Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin yeni inzibati binasına görə beynəlxalq yaşıl bina sertifikatı (YeS-INT) təqdim edilib.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, sertifikat COP31-də Azərbaycan nümayəndə heyətini təmsil edən Komitənin Aparat rəhbərinin müavini Gülşən Rzayevaya təqdim olunub.
Bina enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və resurslardan səmərəli istifadə meyarlarına uyğunluğuna görə beynəlxalq sertifikata layiq görülüb.
Ümumi sahəsi təxminən 25 min kvadratmetr olan 18 mərtəbəli inzibati bina Əməkdar memar Nəriman İmaməliyevin rəhbərliyi ilə azərbaycanlı memarlar tərəfindən layihələndirilib. Bununla yanaşı, binanın layihələndirilməsi və tikintisində yalnız yerli mütəxəssislər - memarlar, mühəndislər və inşaatçılar iştirak ediblər.
Layihənin əsas xüsusiyyətlərindən biri müasir memarlıq həllərinin Bakının iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Belə ki, binanın oval forması və əsas həcmləri arasındakı açıq məkan hava axınının səmərəli istiqamətləndirilməsinə və istilik itkilərinin azaldılmasına imkan yaradır.
Xüsusi diqqət çəkən məqamlardan biri də binanın beşinci mərtəbəsində yerləşən, təxminən 1200 kvadratmetr sahəni əhatə edən asma bağdır. Burada yaradılmış yaşıllıq zonası əməkdaşlar üçün rahat istirahət şəraiti təmin etməklə yanaşı, mikroiqlimin yaxşılaşdırılmasına və binanın istilik yükünün azaldılmasına xidmət edir.
Bundan əlavə, enerji səmərəliliyinin artırılması məqsədilə layihədə intellektual idarəetmə texnologiyalarından geniş istifadə olunub. Belə ki, fasad sistemləri günün saatlarından və hava şəraitindən asılı olaraq günəş şüalarının binaya təsirini avtomatik tənzimləyir və məkanların soyudulmasına olan tələbatı azaldır. Mühəndis sistemlərinin təxminən 90 faizi avtomatlaşdırılıb, işıqlandırma isə təbii işıq səviyyəsi və məkanların istifadə rejimi nəzərə alınmaqla 80-ə yaxın ayrı zonada idarə olunur. Eyni zamanda, binada suya qənaət edən texnologiyalar və istiliyin bərpası sistemləri tətbiq edilib.
Qeyd edək ki, beynəlxalq sertifikatın əldə olunması layihənin ilk uğuru deyil. Belə ki, bina 2026-cı ildə keçirilən "Təməl" Milli Memarlıq Mükafatı çərçivəsində "İctimai binaların memarlığı" nominasiyası üzrə də laureat olub.