Bakı. 4 yanvar. REPORT.AZ/ Başa çatmaqda olan il həm dünyada, həm də Cənubi Qafqaz regionunda və Azərbaycanda hadisələrlə zəngin olub. "Report" başa çatmaqda olan ilin ən mühüm hadisələrinin icmalını hazırlayıb.
Başa çatmaqda olan ildə Azərbaycanda ən mühüm hadisələrdən biri tarixdə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olub.
İyunun 12-dən 28-dək Bakıda keçirilən Oyunlarda 253 dəst medal uğrunda Avropanın 50 ölkəsindən 5730 idmançı mübarizə aparıb. Yarışlar 30 idman növü üzrə olub ki, bunun 11-də 2016-cı ilin Yay Olimpiya Oyunlarına lisenziyalar qazanılıb. Oyunlar üçün 1248 KİV nümayəndəsi akkreditasiyadan keçirilib, ilk Avropa Oyunları dünyanın 50-dən çox ölkəsində yayımlanıb.
Oyunlarda ən yaxşı nəticəni 79-u qızıl, 40-ı gümüş və 45-i bürünc olmaqla 164 medal qazanan Rusiya milli komandası göstərib. İkinci yeri Azərbaycan millisi tutub ki, yığmamızın hesabında 21-i qızıl olmaqla, 56 medal olub.
Amma idman sahəsindəki uğurlarla yanaşı, bu il kədərli hadisələr də baş verib. Mayın 19-da paytaxtın Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın zamanı 5-i uşaq olmaqla, 15 nəfər dünyasını dəyişib. Daha 63 nəfər tüstüdən zəhərlənib, müxtəlif dərəcəli yanıq xəsarəti və zədə alıb.
Yanğın 4 saata söndürülüb. Azərbaycanın baş prokuroru Zakir Qaralovun sözlərinə görə, yanğın binanın üzlənməsi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi səbəbiylə baş verib. Bina demək olar ki, tamamilə yanaraq yararsız hala düşüb. Bu, Bakı şəhərində binada baş vermiş ilk belə yanğın halı olub.
Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev yanğın baş vermiş əraziyə gəlib. Elə həmin gün yanğınla əlaqədar Dövlət Komissiyasının ilk iclasında Prezident İlham Əliyev günahkarların dövlət tərəfindən cəzalandırılacağını bildirib.
Mayın 21-dən yanğının baş verdiyi binada yenidənqurma işlərinə start verilib. Rayon icra başçısı Xaləddin İsgəndərovun birbaşa nəzarəti altında təmir olunan bina tam işlək vəziyyətə gətirildikdən sonra sakinlərin ixtiyarına verilib.
İki gün ərzində - 4 və 5 dekabr tarixlərində 33 nəfəri xilas etmək, 1 nəfərin cəsədini sudan çıxarmaq mümkün olub. Dekabrın 7-də daha 6 nəfərin meyiti sudan çıxarılıb. Dekabrın 27-də Xəzər dənizinin Türkmənistan sektorunda daha 1 neftçinin meyiti aşkar edilib. Axtarışlara SOCAR və BP şirkətlərinin gəmiləri, eləcə də Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin gəmi və helikopterləri cəlb edilib.yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Həmin zaman platformada 63 neftçi olub. Mümkün partlayışdan xilas olunmaq üçün platformanın 60 işçisi iki xilasetmə qayığında su səthindən 10 metr yüksəkliyə qədər endirilib. Lakin güclü külək və dalğaların zərbələri xilasedici qayıqlardan birinin ipinin qırılması, qayığın neftçilərlə birgə dənizə düşməsiylə nəticələnib.
Azərbaycan Prezidenti İlham Əliyev olayla əlaqədar olaraq, dekabrın 6-nı milli matəm günü elan edib.
Cari qlobal böhran və neftin qiymətinin aşağı düşməsi Cənubi Qafqaz regionunda milli valyutalara, o cümlədən Azərbaycan manatına təsir etdi. Mərkəzi Bank fevralın 21-də milli valyutanın devalvasiyasını həyata keçirdi. Manat ABŞ dollarına nisbətdə 33,5% dəyərdən düşdü. Buna qədər 1 ABŞ dolları 0,7862 manat idisə, devalvasiyadan sonra bu rəqəm 1,05-ə bərabər oldu. Dekabrın 21-də AMB üzən məzənnəyə keçidlə ikinci devalvasiyanı edərək milli valyutanı dollar qarşısında 47,6 % ucuzlaşdırdı. Bununla da bir gün əvvəl 1,05 AZN dəyərində olan 1 dollar 1,55 manata bərəbər oldu.
2015-ci ildə Dağlıq Qarabağ mövzusu, əvvəlki illərdə olduğu kimi, xarici siyasətin prioritet məsələsi idi. Tərəflər il ərzində danışıqlarda irəliləyişə nail ola bilməyib. Bundan başqa, rəsmi Bakı dəfələrlə ATƏT-in Minsk qrupunun fəallıq göstərmədiyini və məsələyə ədalətsiz yanaşdığını bəyan edib.
"Bu il ilk dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərinin missiyası ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə qoşunların təmas xəttində monitorinq aparan zaman atəşə tutuldu. Atəşin hansı istiqamətdən açıldığı açıqlanmır, amma bu baş verib. Bu, bir daha cəbhə xəttində vəziyyətin gərgin olduğunu göstərir", - deyə politoloq İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu münaqişə tərəflərini məsələnin sülh yolu ilə həllinə yaxınlaşdırmağa yönəlik təkliflərlə çıxış etməli olsa da, il ərzində belə bir təklif eşidən olmayıb. İ.Vəlizadə il ərzində xarici işlər nazirlərinin nadir hallarda görüşdüyünü önə çəkərək, bunu danışıqlar prosesinin çətinliyindən xəbər verdiyinə işarə olduğunu qeyd edib.
Düşmən Ermənistanın 2015-ci ildə siyasi qarışıqlıq yaşadığını xüsusi qeyd etmək lazımdır.
İyunun 9-da Ermənistanın baş naziri Ovik Abramyan ölkədə elektrik enerjisinin 6.93 dram (16%) bahalaşacağını bildirib. İctimai Xidmətlərin Nizamlanması Komissiyasının (İXNK) elektrik enerjisinin tarif qiymətinin qaldırılması ilə əlaqədar iclası iyunun 17-nə təyin edilib. Elə həmin gün erməni tələbələr İXNK-nın qarşısında etiraz aksiyası keçirərək Komissiyanın iclasının bitməsini və elektrik enerjisi tarifinin dondurulmasını tələb edib. Polisin məlumatına görə, həmin gün aksiyalarda iştirak etmiş 6 etirazçı həbs edilib.
İyunun 19-na qədər etiraz dalğası paytaxt Yerevandan Gümrü və Vanadzor şəhərlərinə də yayılıb. İyunun 20-dən başlayaraq, etiraz hərəkatı oturaq xarakter alıb. İyunun 23-də səhər polis Yerevanın mərkəzinə toplaşan etirazçıları su şırnaqları ilə dağıtmağa çalışıb. Elə həmin gün gecə etiraz aksiyası bərpa edilib. Paytaxtın Azadlıq meydanında 10 minə yaxın adam toplaşıb.
İyunun 27-də Ermənistan prezidenti elektrik tariflərinin artırılması məsələsini təxirə salmağa qərar verib.
Ermənilərin həyatında daha bir mühüm hadisə dekabrın 6-da baş tutun Konstitusiya dəyişikliyi olub. Yeni Konstitusiyaya əsasən, ölkə parlamentli idarəetmə sisteminə keçib.
Dekabrın 13-də Ermənistan MSK sədri Tiqran Mukuçyan 825 521 nəfərin və ya səsverənlərin 63,37%-nin konstitusiya dəyişikliyinin lehinə, 421 568 nəfərin (32, 36%) isə əleyhinə səs verdiyini açıqlayıb. Lehinə səs verənlər 50 % həddinə keçdiyindən referendum baş tutmuş sayılıb.
"2015-ci il ekspert cəmiyyətinin gözlədiyi kimi, Ermənistan üçün ötən illə müqayisədə daha çətin keçdi. Faktiki olaraq, daha əvvəl ölkənin iqtisadiyyatında, sosial və siyasi həyatında, eləcə də Dağlıq Qarabağ münaqişəsi ətrafında görünən mənfi hallar aradan qalxmayıb. Daxili siyasətdə narazılıq təkcə xalq arasında yox, Ermənistanda biznes və siyasət sahələrini öz aralarında bölüşdürən nüfuzlu şəxslər arasında da mövcuddur" - deyə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov bildirib.
O, parlamentli idarəetməyə keçidlə bağlı referendumu "qəribə çirkin olay" kimi qələmə verib. AMEA-nın elmi əməkdaşı gülməli vəziyyətin yarandığını bildirib: "Xalq müəyyən demokratik islahatlar eləmək istəyirdi, amma elə alındı ki, bütün bu reformalar adı altında Sarqsyan daha bir neçə il hakimiyyətdə qalmağa cəhd göstərdi. Yəni hər şey əksinə oldu".
"Məncə, 2016-cı il Ermənistan cəmiyyətində xüsusən ölkənin hara doğru getməsinin dərk edilməsi baxımından gərginliklə yadda qalacaq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində çox çətin il olacaq. Eyni zamanda bu münaqişə Ermənistanın daxili siyasi durumuna mənfi təsir göstərəcək. Orada qeyri-sabitlik xeyli artacaq", - deyə R.Hüseynov fikrini tamamlayıb.