"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzi yerli pilot kadrlarının hazırlanması imkanlarını genişləndirməyi, təlim təyyarələrinin və təlimlərdən keçən pilotların sayını artırmağı planlaşdırır.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu mərkəzin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2027–2028-ci illərdə "Cessna" təyyarələrinin sayının 10-u keçəcəyi planlaşdırılır: "Əsas prioritetimiz yerli kadrların hazırlanmasıdır. Təyyarə parkının genişləndirilməsi ölkədə pilot hazırlığı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq".
S.Quliyev əlavə edib ki, hazırda mövcud təyyarə və təlimatçı potensialı hesabına il ərzində 16 pilotun hazırlanması mümkündür: "Mərkəzin qarşıdakı illər üzrə hədəfi isə bu göstəricini illik 60 nəfərə çatdırmaqdır.
O əlavə edib ki, hazırda 4 təlimçi Türkiyədə müvafiq hazırlıq kurslarında iştirak edir: "Onların yanvar ayından etibarən fəaliyyətə qoşulması ilə Mərkəzdə təlimçilərin ümumi sayının 8 nəfərə çatdırılması gözlənilir. Bununla yanaşı, 2027–2028-ci illərdə ümumilikdə 19 yeni təlimçinin hazırlanması planlaşdırılır".
Onun sözlərinə görə, Mərkəzdə birmühərrikli (SEP) və ikimühərrikli (MEP) hava gəmiləri üzrə hazırlıq həyata keçirilir: "Birmühərrikli təyyarələrə "Cessna 172S" nümunə göstərilə bilər. Bundan əlavə, yeni "Diamond" tipli təyyarələrin alınması istiqamətində danışıqlar aparılıb. Planlara əsasən, 2027-ci ildə bir "Diamond" təyyarəsi və həmin tip hava gəmisi üçün bir simulyator istifadəyə veriləcək".
S.Quliyev cihazlarla uçuş (IR – "Instrument Rating") hazırlığının əhəmiyyətinə də toxunub. O bildirib ki, bu təlim pilotlara məhdud görünüş, buludlu və mürəkkəb meteoroloji şəraitdə əsasən bort cihazlarının göstəricilərinə əsaslanaraq uçuş həyata keçirmək bacarığı qazandırır: "Əvvəllər cihazlarla uçuş üzrə təlimçi hazırlığı üçün pilotlarımız xarici ölkələrə üz tutmalı olurdular. Lakin Mərkəz 2026-cı ildə bu istiqamətdə müvafiq səlahiyyət əldə edib. Artıq bütün tələblərə cavab verən pilotlarımızın ölkə daxilində hazırlanması və onlara müvafiq təlimatçı statusunun verilməsi mümkündür".
Mərkəzin rəis müavini əlavə edib ki, bu imkanların genişləndirilməsi yerli aviasiya mütəxəssislərinin hazırlanmasına, xaricdəki təlimlərdən asılılığın azalmasına və ölkənin pilot kadrları ilə təminatının gücləndirilməsinə xidmət edəcək.