Ramid Namazov: Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribata əl ata bilər

Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribata əl ata bilər.

"Report” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Fransa kimi dövlətlərin yardımı adı altında gələcəkdə Ermənistanın hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Avropa İttifaqı tərəfindən aparılacaq missiyalara hazırlanması prosesi bir daha onu deməyə əsas verir ki, Cənubi Qafqazda yeni münaqişə ocağının yaradılması iki ssenari üzrə inkişaf edə bilər.

"Bunlardan biri kimi, Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribata əl atır və regionda yeni müharibə alovu yaranır. İkincisi isə ondan ibarətdir ki, qonşu dövlətlərin birinə, misal üçün, İrana qarşı Qərbin aparacağı əməliyyatlara Ermənistan da cəlb edilir", - deputat qeyd edib.

O əlavə edib ki, Vətən müharibəsindən sonra Qərbi Azərbaycana - Sünik vilayətinə xarici qüvvələrin marağı artıb

"Ermənistanın kapitulyasiya aktında Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni kommunikasiya xətlərinin inşası qeyd edilir. Fransızlar isə Sünikin ən az məskunlaşmış bölgə olmasına baxmayaraq, oranın Cənubi Qafqazda mərkəz rolu oynadığını bildirirlər. Çünki Sünik Azərbaycan və İranla həmsərhəddir".

Xəbər lenti