Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın builki tədiyyə balansının profisiti rüblük müqayisədə 88 dəfə azalaraq III rübdə 11 mln. ABŞ dollarına enib.
"Report"un analitik qrupu Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən bildirir ki, tədiyyə balansının cari ilin yanvar-sentyabr ayları ərzində 1 442 mln. dollar həcmində profisit yaranıb. Belə ki, I rübdə profisit 464 mln. dollar, II rübdə isə 967 mln. dollar olub. Bu da o deməkdir ki, III rübdə profisit cəmi 11 mln. dollar təşkil edib.
Analitik qrup qeyd edir ki, III rüb ərzində Azərbaycanın cari əməliyyatlar balansı 276,7 mln. dollar təşkil edib, bu da II rüblə müqayisədə 31,7% azdır. Belə ki, III rübdə xarici ticarət balansı 922,6 mln. dollar olub. Bu da II rüblə müqayisədə 41,9% aşağıdır. Qeyd edək ki, Azərbaycanın 2017-ci ilin ilk rübündə xarici ticarət balansı 1 890 mln. dollar, II rübdə isə 1 589 mln. dollar təşkil edib.
Malların ixracında isə o qədər də önəmli artım qeydə alınmayıb. İxrac III rübdə 3 680,5 mln. dollar təşkil edib ki, bu da rüblük müqayisədə cəmi 3,5% çoxdur.
Malların idxalında isə III rübdə ciddi artım var. Belə ki, III rübdə malların idxalı II rüblə müqayisədə 40,2% artaraq 2 757,8 mln. dollara çatıb. İlin ilk rübündə isə idxal 1 666 mln. dollar olub. Qeyd edək ki, III rübdə idxal 2014-cü ilin IV rübündən sonra ən yüksək həddə çatıb.
Analitik qrup bildirir ki, neft qiymətlərində artım manatın məzənnəsinin sabitləşməsinə, nəticədə idxalın artmasına gətirib çıxarıb: "Lakin neft qiymətlərində azalma başlasa, o zaman manatın ucuzlaşdırılması zərurəti yaranacaq. Əks halda, tədiyyə balansının profisiti kəsirə dönə bilər".