ABŞ-ın İran strategiyası - bu yay əvvəlkilərə bənzəməyəcək - ŞƏRH

ABŞ-ın İran strategiyası - bu yay əvvəlkilərə bənzəməyəcək - ŞƏRH Payızda bölgədə “həmişəyaşıllar"ın xəzanı başlaya bilər
Analitika
22 May , 2018 15:17
ABŞ-ın İran strategiyası - bu yay əvvəlkilərə bənzəməyəcək - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ ABŞ-ın İrana qarşı fəaliyyətini daha da sərtləşdirəcəyi gözlənilir. Bunu Ağ ev təmsilçilərinin Tehran hakimiyyəti qarşısında indiyədək irəli sürmədiyi şərtlər də açıq şəkildə göstərir.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp mayın 8-də ölkəsinin İranla "altılıq" ölkələri arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bildirdi. Mayın 21-də isə ABŞ-ın dövlət katibi Maykl Pompeo Ağ evin İrana dair strategiyasını təqdim edib. Onun irəli sürdüyü tezislərin bəzilərini qeyd etmək istərdik. Maykl Pompeo bildirib ki, İran mövqeyində dəyişiklik etməzsə, ABŞ-ın tətbiq edəcəyi sanksiyalar genişlənəcək: “Bu səbəbdən çəkəcəkləri iztirab daha ağrılı olacaq. Artıq yeni sanksiyalar hazırdır. Bunlar tarixdə ən sərt sanksiyalar olacaq. İrana misli görünməmiş maliyyə təzyiqi tətbiq ediləcək”. Xatırladaq ki, ABŞ İranın nüvə proqramı üzrə sazişdən çıxdıqdan sonra bu ölkəyə qarşı sanksiyaları bərpa edib. Maykl Pompeo vurğulayıb ki, həmin sanksiyalar tam gücü ilə tətbiq ediləcəyi halda, İran iqtisadiyyatı ayaqüstə dura bilmək üçün “ölüm-dirim mübarizəsi" aparacaq: "İrana qarşı təzyiqlər üçün bölgədəki müttəfiqlərlə yaxından əməkdaşlıq ediləcək. Yaxın və Orta Şərqə hökm etmək üçün İrana bir daha imkan verilməyəcək. Çünki İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “əl-Qüds” ordusu Avropada gizli sui-qəsd əməliyyatı həyata keçirir. ArtıqABŞ İranın Yaxın Şərqdə dominantlıq etməməsi üçün bu ölkənin dünyadakı bütün hərbi serverlərini çökdürəcək". Dövlət katibi deyib ki, Livandakı “Hizbullah” silahlı qruplaşması da məhv ediləcək: “ABŞ 2015-ci il iyulun 15-də İranla "altılıq" ölkələri arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planını yenidən müzakirə etməyəcək”.

Yeri gəlmişkən, BMT-nin baş katibi Antonio Quterreş də İranın maliyyələşdirdiyi və dəstəklədiyi “Hizbullah” terrorçu təşkilatını tərk-silah etməyə çağırıb: "Bu qruplaşmanın siyasi qolu Livan parlamentinə nəzarət edir, silahlı qanadı isə Livan ordusuna tabe deyil". O, “Hizbullah”ı BMT Təhlükəsizlik Şurasının 2004-cü ildə qəbul etdiyi qətnaməsini pozmaqda günahlandırıb və bu təşkilatla təmasda olan dövləti, yəni İranı qruplaşmanın rəhbərliyini silahlı fəaliyyətdən çəkindirməyə çağırıb. BMT-nin baş katibi iki ay əvvəl isə “Hizbullah”ın Suryadakı münaqişəyə müdaxiləyə son qoymasını istəyib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo

Eyni zamanda strategiyada İrana vətəndaşlarının güzəranının yaxşılaşdırılması və dövlətin sərvətlərinin ölkə xaricindəki əməliyyatlara xərclənməməsi məsləhət görülüb. Maykl Pompeo deyib ki, hazırda tətbiq olunan sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir. Ümumiyyətlə, İran Suriyadan bütün qoşunlarını çıxarmalıdır". Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də xarici qüvvələrin Suriyadan çıxmasını istəmişdi. Hər halda ABŞ-ın İrana qarşı irəli sürdüyü 12-dən biri də belədir: “İran böyük dəyişikliklərə gedərsə, ABŞ bütün sanksiyaları aradan qaldırıb diplomatik və ticarət əlaqələrini, sözün əsl mənasında, yenidən qurmaq istəyindədir”.

Bu arada İran tərəfininin ABŞ-ın dövlət katibinin açıqlamasına münasibəti gecikməyib. Ölkə prezidenti Həsən Ruhani bildirib ki, ABŞ-ın onlara və bütün dünyaya nə etmələri lazım olduğunu söyləmək hüququ yoxdur: “Dünən casus mərkəzində həkim işləyən adam indi ABŞ-ın dövlət katibidir və ölkələrin taleyini həll etmək istəyir. Sən kimsən ki, İran və digər ölkələrlə danışıqlar aparırsan? Sizin bəyanatlarınızın dövrü artıq başa çatıb”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə deyib ki, onları heç kim Suriyadan çıxmağa məcbur edə bilməz: “Nə qədər ki, Suriya hökuməti bunu istəyir və hələ terrorçuluq var, İran bu ölkədə qalacaq. Hakimiyyətin icazəsi olmadan Suriyaya gələnlər bu ölkəni tərk etməlidirlər”.

ABŞ prezidenti Donald Tramp

Hər halda, ABŞ-la İran qarşıdurması üçün bütün şərtlər ortadadır. Ağ evin İrandan istəkləri məlum oldu. Tehran isə bunun qarşılığında davranışını və ritorikasını dəyişmir. Bu isə vəziyyətin gərginləşəcəyini ehtimal etməyə əsas verir. Göründüyü kimi, ABŞ Tehran hakimiyyətindən islahatlar aparmağı tələb edir. Ağ ev İran rəhbərliyini ölkənin təbii sərvətlərini xarici əməliyyatlara xərcləməkdən çəkinməyə çağırır. Yeri gəlmişkən, təxminən, 10-15 il əvvəl İran parlamentində deputatlardan biri xarici əməliyyatlara xərclərin kəsilməsi təklifi ilə çıxış etmişdi. O, həmin maliyyə vəsaitinin ölkə əhalisinin rifahına sərf olunmasının vacibliyini vurğulamışdı. İran onda da ABŞ-ın sanksiyası altında idi. Artıq 30 il keçib, indi vəziyyət və şərait tam fərqlidir. İranın qonşuluğunda və yaxınlığında yerləşən üç dövlətdə mərkəzi hakimiyyət ölkəyə tam nəzarət edə bilmir. ABŞ-ın Əfqanıstanla yanaşı, İraqda, habelə İranın maraqlarını təmin etmək istədiyi Suriyada bazası var. Tehranın ən güclü və yaxın müttəfiqi sayılan Rusiya da ABŞ-ın və Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, sanksiyalar aradan qaldırıldıqdan sonra İran bir sıra dövlətlərlə iqtisadi-ticarət müqavilələri bağlamaqla öz iqtisadiyyatını düzəltməkdənsə, həmin pulları xarici əməliyyatlara sərf edib. İran Suriya, Yəmən, Bəhreyn, İraq, Fələstin, Livan və başqa dövlətlərdə bu və ya başqa şəkildə açıq və qapalı əməliyyatlar keçirməkdədir. Bu da

MKİ-nin rəhbəri Cina Haspelin

İran hakimiyyətinin öz ərazisinə sığışmadığı deməkdir. Təbii ki, bu cür fəaliyyətlər də ABŞ-ı ciddi narahat edir. Bu da onun dirçəlmək istəyən iqtisadi vəziyyətini ağırlaşdırır. Bu gün İrandan tələb olunan əsas məsələ islahatdır. İslam Respublikasının 1997-2005-ci illərdə prezidenti olmuş Məhəmməd Xatəminin hökumətə başçılıq etdiyi dövrdə də buna cəhd göstərilmişdi. Ancaq Mahmud Əhmədinejad prezident olandan sonra hakimiyyət hadisələrin onların istədiyi istiqamətdə getmədiyini görüb islahatlar adı altında başlanmış prosesi dayandırdı. Çünki uzun illərdir islahat aparmayan hakimiyyətin birdən-birə bu prosesi aparması özünə quyu qazmaq deməkdir. Oxşar hadisə 1979-cu ildən əvvəl Məhəmmədrza şah Pəhləvinin başına gəldi. Bu baxımdan, Tehran hakimiyyəti indiki şərtlər daxilində nə islahat aparana, nə də ABŞ və müttəfiqləri ilə ortaq məxrəcə gələnə oxşamır.

Hazırda Ağ evdə İran məsələsi ilə bağlı komanda da formalaşır. Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Pompeonu dövlət katibi təyin etməklə İrana qarşı təzyiqlərini artıracağını sübuta yetirib. ABŞ Senatı onun yerinə təyin edilən Cina Haspelin namizədliyini mayın 21-də təsdiqləyib. Onun Rusiyada, Azərbaycanda və başqa ölkələrdə MKİ-nin rezidenti, müavini işlədiyi, 14 il Rusiyada ezamiyyətdə olduğu barədə məlumatlar yayılıb. Onun həmçinin qurumun Efiopiyada (1987-1989), Türkiyədə (1990-1992, 2000-2002) və Azərbaycandakı (1996-1998) rezidentliyində 8 il işlədiyi barədə qeydlər də var. Onu da vurğulamaq lazımdır ki, Ağ evin 2017-ci ilin mayında İranın bölgədə təhlükəli təsirini azaltmaq üçün İsrail sərhədinədək yaradılan “İran yolu”na qarşı təcili işlərin görülməsi barədə qərar qəbul etdiyi də bildirilir. Donald Trampın komandasında İrana qarşı barışmaz mövqelilərdən biri də “ayətullah Mayk”dır. O, Üsamə bin Ladenə qarşı həyata keçirilən əməliyyata birbaşa rəhbərlik edib. “Qaranlıq Şahzadəsi”, “Cənazəçi” və “Ayətullah Mayk” ləqəbləri ilə tanınan Maykl d-Andrea (Michael D’Andrea) İrana yönəlik gizli əməliyyatların başına gətirildi. Tehran rəsmiləri iddia edib ki, 2017-ci il dekabrın sonu və bu ilin yanvarında İranda keçirilən etiraz aksiyalarının təşkilatçısı Maykl d-Andreadır. ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltonu Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin edib. O da İrana qarşı barışmaz siyasətçidir".

Beləliklə, ABŞ İrana qarşı fəaliyyətində kartlarını açıqlayıb. Bunu Tehran hakimiyyətinin gələcəyi ilə bağlı fətva da adlandırmaq olar. Ağ evin təmsilçiləri isə İranda hakimiyyəti dəyişmək kimi planlarının olmadığını bildirirlər. Hər halda bu yayın bölgə üçün çox isti keçəcəyini ehtimal etmək olar. Hadisələrin belə inkişafı isə payızda bölgədə “həmişəyaşıllar"ın xəzanının başlamasına da səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi