Azərbaycan Türkmənistanın sülhün və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq təşəbbüslərini dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr olunmuş "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabının təqdimatında bildirib.
"Azərbaycan Türkmənistanın daimi bitərəflik siyasətinə böyük hörmətlə yanaşır və onun sülhün və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq təşəbbüslərini ardıcıl olaraq dəstəkləyir", - o bildirib.
Samir Şərifovun sözlərinə görə, kitabın Azərbaycan dilində nəşr olunması iki xalqın tarixi, mədəni və mənəvi yaxınlığını, həmçinin qarşılıqlı maraq və hörmətini əks etdirir.
O qeyd edib ki, kitab Türkmənistanın müstəqillik əldə etdiyi andan etibarən ardıcıl olaraq həyata keçirdiyi daimi bitərəflik siyasətinə, onun mahiyyətinə və beynəlxalq münasibətlərdəki yerinə həsr olunub.
"Qlobal gərginliyin və ziddiyyətlərin artdığı, dövlətlər arasında etimadın ciddi sınaqlara məruz qaldığı bir şəraitdə dialoqun qorunub saxlanılması və fikir ayrılıqlarının münaqişələrə çevrilməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir", - nazir müavini vurğulayıb.
O əlavə edib ki, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq həyata keçirilən bitərəflik siyasəti gərginliyin azaldılmasına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və mübahisələrin dinc yolla nizamlanmasına kömək edir.
Samir Şərifovun sözlərinə görə, BMT Baş Assambleyası tərəfindən 1995-ci ildə Türkmənistanın daimi bitərəfliyinin tanınması onun beynəlxalq münasibətlərdəki xüsusi statusunun təsdiqi olub.
"Ötən illər ərzində Türkmənistan seçdiyi yola sadiq qalıb və sülhün möhkəmləndirilməsinə, dialoqun və beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bir sıra mühüm təşəbbüslərlə çıxış edib", - o qeyd edib.
Nazir müavini həmçinin xatırladıb ki, Azərbaycan 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsi haqqında BMT qətnaməsinin həmmüəllifi qismində çıxış edib.
Bundan əlavə, ötən ilin dekabrında Azərbaycanın Baş naziri Əli Əsədov Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edərək ölkənin mövqeyini səsləndirib.