Yuxarı

Amerikalı ekspert: "Ermənistan tərəfindən "Amulsar" yatağının işlənməsi Xəzər hövzəsi üçün ekoloji təhlükədir"

​Amerikalı ekspert: "Ermənistanın Amulsar yatağını işləməsi təhlükədir

"Amulsar" qızıl-filiz yatağının işlənməsi Xəzər dənizi hövzəsi üçün və Qafqaz regionunda torpağın keyfiyyəti baxımından təhlükə yaradır".

Bu barədə "Report"a Azərbaycanın transatlantik münasibətləri və xarici siyasət məsələləri üzrə ekspert olan amerikalı Piter Teys Ermənistan əhalisinin və yerli ekoloqlarının kütləvi etirazlarına baxmayaraq, baş nazir Nikol Paşinyanın "Amulsar" qızıl-filiz yatağının işlənməsini davam etdirmək qərarına münasibət bildirərkən deyib.

"Soyuq müharibə" bitdikdən sonra Avropada bir çox ölkələr ətraf mühitin təhlükəsizliyinə dəstək verməyə başladılar və bu istiqamətdə BMT-nin bir sıra qətnamələrini dəstəklədilər. Ermənistan hökuməti ölkənin məhdud nağd pul vəsaitinə sahib olan iqtisadiyyatı olduğunu, xalqının isə yoxsulluq vəziyyətinə düşdüyünü bildiyindən BMT-nin transsərhəd çaylar haqqında sazişini açıq şəkildə pozmağa qərar verdi", - P.Teys deyib.

Piter Teys

Amerikalı ekspert Piter Teys

Ermənistan hökuməti xalqın yoxsulluq vəziyyətinə düşdüyünü bildiyindən BMT-nin transsərhəd çaylar haqqında sazişini açıq şəkildə pozmağa qərar verdi

Onun sözlərinə görə, Ağdam və Tərtər rayonlarına səfəri zamanı azərbaycanlı fermerlər Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın işğal olunmuş torpaqlarından gələn və kənd təsərrüfatı ehtiyacları üçün istifadə etdikləri su resurslarının çirklənməsindən ciddi narahatlıqlarını bildiriblər. Ekspert vurğulayıb ki, ermənilər tərəfdən tullantıların suya axıdılması sərhəd bölgələrdə kənd təsərrüfatının inkişafına əngəl olan əsas maneədir.

Amerikalı ekspert həmçinin hesab edir ki, "Amulsar" qızıl-filiz yatağının işlənməsi Xəzər dənizi hövzəsi üçün və ümumilikdə, Qafqaz regionunda torpağın keyfiyyəti baxımından ciddi təhlükə yarada bilər.

"Belə qanunsuz qızıl hasilatı ilə Ermənistan etibarsız beynəlxalq tərəfdaş olur və BMT-nin davamlı inkişaf sahəsindəki hədəflərini açıq şəkildə pozur. Milli iqtisadiyyatın mis və qızıl hasilatına yönəldildiyi digər ölkələr də var, xüsusilə də Latın Amerikasında. Bu ölkələr - Çili, Argentina, Peru, Kolumbiya bu layihələri lazımi çərçivələrdə həyata keçirir və həmişə beynəlxalq norma və sazişlərə riayət edirlər", - politoloq vurğulayıb.

Piter Teys

Amerikalı ekspert Piter Teys

Ətraf Mühitin Mühafizəsi Agentliyi ABŞ Dövlət Departamenti ilə birlikdə Ermənistan hökumətinin bu qanunsuz əməllərini qiymətləndirmək üçün ekspert qrupu təyin etməlidir

O, BMT Baş Assambleyasının sentyabr ayında Ermənistan hökumətinin transsərhəd çayları çirkləndirməsinin və beynəlxalq ekologiya qanunlarını pozulmasının qarşısını ala biləcək hüquqi tədbirlər və qətnamələr qəbul edəcəyinə ümid etdiyini bildirib.

"Ətraf Mühitin Mühafizəsi Agentliyi ABŞ Dövlət Departamenti ilə birlikdə Ermənistan hökumətinin bu qanunsuz əməllərini qiymətləndirmək üçün ekspert qrupu təyin etməlidir", - P.Teys fikrini yekunlaşdırıb.

Qeyd edək ki, "Amulsar" qızıl-filiz yatağı Ermənistanın cənub-şərqində, İstisu (Dərələyəz mahalı) kurort şəhərindən 13 km məsafədə, Arpaçay və Bazarçay çayları arasında yerləşir. Ekoloqlar yatağın işlənməsinin çayların və müvafiq olaraq Göyçə gölünün çirklənməsinə və nadir flora və faunanın məhv olmasına səbəb olacağını düşünür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi