Bir zamanlar keçmiş SSRİ-nin paytaxtı Moskva dünyanın sosialist düşərgəsinin mərkəzi sayılırdı. Sovet rəhbərliyinin həmin ölkələrin liderlərinə münasibəti o dövlətlərə yanaşmaya da təsir edirdi. Məsələn, o vaxtlar Yuqoslaviya Federativ Sosialist Respublikasının lideri İosip Broz Titonun müstəqil siyasət yürütməsi Moskvanın xoşuna gəlmədiyindən bu ölkəyə münasibət də digərlərinə yanaşmadan fərqlənirdi. Ancaq sonralar bu siyasətin ziyanı elə SSRİ-nin özünə dəydi. Hətta onun parçalanmasına təsir etdi. Belə yanaşma sosialist düşərgəsinin, ikiqütblü dünyanın güc mərkəzinin birinin sıradan çıxmasına səbəb oldu.
Son zamanlar dünyanın üçqütblü olduğunu iddia edirlər. Bunlardan biri ABŞ, o biri Rusiya sayılırsa, hesab edirlər ki, üçüncü də Çindir. Bu baxımdan ABŞ-ın dövlətlər arasında kəskin fərq qoyması, yaxud onların müstəqilliyini azaltmağa səy göstərməsi perspektivdə onun rəqiblərinin güclənməsinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda “Demokratiya zirvəsi” adlı sammit keçiriləcək. Bu tədbirə dəvət olunan dövlətlərin siyahısına nəzər salanda Ağ Evin vaxtilə irqçiliyi həyata keçirmiş siyasəti yada düşür. Bir zamanlar bu ölkədə “qaradərili"lərə qarşı ayrıseçkilik aparılması, öz vətəndaşları arasında ögey-doğmalıq kimi fərqlər qoyulmasının miqyası daha da böyüyüb. ABŞ dövlətlərə öz meyarı ilə “damğa” vurur. Dəvət olunan dövlətlərin siyahısına baxanda bu aydın görünür. Belə çıxır, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, iqtisadiyyatı və mövcudluğu Rusiyadan asılı olan, bu ölkənin bir əyaləti sayılan Ermənistan demokratikdir. Başqa dövlətlərin adlarını xatırladıb onları aşağılamaq niyyətində deyilik. Ancaq dəvətlilər arasında elə dövlət başçıları var ki, onlar açıq-aşkar dini ayrıseçkilik siyasəti yürüdür, insan hüquqlarını tapdalayırlar. Belə çıxır, Cozef Bayden belə ölkələrin, o cümlədən monoetnik Ermənistanın hökumət başçısı ilə dünyada demokratik inkişafın yollarından danışıb onlarla fikir mübadiləsi edəcək.
Cozef Baydenin bu davranışı bir məsələni də yada saldı. 1992-ci ildə Azərbaycanda demokratik dəyərləri əsas tutan siyasi qüvvələr hakimiyyətə gəlmişdi. Onda ABŞ administrasiyası bu qüvvəyə yardım etməkdənsə, “Azadlığa dəstək” aktına düzəliş edərək Azərbaycana qarşı sanksiya tətbiq etdi. O vaxt Azərbaycan ABŞ-ın birbaşa yardımından məhrum oldu. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadanı dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılıb. Bundan sonra, yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülmüşdü. Senator Riçard Luqar düzəlişin qəbul edilməsi əleyhinə çıxış etsə də, sənəd erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdi. ABŞ-ın o vaxtkı vitse-prezidenti Cozef Bayden də düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğvinə qarşı çıxış etmişdi. İndi torpaqlarını işğaldan azad edəndən sonra (bəlkə də elə buna görə) Ağ Evin belə bir mövqe tutması Bayden və komandasının Azərbaycana qarşı kin və hikkəsinin soyumadığının göstəricisidir.
Yeri gəlmişkən, sammitə NATO üzvü olan Türkiyənin və Avropa İttifaqı və Alyansın üzvü olan Macarıstanın dəvət edilməməsi ABŞ-ın demokratiyaya yanaşmasına şübhəni artırır. Çünki NATO üzvü olmaq üçün tələb edilən kriteriyalardan biri də insan hüquqları və qanunun aliliyinə sadiqlikdir. Alyansa üzv olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin bu kriteriyaya cavab verməməsi absurddur. Bu o deməkdir ki, siyahı obyektiv deyil və onun hazırlanması zamanı Bayden administrasiyasının özəl münasibəti və digər maraqlar əsas götürülüb. Belə çıxır, sammitə dəvət olunan ölkələrə selektiv münasibət, ABŞ-la münasibətlərində problemlər olduğuna, müstəqil siyasət yürütdüklərinə görə bir sıra demokratik ölkələrin siyahıdan kənarda qalması ciddi müzakirə mövzusuna çevrilib və Bayden administrasiyasına qarşı ittihamlara səbəb olub. Bu, ABŞ-ın ədalətli dövlət olmasının üzərinə kölgə salır. Bu deməyə əsas verir ki, o, başqa ölkələri öz iradəsinə tabe etdirməyə çalışır. Bundan başqa, bir zamanlar keçmiş SSRİ sosial ideyaları monopoliyasına götürmüşdü. Hər kəs elə zənn edirdi ki, bir vaxtlar kommunizmdə yaşayacaq. Ancaq hadisələr bunun tərsini sübut etməklə hegemon dövlətə dərs verdi.
ABŞ-ın demokartiya anlayışını monopoliyaya götürməsi və əlahiddə seçim səlahiyyətinə malik olduğunu açıq nümayiş etdirməsi bütün dünyada birmənalı qarşılanmır. Ağ Evin demokratiyaya və onun yayılmasına belə ayrıseçkilik mövqeyindən yanaşması demokratik prinsiplərə ziddir. Beləliklə, sadalamadığımız çoxsaylı faktlar deməyə əsas verir ki, ABŞ Prezidentinin bu tədbiri demokratiyanın inkişafına təkan verməkdənsə, Birləşmiş Ştatların demokratiyaya yanaşmasına və müttəfiqləri ilə münasibətlərə mənfi təsir edəcək. Odur ki, Cozef Bayden bu sammitlə ayrıseçkilik edir, demokratiyanı ələ salır...