Zaur Əliyev: "Azərbaycan şaftalı ixracını iki dəfəyə yaxın artırıb"
- 08 dekabr, 2025
- 12:57
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın aqrar məhsullarının ixracında 27,5 % artım qeydə alınıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, ənənəvi meyvə-tərəvəz məhsulları xüsusi ixrac istiqamətləri olaraq əvvəlki illərdə olduğu kimi bu il də üstünlük təşkil edir:
"Pomidor, fındıq, pambıq kimi ənənəvi məhsullarla yanaşı, xüsusilə şaftalının ixracında ciddi artım müşahidə olunub. Bu məhsul üzrə ixrac dəyəri 111 milyon ABŞ dollarına çataraq təxminən iki dəfə artım göstərib".
Z. Əliyev vurğulayıb ki, ixrac göstəricilərindəki bu dinamika aqrar sahəyə yönəlmiş dövlət siyasətinin və tətbiq edilən dəstək alətlərinin nəticəsidir:
"Burada bir neçə alət mövcuddur. Bunlar, əkin subsidiyasıdır - hansı ki, hər hektara görə verilir, həmçinin məhsul subsidiyasıdır - istehsal olunmuş və təhvil verilmiş məhsula görə təqdim olunan dəstək mexanizmidir".