Bakı. 14 aprel. REPORT.AZ/ 2016-cı ildə ABŞ-da prezident seçkisi keçiriləcək. Bu siyasi kampaniyaya partiyalarla yanaşı çeşidli qurumlar da hazırlıq işləri görür. ABŞ-ın bəzi özəlliklərini nəzərə alsaq, bu istiqamətdə bukmeyker şirkətlərinin də hazırlığa başladığını, hətta indidən proqnozlar verildiyini də görmək olar. "Report"un məlumatına görə, "ABŞ-ın növbəti prezidenti kim olacaq?" sualına verilən proqnozlarda Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa iddiaçı Hillari Klinton irəlidədir.
Xanım Klinton Respublikaçılar Partiyasından namizəd olmağa digər iddiaçı, ABŞ-ın keçmiş prezdienti Böyük Corc Buşun ikinci oğlu Ceb Buşu iki dəfə qabaqlayır. Bukmeykerlər H.Klintona 2,25 , C.Buşa isə 4,50 əmsal veriblər. Yəni, xanım Klintonun qələbəsi üçün ödənilən hər 100 dollara 225 dollar, Ceb Buşa isə hər 100 dollara 450 dollar qazanmaq şansı var.
Mərcdə Demokratlar Partiyasından Yelizabet Yorren, Co Bayden, Endrü Kuomo, Respublikaçılar Partiyasından isə Skott Uolker, Kris Kristi, Marko Rubio, Rand Pol, Mayk Xakeybi, Ted Kruz, Pol Rayanın da adları var.
Mərcin "Hansı partiya seçkidə daha çox səs toplayacaq" sualında da Demokratlar Partiyası Respublikaçılardan iki dəfə çox əmsal toplayaraq, irəlidədir. İştirakçılar demokratlara 1,67, respublikaçılara isə 2,15 əmsal veriblər. Müstəqil namizəd isə 101, 00 əmsalla onlardan çox geri qalır.
"Partiyadaxili ilkin seçkidə kim qalib gələcək" sualına cavabda da Hillari Klinton irəlidədir.
Mərcdə iştirak edənlər ona 1,30 əmsal, adları göstərilməyən başqa demokratlara isə 3,40 əmsal veriblər.
Respublikaçılarda isə bu suala əmsal aşağıdakı kimi verilib: 2,75 Ceb Buş, 6.00 Marko Rubio, 6,00 Skott Uolker, 7.00 Rand Pol, 9.00Kris Kristi, 12.00 Ted Kruz, 15,00 Mayk Xakeybi, 21,00 Pol Rayan, 34.00 Kondaliza Rays.
Mərcə əsasən, Hillari Klinton ABŞ-ın növbəti, ilk qadın prezidenti ola bilər. Nəzərə almaq lazımdır ki, bu ölkədə hətta siyasi oyunlardan, kampaniyalardan da şou düzəltməyi bacarırlar.
Qeyd edək ki, ABŞ-ın indiki prezidenti Barak Hüseyn Obama həm müsəlman, həm də Afrika mənşəlidir. Ölkədən xaricdə onun ABŞ-ın prezidenti olacağına inananlar az idi. Ancaq o, artıq ikinci dönəmdir ölkəsinə rəhbərlik edir. Amerikalılar sübut edir ki, ölkələrində bacarğı olan, savadlı və ABŞ-ın maraqlarına cavab verən, dinindən, irqindən asılı olmayan istənilən vətəndaşları onlara liderlik edə bilər. Amerikalılar Hillari Klintonu da ölkə tarixində ilk qadın prezidenti seçməklə ABŞ-a zərif cinslilərin başçılıq etmək iqtidarında olduğunu nümayiş etdirə bilərlər. Amerikalılar ilkə imza atmağı sevən cəmiyyətdir.