Səfir: Türkmənistan və Azərbaycan bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirir

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov iki ölkə arasındakı əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyini, xüsusilə mədəni-humanitar əlaqələri qeyd edib.

"Report" xəbər verir ki, səfir bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr olunmuş "Türkmənistanın neytrallığı – sülhün və etimadın parlaq yolu" kitabının təqdimatında bildirib.

"Türkmənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər qarşılıqlı hörmət, mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Tarixi köklər, ümumi dəyərlər, Türkmənistan və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir", - o deyib.

Elyasovun sözlərinə görə, ali səviyyədə qarşılıqlı səfərlərin intensivləşməsi iki dövlət başçısının münasibətləri daha da möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək istəyini nümayiş etdirir.

"İki ölkə arasında əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edir. İkitərəfli əməkdaşlıqda mədəni-humanitar sahənin rolunu xüsusilə vurğulamaq istərdim", - səfir qeyd edib.

O bildirib ki, Sərdar Berdiməhəmmədovun kitabının Azərbaycan dilinə tərcümə edilməsi bu sahədə qarşılıqlı fəaliyyətin inkişafının bariz sübutudur.

"Bu kitab müasir dünya siyasətində öz yolunu seçmiş Türkmənistanın neytrallıq siyasətini daha dərindən öyrənmək imkanı verir", - Elyasov vurğulayıb.

Diplomat xatırladıb ki, 1995-ci il dekabrın 12-si BMT Baş Assambleyası 185 dövlətin dəstəyi ilə Türkmənistanın daimi neytrallığı haqqında qətnamə qəbul edib.

"Türkmənistan daimi neytrallığı bu beynəlxalq təşkilat tərəfindən rəsmən tanınmış ilk və yeganə dövlət oldu", - o əlavə edib.

Digər xəbərlər