Böyük Britaniya və Azərbaycan ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müasir Azərbaycan dinamik və dünya ilə sıx bağlı bir ölkədir ki, bu da daha dərin əməkdaşlıq üçün şərait yaradır.
"Məhz buna görə də hökumətlərimiz münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bağlı razılığa gəliblər. Böyük Britaniya və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edəcək ortaq gələcək qurur", - səfir bildirib.
O əlavə edib ki, Böyük Britaniya Azərbaycanı mühüm regional tərəfdaş hesab edir və bu tərəfdaşlığın inkişafını təmin etməkdə qətiyyətlidir.
"Böyük Britaniya və Azərbaycanı enerji sektorundan başlayan və 30 ildən artıq müddəti əhatə edən əməkdaşlıq birləşdirir. BP-nin əhəmiyyətli investisiyaları Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasında mühüm rol oynayıb və bu gün biz bu möhkəm təmələ əsaslanaraq qarşılıqlı əlaqələrimizi inkişaf etdirməyə davam edirik", - diplomat qeyd edib.
Səfir əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq artıq çoxdan enerji sektorunun hüdudlarını aşıb:
"Bu gün bu əməkdaşlıq müdafiə və təhlükəsizlik, ticarət, təhsil və innovasiyaları, eləcə də ölkələrimizin xalqları arasında dərin əlaqələri əhatə edir. Azərbaycan dəyərli tərəfdaşdır və bizi sıx münasibətlər, habelə müasir dövrün əsas çağırışları və imkanlarına dair ortaq baxış birləşdirir".