Ursuline Tilma: Niderland hökuməti Boneyrada uşaqları assimilyasiya edir

“Niderland ana dilimizi öyrənməyi qadağan edib, müstəmləkəçi hökumət uşaqları assimilyasiya edir”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) ev sahibliyi ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda iştirak edən Boneyranın “Dəyişiklik üçün Boneyr Hərəkatı”nın (Bonaire Movement for Change) üzvü Ursuline Tilma deyib.

U. Tilma bildirib ki, Boneyrada əsas problem yerli xalqın ana dilində (Papiamento dili – Qeyd) təhsilinin qadağan olunmasıdır:

“Bizim ana dilimiz Papiamento olsa da, Niderland təhsilin məcburi şəkildə öz dillərində aparılmasını tələb edir və bu istiqamətdə təzyiqlər göstərirlər. Onlar elə bir fikri formalaşdırmaq istəyirlər ki, guya Niderland dilini bilməyən uşaqlar ağıllı deyil. Bu isə çox təhlükəli yanaşmadır.”

Onun sözlərinə görə, müstəmləkəçi hökumət uşaqları assimilyasiya edir: “Burada söhbət uşaqların intellektindən yox, dil baryerindən gedir. Onlar uşaqlarımızı assimilyasiya etməklə bizim cəmiyyətə sahib çıxmaq imkanımızı əlimizdən almaq istəyirlər. Halbuki uşaqlarımız ali təhsil alaraq hökumətdə və idarəetmədə təmsil oluna bilərlər. Problem ondadır ki, Papiamento dilində təhsil imkanları məhduddur.”

U. Tilma əlavə edib ki, əgər uşaqlar doğma dillərində təhsil ala bilsələr, gələcəkdə cəmiyyətə inteqrasiya olmaları daha asan olar:

“Uşaqlarımız kim olduqlarını və nəyə qadir olduqlarını bilməlidirlər. Əks halda, cəmiyyət içində özlərinə yer tapmaları çətinləşəcək”.

Xəbər lenti