Avropa Parlamentində korrupsiya: erməni-yunan sxemi uğursuzluğa düçar olur - ŞƏRH

Avropa Parlamentində korrupsiya: erməni-yunan sxemi uğursuzluğa düçar olur - ŞƏRH Futbol üzrə Dünya Çempionatı başa çatmaq üzrə olduğu bir vaxtda Brüssel korrupsiya qalmaqalı ilə sarsılıb - Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili və daha beş nəfər rüşvətxorluqda, Dünya Çempionatı-2022-nin təşkilatçıları tərəfindən böyük məbləğd
Analitika
16 Dekabr , 2022 17:57
Avropa Parlamentində korrupsiya: erməni-yunan sxemi uğursuzluğa düçar olur - ŞƏRH

Futbol üzrə Dünya Çempionatı başa çatmaq üzrə olduğu bir vaxtda Brüssel korrupsiya qalmaqalı ilə sarsılıb - Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili və daha 5 nəfər rüşvətxorluqda, Dünya Çempionatı-2022-nin təşkilatçıları tərəfindən böyük məbləğdə pul və hədiyyələrin köməyi ilə Avropa Parlamentinin qərarlarına təsir etmək cəhdində ittiham olunaraq saxlanılıb.

Son günlər bütün Avropa mediası Belçika paytaxtının 16 ünvanında, o cümlədən bəzi avropalı deputatların ofislərində aparılan axtarışların gedişi ilə bağlı şok təfərrüatların tirajlanması ilə məşğuldur - polis kompüterlər, mobil telefonlar və 600 min avro ələ keçirib. Eva Kailinin mənzilində müstəntiqlər əskinaslarla doldurulmuş çantalar tapıb. Bundan öncə isə siyasətçinin atası Aleksandros Kailinin əlindəki nağd pul dolu portfel şübhə çəkib. Onu qızının Brüsseldəki evinin yaxınlığında yerləşən “Sofitel” hotelindən tez-bazar ayrılmaq istərkən saxlayıblar.

Qətər şeyxlərinin hədiyyələri və mükafatları o qədər cazibədar görünüb ki, Avropa Parlamentinin yüksək vəzifəli üzvləri 600 min avrodan imtina edə bilməyiblər?

Kiçik bir araşdırma açıq şəkildə göstərir ki, “Qətərgeyt” uzun illər Avropa Parlamentinin divarları arxasında həyata keçirilən korrupsiya sxeminin yalnız növbəti mərhələsidir. Bunu Avropa Parlamentinin dəfələrlə Avropa İttifaqı dəyərlərinə zidd bəyanatları sübut edir.

Qeyd edək ki, Avropa Komissiyasının məmurlarından fərqli olaraq, Avropa Parlamentinin deputatlarından lobbiçilərlə görüşlər barədə hesabat tələb olunmur. Yunanıstandan Avropa Parlamentinə seçilən Eva Kaili də bu durumdan istifadə edərək son illər erməni lobbiçiləri ilə, o cümlədən Yunanıstanda anadan olmuş, üçlü vətəndaşlığa (Yunanıstan, Lüksemburq və Ermənistan) malik olan “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir. Avropa Parlamentinin bir qrup deputatının Azərbaycan əleyhinə bir sıra bəyanatlar səsləndirməsi də bu əməkdaşlığın nəticəsi olub. 2021-ci il noyabrın 19-da Azərbaycanı “təcavüz”də ittiham edən bəyanatı imzalayanların hamısı Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”nun üzvləri olub. Bu qrupa isə Karampetyanın federasiyası sponsorluq edir.

Avropalı deputatlara bu qədər təsiri olan bu Kaspar Karampetyan əslində kimdir?

Xidmət ticarətindən Brüsseldəki zərgərlik mağazalarına qədər uzun bir yol qət edən Karampetyan Afrikanın münaqişə bölgələrindən Belçikaya müxtəlif rəngli almazların qaçaqmalçılığı ilə məşğul olmaqla məşhurlaşıb. Qaçaqmalçılıqdan pul qazanan Kaspar Avropa siyasətinin paytaxtında “mafiya-lobbi” mexanizminin yaradıcısına çevrilir. Onun yaratdığı “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası” Ermənistanın xarici kəşfiyyatı ilə birgə uzun illər Avropa parlamentarilərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb edib. Nəticədə Azərbaycan Baş Prokurorluğu Kaspar Karampetyanı İnterpol xətti ilə axtarışa verib. O, 2014-2018-ci illərdə mütəşəkkil dəstənin tərkibində dəfələrlə Ermənistan ərazisindən keçməklə Azərbaycanın dövlət sərhədini qəsdən və qanunsuz olaraq keçib və Xankəndinə və digər yaşayış məntəqələrinə səfərlər edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə açıq çağırışlar səsləndirib.

O, gah, Strasburqdakı dəbdəbəli restoranda məşhur avropalı deputatları bir araya toplayır, məsələn, 2017-ci ildə olduğu kimi, sonra da onlar Azərbaycanın o dövrdə işğal altında olan rayonlarında peyda olur, gah da qondarma qurumun “prezidenti” Bako Saakyanın Brüsselə “işgüzar səfəri”ni təşkil edir.

Milyarder, oliqarx və mafiya təşkilatçısı kimi bacarıqlarından istifadə edən Karampetyan Avropadakı “Ermənistan dostlarını” “doyuzdurur”.

Adi gözlə belə, bütün bu “dostların” müxtəlif korrupsiya sxemlərində iştirak etdiyini görmək olar. Məsələn, daha əvvəl Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”nun rəhbəri olmuş Eleni Teoxarus. Avropa Parlamentində Kiprin yunan hissəsini təmsil edən Eleni Teoxarus ölkəsində şübhəli fəaliyyətləri ilə tanınır - Kiprdə keçirilən seçki kampaniyaları zamanı rəqiblərinin irəli sürdüyü ittihamlardan biri də onun siyasi partiyasının maliyyə mənbələrində şəffaflığın olmaması ilə bağlı olub. Avropa Parlamentində “Xalq Partiyası” fraksiyasının üzvü olan Eleni Teoxarus “sifarişli spiker” imici və “uydurma strukturlarla əməkdaşlıq” obrazı ilə tanınır. 2018-ci ildə o, Albaniyada bu ölkənin ərazi bütövlüyünü şübhə altına alan bəyanatlara görə persona non-qrata elan edilib. O, işğal zamanı Dağlıq Qarabağa da səfər edib. Bu cür fəaliyyətlərinə görə Teoxarus Avropa Parlamentinin proqramlarından təcrid olunub.

Yunan soydaşlarını öz mafioz sxeminə cəlb etmək siyasətini davam etdirən Karampetyan artıq bir neçə ildir Eva Kaili ilə də əməkdaşlıq edir. Avropa Parlamentinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın ərazi bütövlüyünə təhdid kimi uydurma ittihamlardan ibarət bəyanatları da bu əməkdaşlığın “bəhrələri” olub. Eva Kaili başda olmaqla bu 33 deputat həm də Avropa İttifaqını Ermənistanın ərazi bütövlüyünə təcavüzün qarşısını almaq üçün bütün rıçaqlardan istifadə etməyə çağırıb.

Son hadisələr fonunda yenidən sual yaranır - Avropa Parlamenti kimə xidmət edir və kimə lazımdır? Avropa İttifaqının beş təsis qurumundan biri olan AP ən zəif nüfuza malik olanıdır. Almaniyadan olan Yaşıllar Fraksiyasının rəhbəri Rebekka Harms bunun səbəbini aydın şəkildə izah edərək söyləyib ki, Avropa Parlamenti Avropanın problemlərini müzakirə etmir, orada gündəmi lobbi qrupları formalaşdırır, onların da hər biri öz maraqlarını təmin etməyə çalışır.

Şübhəsiz ki, “Qətərgeyt” üzrə məhkəmə prosesi davamlı olaraq aparılarsa, Eva Kailinin portfelindən Karampetyanın milyonları da çıxacaq, belədə qətərli təşkilatçıların 600 min avrosu onların yanında sadəcə cib xərci olacaq.

Son xəbərlər

Orphus sistemi