Moldova ilə Azərbaycan arasında Hökumətlərarası Komissiyanın növbəti iclası 2026-cı ildə Kişineuda keçiriləcək.
Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko "Report"a eksklüziv müsahibəsində bildirib.
"Əldə edilmiş razılaşmalara əsasən, Hökumətlərarası Komissiyanın növbəti iclası 2026-cı ildə Kişineuda keçirilməlidir. Biz artıq Azərbaycan tərəfi ilə gündəliyin strukturu və keçiriləcək biznes forumun formatı ilə bağlı ilkin məsləhətləşmələrə başlamışıq. Bu iclasın yekunu üzrə iş adamlarına və cəmiyyətə konkret nəticələrin - yeni müqavilələrin, investisiya layihələrinin və birgə təşəbbüslərin siyahısını təqdim etmək istərdik", - o deyib.
Səfirin sözlərinə görə, komissiyanın apreldə Bakıda keçirilən iclası platformanın səmərəliliyini nümayiş etdirib: həmin vaxt məzmunlu protokol imzalanıb və böyük biznes forumu keçirilib ki, bu da ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında mühüm addım olub.
"İndi bizim vəzifəmiz bu platformanı iqtisadi layihələrin daimi "hərəkətverici qüvvəsinə" çevirməkdir. Bunun üçün biznesin, regional hakimiyyət orqanlarının və sektor assosiasiyalarının iştirakı ilə hər bir iclas üçün əvvəlcədən konkret təşəbbüslər paketi formalaşdırılmalı, həmçinin enerji, aqrar-sənaye kompleksi, rəqəmsal iqtisadiyyat və turizm üzrə bir neçə sektoral işçi qrupu yaradılmalıdır", - A.Yesaulenko vurğulayıb.
Bundan başqa, diplomat qeyd edib ki, avtomobil nəqliyyatı üzrə Azərbaycan-Moldova birgə komissiyasının iclasının keçirilməsi, həmçinin iki ölkə arasında avtomobil nəqliyyatı ilə yükdaşımaların liberallaşdırılması ilə bağlı danışıqlara başlanılması 2026-cı il üçün gündəliyin prioritet mövzuları olacaq.
İqtisadi və nəqliyyat məsələləri ilə yanaşı, Moldova Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatı layihələrinə də maraq göstərir.
A.Yesaulenko vurğulayıb ki, Moldova şirkətləri ölkənin iqtisadi profilini nəzərə alaraq, bir neçə sahəyə diqqət yetirir: üzümçülük və şərab istehsalı - əkin materiallarının və üzüm bağlarının salınması texnologiyalarının tədarükündən emal güclərinin yaradılmasına qədər; bağçılıq və tərəvəzçilikdə müasir damcı üsulu suvarma və saxlama sistemlərindən istifadə; bitkilərin mühafizə vasitələrinin və bioloji preparatların təchizatı; həmçinin kənd təsərrüfatı xammalının emalı və hazır məhsulların ixracı üzrə birgə layihələr.
"Əlbəttə ki, bu ərazilərdə istənilən fəaliyyət Azərbaycan hökumətinin prioritetlərini, təhlükəsizlik məsələlərini və infrastrukturun mərhələli bərpasını nəzərə almalıdır. Lakin orta və uzunmüddətli perspektivdə Moldova şirkətlərinin iştirakı Qarabağın və Şərqi Zəngəzurun inkişafına əlavə töhfə verə və eyni zamanda bizim sahibkarlarımız üçün yeni perspektivli bazarlar aça bilər", - A.Yesaulenko əlavə edib.