DVX səhiyyə sektoru ilə bağlı təklifləri müzakirə edib

Azərbaycanın biznes subyektləri tərəfindən təqdim olunan "Özəl səhiyyənin inkişafı Konsepsiyası" çərçivəsində səhiyyə sektorunun təşviqi və şəffaflığın artırılması istiqamətində hazırlanmış təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Bildirilib ki, müzakirələr DVX-nin "Özəl Tibb Müəssisələri Assosiasiyası"nın üzvləri və "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası"nın Səhiyyə Komitəsinin nümayəndələri ilə keçirilən görüşdə aparılıb.

Bundan başqa, tibb sahəsi üzrə əvvəlki görüşlərdə səsləndirilən təkliflərin qanunvericilikdə nəzərə alınması və sektor nümayəndələrinin müraciətləri əsasında nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50 faizinin geri qaytarılması güzəştinin tətbiq müddətinin daha 3 il uzadılması barədə iştirakçılara ətraflı məlumat verilib.

Assosiasiya nümayəndələri bu formatda keçirilən görüşlərin biznes mühitində mövcud çağırışların vaxtında müəyyənləşdirilməsi və onların həlli üçün səmərəli mexanizmlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, sektor üzrə gündəlik fəaliyyət zamanı qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıb, səhiyyə sahəsinin inkişafına dair təkliflərini səsləndiriblər.

Görüşdə tibb müəssisələrində göstərilən xidmətlərin tam və şəffaf şəkildə rəsmiləşdirilməsi, fiskal öhdəliklərin optimallaşdırılması, eləcə də səhiyyə sektorunda şəffaflığın daha da artırılması məsələləri müzakirə olunub.

Sonda dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi və sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib.

Digər xəbərlər