ABŞ-nin vasitəçilik təşəbbüsü - Vaşinqtonun səmimiyyəti sual doğurur - ŞƏRH

ABŞ-nin vasitəçilik təşəbbüsü - Vaşinqtonun səmimiyyəti sual doğurur - ŞƏRH Beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyəcək. Çünki ən optimal təklifləri o təqdim edib. Rəsmi İrəvan isə onları ya cavablandırmayıb, ya da cavab xətinə növbətçi bir yazı təqdim edib.
Analitika
21 Noyabr , 2023 13:13
ABŞ-nin vasitəçilik təşəbbüsü - Vaşinqtonun səmimiyyəti sual doğurur - ŞƏRH

Beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyəcək. Çünki ən optimal təklifləri o təqdim edib. Rəsmi İrəvan isə onları ya cavablandırmayıb, ya da cavab xətinə növbətçi bir yazı təqdim edib.

Ermənistanın vaxtı uzatma, saxta sülhsevər açıqlamaları və başqa bu kimi münasibəti belə təəssürat yaradır ki, havadarları, yaxud sponsorları ona yenə vəd verib, arxayın salıblar.

Uzun illərdir Ermənistan-Azərbaycan münasibətinin normallaşmasına başlıca mane Moskva və onun İrəvanda hakimiyyətdə olan nümayəndələri sayılırdı. Onunla paralel Fransadakı hakimiyyətin də bu istiqamətdə fəaliyyəti görünən qədər idi. Nikol Paşinyan hakimiyyətə gətirildikdən sonra rollar dəyişməyə başlayıb. İndi Ermənistana vədlər verib, başının altına yastıq qoyan Fransadır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində bu məsələdən bəhs edib:

“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.

İlham Əliyev
İlham Əliyev

Dövlət başçısı vurğulayıb ki, Fransa Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır.

Son zamanlar ABŞ da özünü Fransa kimi aparmağa səy göstərir. Noyabrın 15-də Konqresin Yuxarı Palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Bu sənəd ABŞ Prezidentinə Azərbaycanla bağlı “907-ci düzəlişi” dayandırmağa icazə vermir. “Azadlığa Dəstək Aktı”na edilən “düzəliş” ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra Prezident tərəfindən imzalanmalıdır. Xatırladaq ki, “907-ci düzəliş” 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.

Ancaq ABŞ Dövlət Departamenti mətbuat xidmətinin katibi Metyu Millerin gündəlik brifinqdə verdiyi açıqlama rəsmi Vaşinqtonun mövqeyinə korrektdə etdiyi ehtimalını irəli sürməyə əsas verir.

Rəsmi Bakı dəfələrlə Ermənistanla ikitərəfli danışıqlar təklif edib. Çünki ikitərəfli danışıqlarda daha çox Azərbaycan və Ermənistanın maraqları təmin oluna bilər. Bunun nəticəsi olaraq iki tərəf arasında normallaşma prosesinin başa çatması regional və qlobal təhlükəsizliyin təmin olunmasını gücləndirər, dayanıqlı edər.

Metyu Miller bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları vacib sayır, bununla yanaşı başqa dövlətlərin də səyinə qarşı deyil: “Ermənistan və Azərbaycanın regionun rifahı naminə problemləri müzakirə etməsi və birbaşa həll etməsi vacibdir”.

O, iki ölkənin razılığa gəlməsi üçün təkbətək danışıqların vacibliyinə inandıqlarını vurğulayıb.

Millerin açıqlaması perspektivdə ABŞ tərəfindən dəstəklənərsə, habelə Fransa hakimiyyəti kimi pozucu ünsürlərin məsləhətlərinə Ermənistan məhəl qoymazsa, o zaman uğur əldə etmək mümkündür. Başqa sözlə, Azərbaycanla Ermənistanın birbaşa, ikitərəfli danışıqlara başlaması üçün Fransa başda olmaqla Avropa İttifaqının müzakirələrdən kənar saxlanılması vacibdir. Çünki həm rəsmi Paris, həm də İttifaq son 3 ildə, xüsusən Qranada görüşü ilə bağlı atdığı addımla etibarını itirib.

Odur ki, Dövlət Departamenti təklifində səmimidirsə, ilk növbədə Fransanın Ermənistan-Azərbaycan normallaşma prosesinə qərəzli yanaşmasını neytrallaşdırmağa yardım etməsi də vacibdir. Məsələnin başqa bir tərəfi isə rəsmi Bakı ilə İrəvan arasında danışıqlara ev sahibliyi, yaxud vasitəçilik edəcək ölkənin, təşkilatın beynəlxalq səviyyədə üstünlüyünü nümayiş etdirməməsidir. Çünki bu halda prosesə üçüncü tərəfin də maraqları əlavə olunur. Bu şəraitdə isə danışıqlar yarımçıq qalır, ev sahibliyi və ya vasitəçilik edəcək tərəfə etimad itəcək.

Son 3 ildə danışıqların nəticə verməməsinin ən başlıca səbəbi üçüncü tərəfin problem yaratması olub. Odur ki, Metyu Millerin ikitərəfli danışıqlarla bağlı açıqlaması keçərli sayıla bilər. Bu halda tərəflər müzakirə edəcəkləri mövzuları hazırlayar, qəbul edilən qərara təminatçıya, qarant ölkəyə də ehtiyac yaranmaz. Bu halda tərəflər arasında etimad mühiti də yaranar. Beləliklə, 30 il ərzində özünü doğrultmayan 3 və daha çoxtərəfli formatda görüşlər bundan sonra da çətin uğur qazana. Odur ki, ən optimal variant ikitərəfli görüşdür. Dövlət Departamentinin açıqlamasında səmimilik ABŞ Prezidenti Cozef Baydenin “S. 3000” qanun layihəsini imzalamamasından da görünər.

Son xəbərlər

Orphus sistemi