sızdırılmış protokollarına əsaslanan bir xəbər dərc edib. Xəbərdə Amerikanın Tayvanda adanın Müdafiə Nazirliyinin nəzdindəki laboratoriyada bioloji silah istehsal etməsini istədiyi iddia edilib. Tayvan və Amerika rəsmiləri bunu dərhal təkzib ediblər. Sızdırıldığı iddia olunan protokollar Tayvan hökumətinin adi protokol üslubunda yazılmayıb. Sənədlər Tayvanda deyil, materik Çində istifadə olunan rəsmi ifadələrlə dolu olub. Tayvan məmurlarının sözlərinə görə, bu, yəqin ki, Çin dezinformasiyası olub. Bununla belə, bu hekayə Tayvan tok-şouları və inflüenserlərini ağuşuna alıb. Bir neçə həftə ərzində bu daha çılğın bir iddiaya çevrilib: Tayvan 150 000 qan nümunəsi toplayacaq və amerikalılara təhvil verəcəkdi ki, onlar çinliləri öldürmək üçün bir virus inkişaf etdirə bilsinlər.
Bu cür dezinformasiya Tayvanda o qədər geniş yayılıb ki, analitiklər ona ayama da veriblər: “yi mey lun” və ya “Amerika skeptisizmi” narrativi. Onun yayılması Tayvan hökuməti və vətəndaş cəmiyyəti üçün gələn ilin yanvarında keçiriləcək fövqəl dərəcədə vacib prezident seçkiləri ərəfəsində böyük narahatlıq doğurur. Faktiki olaraq, tayvanlı seçicilərdən Tayvanın mümkün Çin işğalına qarşı çəkindirməni gücləndirməkdə Amerikanın tərəfində qalmalı və ya Çinlə əlaqələr qurmaq istiqamətində hərəkət etməli olduğuna dair qərar vermələri istəniləcək. Müxalif Qomindan səsverməni “müharibə və sülh” arasında seçim adlandıraraq hakim Demokratik Tərəqqi Partiyasının Çinə qarşı düşmənçiliyinin onu hücuma sövq edəcəyinə işarə edib. Çin hökumət rəsmiləri bu konsepsiyanı dəstəkləyərək ada üçün ən böyük təhlükə olaraq Çini deyil, Amerikanı təsvir edən narrativlər yayıblar. Dezinformasiyaların əksəriyyəti bu yalan məlumatı gücləndirmək üçün nəzərdə tutulub.
2018-ci ildən bəri dezinformasiyaya qarşı hökumət işçi qrupuna rəhbərlik edən Nazirlər Kabinetinin üzvü Lo Pin-çen bunun Tayvan cəmiyyətinə “ciddi şəkildə nüfuz etdiyini” söyləyib. “Əvvəl düşünürdük ki, seçki kampaniyası dövründə onların sayı çox olacaq. Amma indi normallaşıb. Bu, hər gün olur”. Tayvanlı seçicilərin əksəriyyətinin bu barədə heç bir fikri yoxdur. Dezinformasiyanı tədqiq edən Tayvanın “Doublethink Lab” qrupu tərəfindən bu yaxınlarda keçirilən sorğu respondentlərin cəmi 20 %-dən azının Tayvanda seçkilər zamanı yayılan yalan məlumatların xaricdən gəldiyinə inandığını göstərib. “Doublethink Lab”a rəhbərlik edən Puma Şen seçicilərin beşdəbirinin heç bir partiyaya aidiyyəti olmaması və onların həlledici bloka çevrilməsindən narahatdır.
“Seçicilərin yalnız 15 %-i Çin dezinformasiyasından həqiqətən təsirlənsə belə, seçkilərin nəticələrini dəyişmək üçün seçicilərin yalnız 7 %-i yetərlidir”, - o qeyd edib.
Tayvandakı bir araşdırma qrupu olan İnformasiya Mühitinin Tədqiqat Mərkəzi tərəfindən anti-ABŞ mərkəzli narrativlərlə bağlı son tədqiqlər onların əksəriyyətinin yayılmasına Çin aktorlarının kömək etdiyini göstərib. Ancaq yarısından çoxunun tayvanmənşəli olduğu ortaya çıxıb. Məruzənin müəllifi Çihao Yu deyir ki, bu, Çinin Tayvan cəmiyyətindəki çatlardan istifadə etdiyini göstərir. O, bir çox tayvanlıların “yetim zehniyyətinə” malik olduğunu irəli sürür: onlar Tayvanın 1970-ci illərdə Amerika diplomatik tanınmasını itirmək təcrübəsi səbəbindən kənar şəxslər tərəfindən tərk edilməkdən qorxurlar.
Rusiya dezinformasiya maşınının 2016-cı ildə Donald Trampın xeyrinə Amerikanın irqi və mədəni çatlarından istifadə etdiyi kimi, Çin aktorları da bu qorxuları istismar edir. Çinin Tayvandakı dezinformasiyası maşını da münaqişənin (həmçinin Ukraynadakı biolaboratoriyaların) arxasında Amerikanın dayandığını iddia edən Ukrayna müharibəsi ilə bağlı Rusiya təbliğatının əkizidir.
Keçmiş jurnalist və Çinin Tayvan mediasına təsiri haqqında kitabın müəllifi Çiyen Yu-yen deyir ki, Çin Tayvanda yalanları trend etmək üçün sistematik vasitələr hazırlayıb. O, Amerikanın Tayvanın çip istehsalçısı olan TSMC-ni “partlatmaq istədiyi” barədə saxta iddiaya işarə edir. Bu, “TikTok”un Çin versiyası olan “Douyin”də amerikalı bir qanunvericinin bu imkanı müzakirə etdiyinə dair yayımlanan çaşdırıcı bir video ilə ortaya çıxıb. Ertəsi gün səhər Tayvan qəzeti video haqqında bir xəbər dərc edib. Müxalifət deputatları və tok-şou aparıcıları qəzəblə çıxış ediblər. “Çinin “Douyin”indən Tayvan KİV-nə, videolarına, qəzetlərinə və televiziyasına səyahət yarım gündən az çəkdi”, - xanım Çiyen etiraf edib. Çin dövlət mətbuatı, Tayvanda baş verənləri kənardan şərh edən kimi, bu narrativi daha da gücləndirib.
Tayvan rəsmiləri güman edirlər ki, anti-ABŞ istiqamətində yalan məlumat yayan tayvanlıların çoxu Çindən sifariş və ödənişlər alan “yerli kollaborantlar”dır. Ancaq bunu sübut etmək çətindir, çünki güman edilən Çin maliyyələşdirməsi, ehtimal ki, tayvanlı iş adamları və ya ictimaiyyətlə əlaqələr üzrə firmalar vasitəsilə həyata keçirilir. Çin mediası və çinyönümlü Tayvan mediası üçün tez-tez anti-ABŞ narrativləri yazan yerli şərhçi Van Kun-yi işini qazanc mənbəyi kimi görür və onu müdafiə edir. Vanın sözlərinə görə, Tayvanda bütün jurnalistlər öz qəzetlərinin rəhbərlərinin qərəzinə xidmət edir. Adıçəkilən jurnalist həm müstəqillik, həm də birləşmə tərəfdarı olan qəzetlərdə işləməsi ilə seçilir.
“Hər kəs buna sadəcə iş kimi yanaşır. Bu özünü dolandırmaq üçün bir vasitədir”, - o əlavə edib.
Tayvanın xarici nüfuza və seçki təsirinə qarşı qanunları var, lakin bu qanunların təsir imkanları məhduddur. KİV-də qəsdən yalanın yayılmasına qarşı əlavə qanunlar var, lakin onlar çap və ya rəqəmsal nəşrləri əhatə etmir. 2020-ci ildə hökumət məlumatın yoxlanılmasında dəfələrlə qeydə alınan pozuntuları əsas gətirərək çinyönümlü “CTi News” kanalının lisenziyasını ləğv edib. “CTi News” isə sadəcə onlayna köçüb.
Bu hadisə Tayvanın qaçınmaq istədiyi senzura ittihamlarına yol açıb. Beləliklə, hökumət dezinformasiya ilə mübarizədə daha liberal üsullara əl atıb. O, media savadlılığını təkmilləşdirməyə, daha sürətli rəsmi açıqlamalar verməyə və faktların yoxlanılması təşkilatlarını təşviq etməyə çalışıb. Amma bu cür vasitələr Çin təbliğatının sürəti ilə üst-üstə düşə bilməz. Avqust ayında “Meta” Çin dezinformasiyasını yayan 7000-dən çox hesab, səhifə və qrupdan ibarət şəbəkəni silib. Cənab Lo deyir ki, yeni hesablar qurmaq asandır, bu problem süni intellektin ortay çıxması ilə daha da dərinləşəcək.
Çin dezinformasiyası artıq Tayvanın ictimai dialoqunu təhrif edib. Səslərə təsir edəcəkmi? “Meta” qeyd edib ki, silinmiş Çin dezinformasiya şəbəkəsi “həcmcə böyük, əhatəcə kiçik” olub, baxmayaraq ki, hesablar olduğundan daha populyar görünüblər. Amerikada Rusiya dezinformasiya araşdırmaları bunun seçicinin seçimlərinə çox az təsir etdiyini göstərib. Çin və Tayvan mediasında Demokratik Tərəqqi Partiyasına qarşı bütün xəbərlərə baxmayaraq, onun namizədi Vilyam Lay anketlərdə liderdir. Amerika ilə bağlı bütün skeptisizmlərə baxmayaraq, tayvanlılar Çinə münasibətdə daha ehtiyatlıdırlar. Tayvanın tədqiqat institutu olan “Academia Sinica” tərəfindən 2022-ci ildə keçirilən sorğu respondentlərin 34 %-nin Amerikanın “etibarlı” ölkə olması ilə razılaşdığını göstərib. Yalnız 9 %-i Çinlə bağlı eyni fikirdədir.
Çinin öz günahıdır. Bu yaxınlarda Tayvanı hərbi təyyarələr və hərbi gəmilərlə mühasirəyə alıb, hətta onun hakim Kommunist Partiyası adanın yaxınlığındakı cənub əyaləti olan Futszyanda yaşayan tayvanlılara fayda vəd edən inteqrasiya planını açıqlayıb. Tayvanlıların əksəriyyəti əsl təhlükələrinin haradan gəldiyini bilirlər. Lakin Çinin onları aldatmaq üçün məkrli cəhdləri artır.